Elm

Mikayıl Cabbarov çətin vəziyyətə düşdü… – faktlar təhsil nazirini necə təkzib etdi?

22-01-2016, 23:12
Mikayıl Cabbarov çətin vəziyyətə düşdü… – faktlar təhsil nazirini necə təkzib etdi?Hörmətli oxucular!

Öncə sizdən səbrinizi basıb internet üzərindən apardığımız ötəri axtarış nəticəsində qarşılaşdığımız və ölkə təhsilinin real durumu haqqında kifayət qədər təsəvvür yarada biləcək aşağıdakı bir neçə faktı oxumağınızı xahiş edirik. 


***


"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb… Buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 6229 nəfəri (21,65 faizi) ana dili fənni üzrə, 7746 nəfəri (26,74 faizi) riyaziyyat fənni üzrə "2" qiyməti alıb. Şagirdlərin 12 933 nəfəri (44,96 faizi) ana dili, 11 475 nəfəri isə riyaziyyat (39,61 faizi) riyaziyyat fənnindən ”3" qiyməti alıblar”.
(9 iyun, 2015, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatından)

***

"Daha bir kredit fırıldağı: məktəb direktoru saxlandı. Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə virtualaz.org saytına Sabirabad rayonundakı mənbələrdən məlumat verilib.
Xəbərdə deyilir ki, D.Mustafayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb.
Rayon sakinlərinin bildirdiyinə görə, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürüb. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əmək haqqından tuturmuş…”. 
(3 sentyabr, 2015, virtualaz.org)


***
"Bakının Səbayıl rayonundakı 23 saylı tam orta məktəbin direktoru İradə Rəhimli 
müəllimlərdən hər bir sinifdən 2 min manat pul yığmağı tələb edib. İ.Rəhimli öz qərarını yeni binanın tikilməsi ilə əlaqələndirib və bildirib ki, valideynlər uşaqlarının həmin binada oxumağını istəyirlərsə, qoy pul versinlər.  

Məsələ ictimailəşdikdən sonra Təhsil Nazirliyi faktı araşdırıb və İradə Rəhimli işdən azad olunub”
(13 sentyabr, 2013 tarixli KİV-lər)


***

"Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin müəlliməsi məktəb direktorunu rüşvətxorluqda ittiham edib. Məktəbin müəllimi Almas Nuriyeva bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, məktəbin direktoru Rəhim Hüseynov onu intihar həddinə çatdırıb.

Onun sözlərinə görə, R.Hüseynov məktəbə direktor təyin olunduğu gündən məktəb rüşvətxorluq mənbəyinə çevrilib… Nuriyeva hazırlıq aparan bütün müəllimlərin R.Hüseynova hər ay 50 AZN pul ödədiyini bildirib: "Mən I sinif götürərkən Rəhim Hüseynova 600 manat pul verdim. Amma bu il Rəhim müəllim məndən 2000 manat tələb edib. Mən 27 şagird yığmışam. Rəhim Hüseynov uşaqları bir-bir sinifdən uzaqlaşdırıb, sinifdə 17 şagirdim qalıb…” 

M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru R.Hüseynov isə APA-ya açıqlamasında bildirib ki, A. Nuriyevanın iddiaları əsassızdır.
(21 sentyabr, 2015-ci il, strateq.az)


***

"Laçın rayonundan məcburi köçkün Vüqar Ağayarov hazırda Bərdə rayonunda yerləşən Hacıxanımlı kənd tam orta məktəbində riyaziyyat müəllim işləyir.

Vüqar müəllim bundan əvvəlki iş yerindən, yəni Laçın rayon Ağgöl ümumi orta məktəbindən haqsız yerə azad olunmasından şikayət edir.

Onunla birlikdə məktəbdə xadimə işləyən həyat yoldaşı Sənəm Ağayarova da işdən qovulub. Vüqar Ağayarovun sözlərinə görə, onun və həyat yoldaşının işdən kənarlaşdırılmasına səbəb, məktəb rəhbərliyinin hər ay əmək haqlarından qanunsuz olaraq tutduğu məbləğə etiraz etməsi olub.
Şikayətçi Vüqar Ağayarov deyib ki, bizdən 82 manat tələb etmişdi: "82 manatdan başqa təhsil şöbəsində gedən işlər - şəbəkə təsdiq olunma prossesi və tarifikasiya məsələsi var. Məhz bunların da konkret qiymətləri var. Amma bu açıqlanmır, onu isə direktor özü müəyyən edir””.
(12 sentyabr, 2015-ci il, anspress.com)


***
"zərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən İsmayıllı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin auditinin nəticələri müzakirə edilib…

…Auditor V. Həsənov İsmayıllı rayon Təhsil Şöbəsinin (TŞ) fəaliyyətində aşkar edilmiş nöqsanların, əsasən, digər təhsil şöbələrinin işində də aşkarlandığını qeyd edib və bildirib ki, TŞ tərəfindən büdcə proqnozlarının tərtibinə əsaslı yanaşılmaması və zəruri amillərin nəzərə alınmaması səbəbindən bir çox xərc maddələri üzrə icra səviyyəsi aşağı olub, bəzi xərclər isə, ümumiyyətlə, istifadə edilməyərək büdcəyə qaytarılıb.

Auditor TŞ tərəfindən Nazirlər Kabinetinin müvafiq Qərarının bəzi tələblərinə əməl edilməyərək siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli ibtidai siniflərdə komplektləşdirmə aparılmaması nəticəsində artıq sinif komplektlərinin saxlanılması hallarına yol verildiyini, bir sıra hallarda əmək haqqı dərəcələri və əlavələrin düzgün hesablanılmadığını, evdə fərdi təhsilə cəlb olunmuş uşaqların yay tətili dövründə də məktəbə aparılıb-gətirilməsi üçün büdcə vəsaitinin xərcləndiyini bildirib.

Eyni zamanda diqqətə çatdırılıb ki, xərclər smetasında nəzərdə tutulmadığı halda, TŞ tərəfindən funksional fəaliyyətlə əlaqəsi olmayan bir neçə istiqamət üzrə dövlət vəsaiti xərclənib, artıq ezamiyyə xərcinə yol verilib, malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan bir mənbədən satınalma metodundan istifadə edilib, satınalma proseduru keçirilmədən vəsait xərc edilib.

Auditor İsmayıllı rayon Təhsil şöbəsi tərəfindən mühasibat uçotunun Milli Standartlara uyğun aparılmadığını, maliyyə hesabatlarının tərtibi zamanı bir sıra nöqsanlara yol verildiyini, o cümlədən təsərrüfat fəaliyyətinin nəticələrinin bəzi hallarda hesabatlarda düzgün əks etdirilmədiyini, inventar və mal-materialların uçotunun düzgün sənədləşdirilmədiyini qeyd edib”.
(10 dekabr, 2015-ci il, trend.az)


***

"X-XI siniflər üçün "Ədəbiyyat nəzəriyyəsi” dərsliyi neçə illərdir ki, heç bir dəyişiklik edilmədən təkrar-təkrar nəşr olunur. Bu kitab uzun illərdir ki, hər dərs ilinin başlanğıcında təsdiq olunur  və Təhsil Nazirliyinin müvafiq şöbəsi şagirdlərə verdikləri dərsliyin içinə baxmır ki, bəlkə, nəsə əlavə edək, nəyisə dəyişək, nəyisə çıxaraq.   Bu kitabda qulaq qafiyəsi haqda yazılıb: "Qafiyə bəzən sözlərin tələffüzcə, yazılışca yaxınlığından yox, eşitmə oxşarlığından, sədasından yaranır” (səh. 26). Bu fikir dolaşıq olduğundan gülməli alınıb. Çünki həmin cümlədən belə çıxır ki, guya tələffüzcə yaxınlıq ayrı şeydir, eşitmə yaxınlığı, oxşarlığı başqa şey. Məgər sözlər qulaqla eşidilmir? Bəlkə, burun və ya gözlə eşidənlər var, xəbərimiz yoxdur? " 
(21 oktyabr, 2015, teleqraf.com)


***

"Dünyanın nüfuzlu elm və təhsil mərkəzlərinin dünya reytiqini hər il işləyib açıqlayan "Times Higher Education” bu ildə eyni hesabatını açıqlayıb. Dünyanın 110-dan artıq ölkəsinin 20.000-dən yuxarı universitetinin bur sıra meyarlar üzrə hesabalanan reytinqinin nəticələri hər il dünyada maraqla gözlənilir. Onu da qeyd edək ki, reytinqin işlənməsində İngiltərənin tanınmış "Tomson Röyters” xəbər agentliyi də "Tayms”a informasiya dəstəyini göstərir…

Reytinq cədvəlinə görə, Cənubi Qafqazda yerləşən Gürcüstan və işğalçı Ermənistan müvafiq olaraq 80 və 102-ci yerlərdə qərarlaşıb. Azərbaycan sə bu strateji yarışmada bütün qonşularına uduzaraq təhsilinin səviyyəsinə görə dünya reytinqində 132-ci yerdə qərarlaşıb…”
(11 oktyabr, 2014-cü il, deyerler.org)


***

"İqtisadçı-ekspert Rövşən Ağayevin "Yeni Müsavat”a açıqlamasına görə, beynəlxalq donorların ölkəmizdə tikdiyi eyni ölçülü məktəb binalarının dəyəri nəinki, yerli icra başçılarının, hətta Təhsil Nazirliyinin inşa etdiyi məktəblərin dəyərindən dəfələrlə ucuz olur. 2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Bakının Xəzər rayonunun Yeni Qala qəsəbəsində tikilmiş 20 siniflik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəbi Azərbaycanın Təhsil Nazirliyinə təhvil verdi. Həmin məktəb 300 min dollara (255 min manata) başa gəlib. Bir sinif otağına çəkilən xərc 15 min dollar (12,7 min manat), bir şagirdə düşən xərc 750 dollar (638 manat) təşkil edib.
Bu hazırda Təhsil Nazirliyinin büdcənin pulu ilə Qəbələdə tikdiyi təxminən eyni ölçülü məktəbdən 6 dəfə (bu məktəb 1,5 milyon manata başa gəlib), icra hakimiyyətlərinin "standart”larından isə 12 dəfə ucuzdur. Özü də səfirliyin tikdiyi məktəbin hər cür təchizatı var - o, istilik sistemləri və 20 tonluq su çənlə də təchiz edilib…”
(musavat.com, 15 fevral, 2014-cü il)


***

Bir daha qeyd edək: bunlar internet üzərindən apardığımız əlüstü axtarışın nəticələridir, geniş axtarış apardıqda bu cür faktların yüzlərlə olduğunu söyləmək mümkündür.

Soruşacaqsınız ki, bəs həmin faktları sizə xatırlatmaqda məqsədimiz nədir?

Məsələ burasındadır ki, bir neçə gün əvvəl Londonda ənənəvi Dünya Təhsil Forumu keçirilib və orada çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib: "Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur”.
 
Əlavə sözə, şərhə ehtiyac yoxdur.

Odur ki, ölkə təhsilinin gerçək durumunu gözlər önünə sərən yuxarıdakı faktlarla təhsil nazirinin dediklərini müqayisə edib son nəticə çıxarmağı sizin -  hörmətli oxucuların öz ixtiyarına buraxırıq. 

İlkin Hüseynli
Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]