Analitika

Seçki debatı yoxsa klanların qarşıdurma arsenalı? - efirdə iqtidar dalaşır...

7-04-2018, 16:47
Hakimiyyət daxilindəki qruplaşmaların çəkişmələri seçki debatları müstəvisinə qalxıb. Efirdən canlı yayımla 9 milyonluq xalqın qarşısında ayrı-ayrı nazirlərin, məmurların adlarının çəkilməsi, hədəfə alınması klanlararası qarşıdurmanın təzahürləridir.Anaxeber.Az yazır ki, prezidentliyə namizədlər arasında iqtidarın fərqli qanadlarına bağlı olanlar var. Onların seçkidə iştirakı təkcə siyasi motiv daşımır, eləcə də qrup maraqlarından çıxış etmək missiyaları var.5 ildə bir dəfə ələ düşən bu fürsətdən istifadə etməklə hakim komanda içərisində gözümçıxdıya salınan məmurlar 9 milyonun önündə ifşa edilir.Son debatlarda Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, elə həmin canlı yayımda olan Baş nazirin müavini Əli Əhmədov, maliyyə naziri Samir Şərifov və başqa məmurlar haqda tənqidi fikirlər səslənib, faktlar açıqlanıb. Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Zahid Oruc və Sərdar Cəlaloğlunun çıxışlarında məmurların daha çox hədəfə alınmasını görmək olar ki, bu da namizədlərin bağlı olduqların siyasi klanların kimliyini aktuallaşdırır. Əslində, seçkilərin növbədənkənar təyin olunması da məlum siyasi qruplaşmanın maraqlarına uyğun idi. Referendumdan sonra vitse-prezidentlik institunun təsis olunması ilə bu klanın dalağı sancmışdı. Hətta son ana qədər bəlli deyildi ki, hakim partiyanın namizədi İlham Əliyev olacaq yoxsa hakimiyyət daxilindən başqa namizəd. Ona görə də həm seçkinin erkən keçirilməsi, həm namizədin İ.Əliyev olması bu siyasi klanın gücünün möhkəmləndiyini ehtiva elədi. Ardınca seçki iştirak edən namizədlərin əksəriyyətinin sözügedən siyasi qanada bağlılığı göstərdi ki, debatlar da ənənəvi klanın diktəsi altındadır. Namizədlər isə canlı yayımla ənənəvi klanın nişangahına gələn məmurları “vururlar”. Məsələn, Şeyxə qarşı kampaniyanın efirə qədər daşınması ciddi rezonans doğurdu.Hətta özü belə deyilənlərə reaksiya verməli oldu. Çünki kağız və ya elektron mediada yazılanların effekti ilə televiziyanın təsir imkanları çox fərqlidir. Şeyx isə birbaşa İ.Əliyevə çıxışı olan dövlət xadimi olduğu üçün hesablaşmadığı siyasi qrupların hədəfindədir. Eyni zamanda Eldar Mahmudov, Fazil Məmmədov eks-nazirlər olsalar belə, efirdə onların ölkədə milyardlar çıxardığına dair faktlar ilk dəfə səslənir. Bunun ictimai təpkisini hesablayaraq dilə gətirirlər. Yəni, cəmiyyət xalqın pullarını talayıb ölkədən çıxaran korrupsionerlərin əməllərinə necə qarşılayacaq. Bu bir nəbz yoxlamasıdır. Anaxeber.Az yazır ki, bütövlükdə seçki debatlarını daha çox klanların qarşıdurma meydanı kimi də qiymətləndirmək olar. Hətta hər hansı vəzifəli şəxsin efirdən “vurulmasını” seçkilərdən sonra yola salınacağına bir hazırlıq da söyləmək olar. O baxımdan namizədlər həm də efirdə mənsub olduqları siyasi kanalın göstərişlərini yerinə yetirirlər. Kor-kor, gör-gor ki, namizədlərin əksəriyyəti köhnə “cib” müxalifətidir.Onların bir çoxu seçki təşviqatında nə platformalarını açıqlayır, nə hakim partiya namizədini tənqid edir, nə də öz təbliğatını aparır. Sadəcə, həmin namizədlər iqtidar partiyasının namizədinə qahmar çıxır, ona səs verməyə çağırış edir, boykota gedən müxalifəti xarici qüvvələrə işləməkdə ittiham edir., Avropadakı kampaniyaya cavab verir və çıxışını yekunlaşdırır.Bundan sonra istisna namizədlər var ki, hər debatda bir məmuru 9 milyonun qarşısında rüsvay edirlər. 2018-ci il seçkiləri eynilə 10 il qabaqkı 2008-ci ilin prezident seçkilərini xatırladır. Müxalifət boykot qərarı vermişdi, prezidentliyə alternativ namizədlər iqtidar “mətbəx”ində düzəldilmiş siyasətçilər idi, cəmiyyətdə süstlük müşahidə olunurdu və tam sükutla bir seçki keçirildi.Sadəcə, “cib müxalifəti” beynəlxalq aləm qarşısında gözdən pərdə asmaq üçün yaradılmış bir “institut”dur. Konkret, bu “müxalifətçilər” hakimiyyətin siyasətinə alternativ qoymurlar, əksinə, onu dəstəkləyirlər.Qarşıdakı günlərdə keçiriləcək debatlarda isə daha hansı nazirlərin, komitə sədrlərinin tənqid olunacağını yalnız iqtidar kluarlarında müəyyənləşdirirlər. Görünən budur ki, seçki ənənəvi klanın nəzarəti altında keçirilir və islahatçı qanad olan yeni qruplaşma yenə də prezident seçkilərinə müdaxilə edə bilmir. Yəni, referendum Bakı qruplaşmasının layihəsi idisə, aprel seçkisi Naxçıvan klanının revanşı adlana bilər. Bu isə o deməkdir ki, ənənəvi qvardiyanın nazirləri, məmurları istefaya göndərilmək “təhlükəsi”ndən buxovlanaraq qorunacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]