Xəbərlər / Şikayət

“AtaSığorta”da skandal - sığorta fırıldağı

6-12-2017, 13:37
“AtaSığorta”da skandal - sığorta fırıldağı
Şirkətin icbari sığorta etdiyi avtomobilə cərimə gəldi

“Yeni Müsavat” qəzetinin redaksiyasına “AtaSığorta” şirkəti ilə bağlı şikayət daxil olub. Şikayətin məğzi budur ki, müştərinin icbari sığorta üçün ödədiyi pulu mənimsənilib, əvəzində isə avtomobil sığorta edilməyib. Bununla bağlı qəzetimizə müraciət edən Emin Quliyev adlı şəxs deyir ki, noyabr ayının 8-də “Hyundai Santa Fe” markalı avtomobilini icbari sığorta etdirmək üçün “AtaSığorta” şirkətinə müraciət edib.

Şirkətin əməkdaşı təyin olunan yerdə Emin Quliyevlə görüşərək, ondan nağd qaydada 90 manat ödəniş alıb və sığorta nişanını və nömrəsini təqdim edib. Şirkət əməkdaşı bildirib ki, noyabr ayının 18-də avtomobilin icbari sığortasının müddəti bitən kimi, sığorta müqaviləsi sistemə yerləşdiriləcək.

Şikayətçinin sözlərinə görə, bundan sonra ona avtomobilin icbari sığorta edildiyini bildirən SMS gəlməyib. Lakin vətəndaş heç nədən şübhələnməyərək, avtomobilinin sığorta edildiyindən əmin olub. Noyabrın 20-də isə Emin Quliyevə DYP-dən avtomobili icbari sığortasız idarə etdiyinə görə, cərimə protokolu gəlib və 50 manat cərimə edildiyi bildirilib. Yalnız bundan sonra məsələnin üstü açılıb.

Müştərinin şikayətindən sonra “AtaSığorta” şirkətinin baş ofisi məsələyə müdaxilə edib, cəriməni ödəməyə və avtomobili sığorta etdirməyə söz verib. Eləcə də, Emin Quliyevdən nağd şəkildə ödəniş edən əməkdaş işdən kənarlaşdırılıb.

Buna baxmayaraq, şikayətçi digər vətəndaşların da belə bir halla üzləşməməsi üçün məsələni ictimailəşdirmək qərarına gəlib.

Sözügedən skandala aydınlıq gətirmək üçün “AtaSığorta” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin özünü təqdim etməkdən imtina edən əməkdaşı sualımızı eşitdikdən sonra cavab verdi ki, bu müştəri ilə bizim aramızda olan məsələdir və həll etməyə çalışırıq. Ardından “Bunu mətbuatda işıqlandırılmasına nə ehtiyac var ki? ” – deyə telefonu söndürdü. Şirkətin baş ofisi ilə əlaqə saxlamaq cəhdlərimiz də nəticə vermədi.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sığorta ilə bağlı müştəridən nağd ödənişi qəbul edən “AtaSığorta” əməkdaşı, sadəcə olaraq, dələduzluq edib: “Əgər sığorta şirkətinin əməkdaşı həmin nağd pulu hesaba köçürtsəydi, müqavilə bağlanardı. Sığorta qaydalarında belədir ki, sığorta şirkətləri müqaviləni ödəniş olmadan bağlanmış saymırlar. Bağlanmış sayılmadığına görə də DYP-nin sistemində avtomobilin icbari sığorta edildiyi görünmür. Ona görə də ona elektron cərimə protokolu göndərilib. Problem şirkət əməkdaşının yol verdiyi dələduzluğun üzərindədir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]