Əsas Səhifə / İslam

Bu gün Aşuradır

20-09-2018, 16:44

Bakıda və regionlarda qana ehtiyacı olan xəstələr üçün qanvermə aksiyaları olacaq

Bu gün Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq. Bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Aksiyalar aşağıdakı ünvanlarda olacaq:

Bakı şəhəri üzrə:

- Binəqədi rayonu “İmam Əli məscidi”,
- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,
- Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
- Nizami rayonu “Şah Abbas məscidi” ,
- Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”,
- Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
- Suraxanı rayonu “Qaracuxur məscidi”,
- Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”.

Regionlarda

- Gəncə şəhəri “İmamzadə kompleksi”,
- Lənkəran şəhəri “Böyük bazar məscidi”,
- Mingəçevir şəhəri “Heydər məscidi”,
- Sumqayıt şəhər “Cümə məscidi”,
- Şəki şəhəri “İmam Əli məscidi”,
- Mərkəzi Qan bankının Şırvan bölməsi,
- Ağcabədi Mərkəzi rayon xəstəxanası,
- Beyləqan Mərkəzi rayon xəstəxanası,
- Bərdə rayonu “Bərdə İmamzadəsi”,
- Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı),
- Cəlilabad Mərkəzi rayon xəstəxanası,
- Xaçmaz şəhər məscidi,
- Ağsu rayon mərkəzi xəstəxanası,
- Qan bankının Quba bölgəsi,
- Masallı şəhər Cümə məscidi.

Aksiyalar səhər 9:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]