İqtisadiyyat

Manatın ucuzlaşması biznes mühitinə necə təsir edir? - təhlil

15-11-2016, 21:31
Manatın ucuzlaşması biznes mühitinə necə təsir edir? - təhlil
Dolların məzənnəsi yenidən tez-tez dəyişməyə və qıtlaşmaya başlayıb. Bu sahibkarlığa əlavə risk yaratmaqla real sektora zərər edir və investisiyalar azalır. Bizneslərin gözləntilərini və transaksiya xərclərini artırmaqla isə ümumi qiymətləri artırır və istehlakçılara zərər edir. Burada udan tərəf yalnız məzənnəni təyin edən kiçik qrup ola bilər ki, onun da uduşu valyuta spekulyasiyası vasitəsilə, yəni bazarın digər iştirakçıları hesabına ola bilər.

Dolların qiymətinin bu il yaydakı kimi, tədricən artması da artan gözləntilər yaradır, biznes transaksiyalarda qəsdən ləngitmələrə səbəb olur, bankların MB-dən manatla ucuz borclanaraq dollarları yığmasına və valyuta bazarında əngəl yaratmasına, manatın yığım funksiyasını itirməsinə və dollarlaşmaya səbəb olur. Bazardakı irəli-geri dəyişmələr bazar qiymətinin göstəriciləri deyil, amma istehsala və qiymətlərə zərər edir. Əslində isə, MB bizneslər üçün əlavə risk yaratmalı deyil, əksinə onların qeyri-müəyyənliklərini azaltmalıdır.

Odur ki, məzənnə siyasəti üzrə maksimum müəyyənlik üzərində qurulmalıdır. Başqa sözlə, bu problemlərin həlli üçün, MB dolların uzunmüddətli qiymətini təyin edərək və bazarda olan fluktuasiyaları öz valyuta rezervlərini yastıq kimi istifadə etməklə üzərinə götürərək sabit məzənnə rejiminə keçməlidiir. 

Belə olarsa, MB-nin və Palatanın üzərinə fiskal məlumatları və idxal-ixrac tendenisyaları izləməklə manatın üzərinə düşən yükün uzunmüddətli proqnozlarını vermək, uzun müddətə düzgün orta qiymət müəyyən edib məzənnə seçmək düşür. Öz siyasətinə uzunmüddətli sadiq qala bilmək və risklərdən sığortalanmaq üçün MB məzənnəni konsrvativ seçə bilər ki bu həm də manatı zəiflətməklə real sektora qlobal bazarda rəqabət üstünlüyü qazandırar. 

Məzənnəni daha uzun müddətə qoruya bilmək üçün MB həm də Maliyyə nazirliyi ilə monetar və fiskal siyastlərin harmoniyasına (policy mix) nail olmalıdır. Yəni, təkcə MB nəzərə almalı deyil, həm də büdcə hazırlanması prosesində və Neft fondundan transferlərin miqdarının tənzimlənməsi manata olan təzyiq nəzərə alınmalıdır.

Elçin Rəşidov, 
iqtisadçı-ekspert

Administratorla əlaqə

077 611-55-22

[email protected]