Siyasət

Partiya sədri Trampla görüşəcək

14-11-2016, 19:10
«Trampa ünvanladığım təbrik məktubunda onunla tezliklə görüşmək arzusunda olduğumu qeyd etdim».

Bunu Avrasiya.net-ə ABŞ-ın siyasi çevrələri, Dövlət Departamenti və Konqresi ilə sıx əməkdaşlıq edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Partiya sədri onu da bildirib ki, Donald Trampın seçilməsi onun üçün gözlənilən idi: "Azərbaycanda mən bəlkə yeganə siyasətçiyəm ki, Trampın qələbə gələcəyi proqnozunu vermişdim. ABŞ-da olarkən hələ partiyadaxili seçkiləri izləyərkən Trampın ən şanslı namizəd olduğunun şahid olmuşdum. Mən bir amerikalı siyasətçi dostumla mərc etmişdim ki, Tramp partiyadaxili seçkilərdə qalib olarsa, partiyanın namizədi olarsa onda o, prezident seçiləcək. O isə inanmırdı. Belə də oldu. Tramp biznes adamıdır və bizneslə məşğul olanların problemlərilə yaxından tanışdı. Məhz ona görə onun seçki qabağı proqramında o biznes mühitinin yaxşılaşmasına, müəyyən vergilərin azalmasına, import vergilərin qaldırılması və paralel olaraq istehsal olunan malların maya dəyərinin aşağı salmaqla və s. kimi təkliflər irəli sürdü. Və seçkilərin nəticələri onu göstərdi ki, bundan öncəki seçkilərdə iştrak etməyənlər bu seçkilərdə çox aktiv oldular və Trampa səs verdilər”.

F.Əliyev onu da vurğulayıb ki, Tramp ABŞ-ən xarici siyasətində də müəyyən dəyişikliklər edəcək: "İlk növbədə hesab edirəm ki, Rusiya ilə münasibətlər bərpa olunacaq. Çinlə əlaqələrin yaxşı olmasına çalışacaq. Avropa ölkələrilə, əsasən NATO çərçivəsində münasibətlərin dərinləşməsinə gedəcək. Amma bir şey yaddan çıxarmayaq ki, ABŞ həqiqətən də demokratik ölkədi və kimin prezident seçilməsinə baxmayaraq o, öz istədiyi kimi ölkəni idarə edə bilməyəcək. Çünki orada müstəqil parlament və məhkəmə sistemi mövcuddur. Prezident istənilən layihəni həyata keçirmək üçün mütləq parlamentin razılığını almalıdır. İstənilən qanun layihəsi, təklif və yaxud təklif olunan proqramlar Konqresdə müzakirə olunandan sonra səsə qoyulur və səs çoxluğu ilə qəbul olunur. Mən ABŞ-da olanda prezident Obamanın irəli sürdüyü bəzi qanun layihələrinin Konqresdə səs çoxluğu qazanmamasının şahidi olmuşam. Regional konfliktlər azalacaq. Dünya bu hərbi münaqişələrdən yorulub. Əgər Obama hakimiyyəti dövründə ABŞ Yaxın və Orta Şərq ölkələrinə "demokratiya”nı hərbi yolla gətirirdisə,Trampın dövründə bu ölkələrdə əsl demokratik cəmiyyət qurulacaq”. 

ALDP sədri bütün bunları Trampa ünvanladığım təbrik məktubunda qeyd etdiyini də deyib: "Respublikaçılarla yaxın tanışlığım var. ABŞ-da olarkən onlarla tez-tez görüşürdüm. Bir müddətdən sonra ABŞ-a yenidən səfər etməyi düşünürəm. Ümid edirəm ki, Trampın özü ilə də olmasa, ona yaxın respublikaçılarla yenidən görüşəcəm. Amma ABŞ-ın 45-ci prezidenti ilə görüşmək arzum da var ki, bunu ona yazılı müraciətimdə də bildirmişəm ”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]