Siyasət

Netanyahu Bakıya, Ruhani İrəvana - iki sürpriz səfər, bir kritik gözlənti

14-11-2016, 18:53

Rəqib dövlətlərin birinci şəxslərinin bölgəyə səfəri Azərbaycana nə vəd edir? Səfər ərəfəsi İsrailin ölkəmizə "Dəmir günbəz” satdığı təsdiqlənir; Bakı Təl-Əvivdə səfirlik açıb, qarşılığında İranla viza rejimini ortadan qaldıra bilər... 

 

Türkiyə və Pakistan Azərbaycana əsas dost və strateji müttəfiq dövlətlər olaraq qalır. Strateji tərəfdaş ölkələr sırasında isə sözsüz ki, İsrail öndə gəlir desək, yanılmarıq. Xüsusən də Azərbaycanla bu ölkə arasında son illər hərbi-texniki sahədə qurulan əməkdaşlıq xeyli inkişaf edib. 

Silahlı Qüvvələrimiz İsraildən alınan müasir hərbi texnika və sistemlər, yüksək və dəqiq hərbi texnologiyalar, həmçinin də bu hərbi texnologiyaların bəzilərinin (məsələn, pilotsuz uçan təyyarələr - kamikadze-dronların) yerli istehsalının təşkili hesabına xeyli modernləşib, az qala düşmən ölkənin yuxusunu qaçırıb. Çünki işğalçı Ermənistanın belə müasir hərbi texnika və sistemləri almağa maliyyə imkanı yoxdur, ikinci yandan, olsa belə, Rusiya ona icazə verməz.    

*****

Ordumuzdakı son modernləşmə və inkişaf aprel döyüşlərində özünü qabarıq şəkildə göstərərək, düşmən tərəfdə əməllicə vahimə yarada bildi. Hətta Rusiyanın özündə, onun hərbi ekspert dairələrində Azərbaycanın aprel uğuru, ildırımsürətli hərbi manevrləri təəccüb və narahatlıq doğurmuşdu. 

Təbii ki, Azərbaycan bununla kifayətlənmək fikrində deyil. İşğal faktı durduqca o, qardaş ölkələr - Türkiyə və Pakistan, habelə İsrail kimi bizə dost-tərəfdaş ölkələr hesabına öz hərbi parkını gücləndirməkdə davam edəcək. Bu yöndə İsraillə hərbi əlaqələrin məxsusi yeri var təbii ki. 

Təl-Əvivlə həcmi artıq milyardlarla dollarla hesablanan hərbi-texniki  əməkdaşlıq ilbəil genişlənməkdədir. Bu əməkdaşlığın bir təzahürü də Bakının İsraildən "Dəmir günbəz” və ya "Sehrli çubuq” adlanan və ermənilərin qorxulu röyası sayılan müasir raket əleyhinə müdafiə sisteminin əldə eləməsi barədə neçə vaxtdır yayılan informasiyaların öz təsdiqini tapmağa başlamasıdır. Belə ki, İsrailin "İsrael Hayom” nəşrinin hərbi dairələrə istinadən yaydığı xəbərə görə, Azərbaycan İsraildən bir neçə batareya "Dəmir Günbəz” raketdən müdafiə sistemi ("Iron Dome”) almağı planlaşdırır.



Xatırladaq ki, Azərbaycanın İsraildən "Dəmir Günbəz” sistemlərini alacağı haqda məlumatı ilk dəfə deputat Yevda Abramov yerli mətbuata açıqlamasında demişdi. O zaman bu açıqlama geniş rezonans doğurdu, o cümlədən Ermənistanda ciddi təlaş yaratdı. Lakin nə İsrail, nə Azərbaycan rəsmi qaynaqları Abramovun dediklərinə o zaman şərh verməmişdi. İndi isə məsələ İsrail baş naziri Benyamin Netanyahunun ilin sonuna Azərbaycana planlaşdırılan səfəri ərəfəsində yenidən gündəmə gəlib. 

Bəzi İsrail KİV-ləri Netanyahunun səfəri zamanı bu məsələnin müzakirə olunacağını yazıb. Lakin xəbər başqa müstəqil mənbələrdən təsdiqlənməmişdi. "İsrael Hayom” bildirir ki, Azərbaycana "Dəmir Günbəz”in satılacağına dair məlumatı noyabrın 10-da dəqiqləşdirib. "Azərbaycan bir neçə  ”Dəmir Günbəz" raketdən müdafiə sistemi batareyası almağı planlaşdırır" - mənbə vurğulayıb.

***** 

Məlumat üçün bildirək ki, sözügedən raketdən müdafiə sistemlərini İsrailin "Rafael Advanced Systems” şirkəti istehsal edir, təyinatı 4 kilometrdən 70 kilometrə qədər məsafədə kiçik mənzilli raketləri və artilleriya mərmilərini zərərsizləşdirməkdir. Azərbaycanın İsraildən bu sistemləri alması məsələsi Rusiyanın Ermənistana 300 km mənzilli "İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra aktuallaşıb. 
Bu sistemlərin operativ-taktiki raketlərə qarşı necə işlədiyi məlum deyil. Lakin ekspertlərə görə, hələ təkmilləşməkdə olan həmin sistemin bir çox göstəriciləri məxfidir və tamamilə mümkündür ki, "Dəmir Günbəz” "İsgəndər” tipli raketləri də hədəfə çatmamış neytrallaşdıra bilər.

Image result for

"İsrael Hayom” yazır ki, Azərbaycanın bu sistemləri almaq niyyəti Netanyahunun dekabrda Bakıya edəcəyi səfər ərəfəsində açıqlanıb. Səfər əhalisinin əksəriyyəti şiə olan İranla həmsərhəd ölkə ilə bütün sahələrdə əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. 
Sayt onu da qeyd edib ki, son illər bir neçə yüksək vəzifəli İsrail rəsmiləri, o cümlədən keçmiş müdafiə naziri Moşe Yalon və indiki müdafiə naziri Aviqdor Liberman Bakıya səfər ediblər (Liverman Azərbaycanın dostları və lobbiçilərindən sayılır).

Image result for dəmir gümbəz

"Bəzi mənbələr bildirir ki, Azərbaycanla İsrail arasında bir neçə milyard dollarlıq yeni silah sövdələşməsi üzərində hazırlıqlar başa çatmaq üzrədir. Hansı ki, bu sövdələşmə çərçivəsində İsrail Azərbaycana sahil mühafizə katerləri, pilotsuz uçan aparatlar, raketdən müdafiə sistemləri və digər hərbi sistemlər verəcək” - sayt sonda əlavə edib.

***** 

Image result for Ruhani

Maraqlıdır ki, təxminən eyni vaxtda İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri nəzərdə tutulub. Noyabrın əvvəlində İranın Ermənistandakı səfiri Seyid Kazem Sacadi 1 in.am saytına açıqlamsında səfərin tezliklə reallaşacağını müjdələmişdi. "İranın Ermənistanla dostluq münasibətləri var və müəyyən edilmiş vaxtda səfər baş tutacaq. Həsən Ruhaninin Ermənistana ziyarəti ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirəcək və dərinləşdirəcək”, - deyə diplomat qeyd eləmişdi.

Bu yerdə onu da qeyd edək ki, təqribən ayyarım öncə - Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Tehran səfəri çərçivəsində, yəni faktiki, Ruhaninin səfəri öncəsi İran və Ermənistan arasında viza rejimi götürülüb. Azərbaycanla İran arasında isə, bəlli olduğu kimi, belə bir rejim hələ qalır. 

Bəzi siyasi müşahidəçilərə görə, İsrail baş nazirinin Bakı səfəri Ruhaninin İrəvan səfərinə Azərbaycan üçün müəyyən mənada cavab effekti daşısa da, hər halda rəsmi Tehranın bundan daha çox qıcıqlanacağı şəksizdir. Üstəlik, Natanyahunun Bakı danışıqlarının daha bir nəticəsi olaraq, Təl-Əvivdə Azərbaycan səfirliyi açılarsa, İranın rahatsızlığını təsəvvür eləmək çətin olmaz. O üzdən hesab edilir ki, Bakı səfirlik açılması ilə eyni vaxtda Tehranla viza rejimini nəhayət, aradan qaldırmaqla, cənub qonşumuzun qıcığını xeyli yumşaldıla bilər.

Image result for Baku

*****  
 
Beləliklə, ilsonu Azərbaycanın episentrdə olacağı iki mühüm, sürpriz hadisə gözlənilir - Netanyahu Bakıya, Ruhani İrəvana gedəcək. Bu iki kritik səfərin ortaq mövzusu isə Azərbaycandır. Söhbət Azərbaycan uğrunda, ona təsir imkanları əldə eləmək uğrunda rəqabətdən gedir. Bu səfərlərdən Azərbaycan-İran, Azərbaycan-İsrail münasibətlərinin hansı stimul qazanacağı isə Bakının siyasi-diplomatik gedişlərindən də asılı olacaq. 
Bir şey dəqiqdir ki, işğalçıya layiqli cavab verilməsi, ölkəmizin etibarlı müdafiə qalxanının və daha güclü hərbi potensialının yaradılmasında İsraillə hərbi əməkdaşlığımızın alternativi yoxdur. Demək, bu amil Azərbaycan üçün bütün hallarda prioritet olmalıdır. Yəqin ki, belə bir imperativi rəsmi Tehran da anlayır.  

Şübhəsiz ki, böyük qonşu kimi İranla əlaqələrimizin yaxşı səviyyədə saxlamalıyıq. Ancaq bundan da önəmlisi Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür. Öncə ərazi bütövlüyümüz, öncə Qarabağ! Bu məsələdə isə İsraillə hərbi əməkdaşlıq xüsusi dəyər daşıyır. Tehran bu əlaqələrə görə bizi qınaya bilməz, ən azı o səbəbə ki, özü müsəlman Azərbaycanın işğala məruz qalmasını ciddiyə almadan Ermənistanla illərdir isti əlaqələr qurub - müsəlman və qardaş Türkiyədən fərqli olaraq...

Analitik xidmət

Administratorla əlaqə

077 611-55-22

[email protected]