Lənkəranda dini mağazalarda reyd keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi ilə birgə dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan mağazalarda reyd keçirib.
Reydlər Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazanı əhatə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, baxış keçirilən mağazalardan hər 3-də onların icazəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb.
Bununla yanaşı, mağazaların ikisindən ümumilikdə müvafiq razılığı olmayan 93 nüsxə dini təyinatlı ədəbiyyat aşkarlanaraq müsadirə edilib. Hər iki mağaza barəsində protokol tərtib olunub.
Digər mağaza sahibinə isə şifahi xəbərdarlıq edilib. Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb.
Komitənin məlumatında qanun pozuntularının aşkarlandığı bildirilən mağazaların adları açıqlanmır.
Həmin mağazaların tutulan iradlara münasibəti də, hələlik, ictimaiyyətə bəlli deyil.