Gündəm

Ekspertlər Abid Şərifovu “batıran” etirafdan danışdılar

11-11-2016, 14:11

Baş nazirin müavininin paytaxtın kanalizasiya sistemi barədə dedikləri narazılıqla qarşılanıb; günahkar kimdir? 

 

Paytaxtın kanalizasiya sisteminin bərbad, köhnə və keyfiyyətsiz olması uzun illərdir müzakirə mövzusudur. Lakin bu illər ərzində kanalizasiya sisteminin yenilənməsinə cəhd edilməyib. Üstəlik, bir çox yaşayış massivlərində  kanalizasiya sisteminin olmaması yağış yağan kimi paytaxtda acınacaqlı durum yaradır. Ekspertlər bununla bağlı bir sıra qurumların və rəhbər şəxslərin məsuliyyət daşıdığını bildirsələr də, rəsmilər məsuliyyətsizliklərinə səbəb göstərmirlər. 

Son olaraq baş nazirin müavini Abid Şərifov kanalizasiya sistemi barədə danışıb və hər yağışdan sonra baş verən problemlərdə rəsmi qurumları günahkar hesab etməyib. Əksinə, o bildirib ki, şəhərin kanalizasiya kollektoru yoxdur və bunun salınması da külli miqdarda vəsait tələb edir. Üstəlik, bunun üçün paytaxtın bütün yolları sökülməlidir. Son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirən baş nazirin müavini ölkə.az-a açıqlamasında deyib ki, paytaxtda yaranan bu cür problemlərin səbəbi Bakı şəhərində yağış kanalizasiyasının olmaması ilə əlaqədardır.

Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur: "Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır? Yaxud da dünyada təkcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır deyil? Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır. Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çaşdırıcı məlumatlar yayır. Bakıda yağışlar yağan zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda həmin vaxt cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də onda salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb. İndi isə Bakı sürətlə inkişaf edir. Ancaq Bakının kanalizasiya xətləri indikindən bir neçə dəfə az saylı əhali üçün salınmışdı. Əgər yağış yağırsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar? İndi Bakıda yağışdan sonra yaranan bütün problemlərin kökündə də məhz bu amil dayanır”.

Image result for Abid Şərifov

A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan deyil: "Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Yeri gəlmişkən, cənab prezident İlham Əliyevin tapşırığı ilə bununla bağlı müvafiq layihələr və onun iqtisadi əsaslandırmalar hazırlanır. Bura Bakı şəhərinin kanalizasiya xətlərinin dəyişdirilməsi məsələsi də daxildir. Artıq paytaxtın kanalizasiya xətlərinin təqribən 70 kilometrə yaxın hissəsi yenilənib. Bu kanalizasiya yerin altı ilə tunellərlə gedir və heç kəs də onu görmür. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Yəqin ki, bunun icrasına yaxın illərdə başlanılacaq. Bundan sonra isə Bakının kanalizasiya xətlərinin yenidən qurulması işlərinə başlanılacaq. İndi Bakıda elə yerlər var ki, oradan keçən kanalizasiya xətləri 30 metr dərinlikdə yerləşir”. 

Ekspertlər isə bildirirlər ki, bu problemdə Abid Şərifovun da günahı və məsuliyyəti böyükdür. Çünki illər əvvəl boş ərazilərdə tikinti aparılarkən, evlər tikilərkən, kanalizasiya sisteminin əvvəlcədən salınmasına nəzarət etməli olan şəxslərdən biri də məhz A.Şərifovdur. Tikintiyə icazə kimi məsələlərdə onun da məsuliyyəti olduğundan, kanalizasiya xətti çəkilməmiş ərazilərdə evlərin tikilməsinin qarşısını ala bilərdi.

Image result for Ekspert Natiq Cəfərli

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində Abid Şərifov yeni seçki qazanıb hökumət qurmuş bir qurumun nümayəndəsi kimi danışıb: "Sanki özü 20 ilə yaxındır ki, Nazirlər Kabinetində yüksək vəzifə tutmur. Əgər belə bir şərait yaranıbsa, bunun günahkarı tapılmalıdır. Abid Şərifov  cəmiyyətə şikayət etməkdənsə, problemin səbəblərini araşdırıb tapmalıdır. Səbəbləri haqqında düşünmək lazımdır ki, nəyə görə bu, baş verdi? Nəyə görə ölkədə belə bir şərait yarandı? Əslində 2000-ci illərin əvvəllərində Bakıda tikinti bumu başlayarkən, çox xaotik bir tikinti aparılırdı. Korrupsiya sxemlərinə görə tez-tez icazələr verilirdi. Təməllər qazılarkən sovet vaxtından qalmış kanalizasiya və yağış sistemləri yenilənmirdi, köhnələr yeniləri ilə əvəz olunmurdu. O zaman kanalizasiya və yağış sistemləri ayrı-ayrı idi. Yağışlar üçün xüsusi borular çəkilirdi. Çox zaman tikinti üçün təməl qazılarkən həmin boru xəttinə düşdükdə, ya sındırılıb dağıdılırdı, ya da yağış xətləri kanalizasiya xətlərinə birləşdirilirdi. Bu da, sadəcə olaraq, kanalizasiya xətlərinin yüklənməsinə səbəb oldu”.

Ekspertin sözlərinə görə, sovet vaxtından qurulmuş infrastruktur həm də Bakının iki milyon əhalisi üçün nəzərdə tutulurdu: "Amma indi Bakıda və Bakı ətrafında az qala 4 milyona yaxın əhali yaşayır. Kanalizasiya sistemində də yağışlar yağarkən problem yaşanır. Hökumətin yanaşması kökündən səhv olduğundan nəticə olaraq indi doğrudan da bu işləri yenidən qurmaq üçün həm böyük miqdarda vəsait lazım olacaq, həm də, obrazlı desək, Bakının altını üstünə çevirmək lazım olacaq. Çünki bəzən hətta böyük binaların söküntüsü, yenidən xətlərin çəkilməsi üçün yolların qazılması, yüzlərlə kilometr yeni boru xəttinin çəkilməsi ehtiyacı yaranacaq. Bu, milyardlarla vəsait deməkdir. Bakının demək olar ki, iflic olması deməkdir. Amma nə Azərbaycanın indi o qədər vəsaiti var ki, bu işə girişsin, nə də Bakının belə indiki şəraitdə bunu qaldırmağa gücü yoxdur. Belə iş başlansa, Bakı şəhəri iflic vəziyyətə düşər. Sadəcə, Abid Şərifov bunun təsbitini niyə indi edib? Nəyə görə 10-15 il bundan qabaq o və Nazirlər Kabineti bunun təsbitini aparmayıb? Bu problemin diaqnozunu düzgün qoymayıb, işini doğru qurmayıb? Baş nazirin müavini bu suallara cavab versə, daha məntiqli və daha yaxşı olar. Sanki belə bir vəziyyətin yaranmasından bizə, cəmiyyətə şikayət edir. Bunun günahı isə cəmiyyətdə deyil. Son illər Azərbaycana, Bakıya rəhbərlik edən şəxslərin günahıdır ki, belə bir şərait yaranıb”.

RÖYA

Administratorla əlaqə

077 611-55-22

[email protected]