Siyasət

Heydərovlar jurnalistin qanını necə batırdılar? – “Qəbələ”dən “qələbə”yə...

14-10-2016, 19:37
Ötən gün Azərbaycanda Aşura günü qeyd olundu. Düz, 1400 il öncə Kərbəlada haqq-ədalət uğrunda savaşan insanların, peyğəmbər övladlarının nahaq qanını tökdülər. Elə dünən - Aşura günü Azərbaycanda da bir günahsız insanın qanını batırdılar – düz, 1400 il sonra... 

Rasimi kim qətlə yetirmişdi? 

Bu müqayisəni təsadüfən aparmırıq. Dünən Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirildi və hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olundu, sonucda C.Hüseynov azadlığa buraxıldı. 

Bəli, söhbət jurnalist Rasim Əiyevin qətlində şübhəli bilinən, daha doğrusu, cinayəti bilib xəbərverməmə maddəsi ilə ittiham olunan futbolçu Cavid Hüseynovdan gedir. 

- Rasim Əliyev bir il öncə 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi və avqustun 9-da xəstəxanada müəmmalı şəkildə vəfat etdi. 

Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Həmçinin "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldı. 

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. 

Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlandı və K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. 

2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxundu və məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrıldı və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərildi. 

May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edildi. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verdi və oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salındı. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi idi. Daha sonra C.Hüseynov kassasiya şikayətini geri götürdü...

Bu gün isə "Qəbələ”nin futbolçusu Azərbaycan mətbuatı, daha dəqiq desək, kimsəsiz bir jurnalistin üzərində "parlaq” qələbə çaldı. Amma istər hadisə zamanı, istər sonrakı mərhələdə bir çox faktlar Cavidin cinayəti bilib xəbər verməməsini ortaya qoyurdu. Hətta mediada yayılan Whatsapp yazışmaları da Cavidin Elşənlə yazışıdığını təsdiqləyir, Elşənin isə ona Rasimi döyməyə getməsi ilə bağlı xəbər verməsi açıq sübutlar idi. Amma nə baş verdi?..

Rasimin qanını kim batırdı? 

Azərbaycanda idmançıların jurnalistləri və adi vətəndaşları döyməsi, hədələməsi bu günün hadisəsi deyil. Biz zaman-zaman bu olayların şahidi olduq. Çünki bu ölkədə bütün sahələr kimi idman da, idman klubları da ayrı-ayrı oliqarxların nəzarətindədir. Rasimin qanını da oliqarxiyaya arxalananlar batırdı. 

Heç kəsə sirr deyil ki, "Qəbələ” futbol klubunu prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, "Gilan” Holdinqin rəhbəri Taleh Heydərovdur. Diqqətli oxucular Cavid Hüseynov həbs olunduqdan sonra Taleh Heydərovun komanda ilə məşhur görüşünü də xatırlamamış deyil. Həmin görüşün videogörüntüləri də mediada yayılıb. Orada Taleh Heydərovun çıxışı və futbolçuların "Cavid! Cavid!” hayqırtısı da yaddan çıxmayıb. 

Bu həm də "Qəbələ”nin və onun sahiblərinin Cavidin arxasında dayandığının nümayişkaranə ifadəsi idi...

Anaxeber.az-a daxil olan məlumata görə, Cavid Hüseynovun azadlığa buraxılmasında da Heydərovların və "Qəbələ” klubunun böyük rolu olub. Hətta Cavidin bir müddət sonra yenidən kluba, həm də kapitan kimi qaytarılması gözlənilir. Artıq bu məsələdən onun özünün də xəbərdar olduğu deyilir. 
Mənbə iddia edir ki, bu barədə müvafiq işlər də görülüb. Sadəcə, mövzunun gündəmdən çıxmasını gözləyirlər. 

Əslində, Rasim Əliyevin valideynləri də, onun qətli ilə bağlı məsələni diqqətdə saxlayan Hüquqlarının Müdafiəsi Komitəsi də həqiqətin nədən ibarət olduğunu yaxşı bilir. İstər valideynlərinin, istərsə də müdafiə komitəsinin yaydığı məlumatlar da hadisədən dolayı ilginc və diqqətçəkən mesajlardır. Təbii ki, bu iddialardan da aydın görünən bir məqam var: Heydərovların milyonlar sərf edərək qurduqları bu klubun futbolçusu istənilən jurnalisti döyə, öldürə bilərdi. Çünki onun arxalandığı bir güc var, Rasimin isə kasıb valideynlərindən başqa güvənc yeri yox idi. Bu gün bu həqiqət bir daha sübut olundu. Elə Cavidin azadlığına çıxmasını bayram edənlər də hadisənin mahiyyətini ortaya qoydular – bu "qələbə” gözlənilən imiş... 

"Rasimimin qanı yerdə qaldı”

Rasimin anası Teyfurə Əliyeva da mətbuata açıqlamasında, əslində, mesajı doğru ünvana yönləndirdi: "Cavidin azadlığa çıxması çox pis təsir elədi. Hələ də özümə gələ bilmirəm. Nə qədər haqsızlıq olduğunu bu gün hamı gördü. Onsuz da onun maddəsi yalan idi, dəyişdirilmişdi. Cavid təşkilatçı idi. Yəqin maddə ona görə dəyişdirilib ki, Cavidi indi belə aradan çıxarsınlar. Həkimləri də belə aradan çıxardılar. Heç ümidim yoxdur ki, o tutulan 5 nəfər həbsdə qalsın. Onları da bu cür azad edəcəklər. "Artıq bizim üçün də yaşamaq qorxuludur. Kimin adamı, gücü var, belə aradan çıxır. Rasimimin qanı yerdə qaldı”. 

Bu cümləyə diqqətlə nəzər salın: "Kimin adamı, gücü var, belə aradan çıxır. Rasimimin qanı yerdə qaldı”. Bunu Rasim Əliyevin anası deyir - gözünün ağı-qarası bircə övladını itirən çarəsiz bir ana... Doğrudan da, ağırdır, Cavid azadlığa çıxaması ilə sevdiklərinə bayram ovqatı bəxş etdisə, Rasimin arxasınca yalnız valideynlərinin və nişanlısının göz yaşları qaldı... 

Heydərovların "Qəbələsi” və nahaqqın qələbəsi... 

Bildiyimiz və eşitdiyimiz bir həqiqət var: "Ədalət topal ola bilər, lakin gec-tez lazım olan ünvana çatar”. 

Onun qarşısında nə milyonlar, nə dəbdəbəli həyat, nə də ədalətsizliyə güvənən güc dayana bilər. Onu da deyək ki, həmkarımız Rasim Əliyevin işi ilə bağlı istintaq zamanı Cinayət işi materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair materialların ayrıca icraata ayrılması da təsadüfü deyildi. Yaxşı olardı ki, Kəmaləddin Heydərov və oğlu bu hadisəyə anında reaksiya verib işin obyektiv aparılmasını tələb edəydilər. Etmədilər. 

Bu ədalətsiz qərara imza atanlar isə bir şeyi unutdular: Rasimi də, hansısa Əhmədi də, Səlmanı da öldürmək olar, amma nahaq qan yerdə qalmır və ortada "Ayın şahidliyi” var... 

P.S. Bu, düşməncəsinə yazılmış bir yazı deyil, sadəcə, sabah hansısa Cavid Hüseynovun qoçularının yumruq-təpikləri ilə üzləşə biləcək bir jurnalistin özünümüdafiə harayıdır. İndisə gedin "Qəbələ”nizin "qələbə”sini qeyd edin, zaman və məkan sizindir, cənablar!

TURAN

Administratorla əlaqə

077 611-55-22

[email protected]