Ölkə

Tovuz kartofu satışdan çıxarıldı

23-09-2016, 20:52
Tovuz kartofu satışdan çıxarıldıKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Şəkidə bitki və bitkiçilik məhsullarının satışı obyektlərində 195 kiloqram karantin tətbiq edilən zərərli orqanizmlərdən olan kartof güvəsi (Phthorimaea operculella Zell) ilə yoluxmuş kartof aşkarlayıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Tovuzdan gətirilmiş kartoflarda güvənin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tədbirlərinə riayət edilməklə məhv edilib.

Bundan əlavə, Cəlilabad rayonu ərazisində yerləşən topdan və pərakəndə satış mərkəzlərində 3800 kiloqram kartof güvəsi ilə sirayətlənmiş kartof məhsulu və tərkibində nitratın miqdarı normadan artıq olduğu üçün 135 kiloqram üzüm məhsulu satışdan cıxarılaraq məhv edilib.

Kartof güvəsi kartofun, badımcanın, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilir. Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.

Güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Tırtıllar tərəfindən zədələnmiş tütün yarpaqları siqaret hazırlanması üçün yaramır. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]