Ölkə

Təhsil Nazirliyi 6 nömrəli Bakı Peşə Liseyində yaşananları görmür?

19-09-2016, 21:24
Nurəddin Cahangirovun direktoru olduğu təhsil ocağında bəzi məsələlər qarşılıqlı maraqların təmin olunması yolu ilə həll olunur Hər kəsə bəllidir ki, savadlı vətəndaşların yetişməsi üçün mütləq ölkənin təhsil sistemi yüksək səviyyədə olmalıdır. Lakin təəssüf hissilə də olsa, qeyd etməliyik ki, bu gün istər paytaxt Bakıda, istərsə də ölkənin digər şəhər və rayonlarında yerləşən təhsil müəssisələrinin durumu olduqca acınacaqlıdır. Belə ki, hazırda həm orta, həm ali təhsil ocaqlarında, o cümlədən orta ixtisas təhsili müəssisələrində bir sıra neqativ hallar, xoşagəlməz olaylar, qeyri-qanuni əməllər hökm sürməkdədir. Deyilənlərə misal kimi, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 76 ünvanında yerləşən 6 nömrəli Bakı Peşə Liseyini göstərən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada qeyd olunur ki, adıçəkilən liseyin rəhbərliyi təhsildən başqa bir çox işlərlə məşğul olur. Beləliklə, Nurəddin Cahangirovun direktoru olduğu 6 nömrəli Bakı Peşə Liseyində dərsə davamiyyətin və təhsilin aşağı səviyyədə olduğunu iddia edən mənbənin sözlərinə görə, hazırda adıçəkilən təhsil müəssisəsində bir çox narazılıqlar baş qaldırıb: «Deyilənlərə görə, Nurəddin Cahangirovun gəlişindən sonra liseydə çox ciddi narazılıqlar baş qaldırıb. Qeyd olunur ki, lisey direktoru bir sıra əməllərinə görə müəllim və şagird heyəti tərəfindən birmənalı qarşılanmır. Belə olan halda təbii ki, bu tədris mərkəzində heç bir hörmətdən, şagirdlərin dərsə davamiyyətindən, təhsilin yüksək səviyyədə olmasından söz açmaq olmaz. Ümumiyyətlə, son zamanlar 6 nömrəli Bakı Peşə Liseyində bir sıra ciddi nöqsanlar, özbaşınalıqlarla yanaşı, bəzi xoşagəlməz hallar da yaşanmaqdadır. Nurəddin Cahangirov kimi şəxsin peşə liseyinə direktor təyin edilməsi, ancaq belə nəticələnə bilərdi. Bildiyiniz kimi, bütün təhsil ocaqları Təhsil Nazirliyinin tabeliyindədir. O zaman belə çıxır ki, hər kəsin gördüyünü, daha dəqiq desəm, 6 nömrəli Bakı Peşə Liseyində yaşananları Təhsil Nazirliyi görmür». Bu arada, adıçəkilən təhsil müəssisəsində baş verən özbaşınalıqların gün keçdikcə daha da şiddətli xarakter aldığını vurğulayan məlumatlı şəxs Gundelik-Baku.com-a bildirir ki, bütün bunlar liseyin direktoru Nurəddin Cahangirovun vəzifədən alınması üçün münbit zəmin yaradır: «Deyilənlərə görə, bir vaxtlar Binə Peşə Məktəbinə rəhbərlik edən Nurəddin Cahangirov qəsəbə sakinlərinin yaddaşlarında məktəbyanı əraziləri qeyri-qanuni olaraq satması ilə qalıb. Bu gün isə o, öz bədxah əməllərini 6 nömrəli Bakı Peşə Liseyinin direktoru vəzifəsində davam etdirir. Onu da nəzərinizə çatdırım ki, Nurəddin Cahangirovun direktoru olduğu təhsil müəssisəsində bir sıra məsələlər məhz qarşılıqlı maraqların təmin olunması yolu ilə həll olunur. Deyilənlərə görə, həm bu, həm də rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində artıq bu gün 6 nömrəli Bakı Peşə Liseyinin kollektivi arasında ciddi konfliktlər yaşanır. Nurəddin Cahangirovun özü də bundan xəbərdardır. Lakin o, nə qədər çalışsa da, vəziyyəti ələ ala, problemləri həll edə bilmir. Çünki o, məhz şəxsi keyfiyyətlərinə görə rəhbər şəxs kimi kollektivin gözündən düşüb». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]