UEFA prezidentliyinə namizədlərin sayı 2-yə enib.
Xeberman.com Apasport-a istinadən xəbər verir ki, daha bir namizəd geri addım atıb.
Bu, İspaniya Kral Futbol Federasiyasının prezidenti Migel Anxel Vilyardı. O, namizədliyini geri götürməyinin səbəbini belə izah edib:
"Mənə böyük dəstək olmasına baxmayaraq, prezidentlikdən imtina etmək qərarına gəldim. Çünki yenidən İspaniya Kral Futbol Federasiyasının prezidentliyinə namizəd olmaq fikrindəyəm”.
Bununla da UEFA prezidentliyinə iki namizəd qalıb - Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin. Adıçəkilən iki şəxs arasında Çeferinin şansı daha yüksək qiymətləndirilir. Çünki UEFA-ya üzv olan 55 ölkədən artıq 23-ü sloveniyalı futbol funksionerini dəstəkləyir. Çeferin prezident seçilmək üçün sentyabrın 14-də Afinada keçiriləcək seçki zamanı 28 ölkənin səsini toplamalıdı.
Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da UEFA prezidenti vəzifəsinə seçkilərdə Çeferinin namizədliyini dəstəklədiyini açıqlayıb.