Gündəm
İlham Əliyev 7 yeni sərəncam verdi - siyahı
2-09-2016, 00:25
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xeberman.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Abakarova Patimat Serajutdinovna
Axundova Larisa Viktorovna
Aliomarov Maqomed Aliomaroviç
Beigi Harchegani Milad
Çunayev Rasul Abakər oğlu
Dəvrişov Əli İsa oğlu
Əliyev Hacı Azər oğlu
Əli-Zadə Rəşad Allahverdi oğlu
Həsənov Cəbrayıl İlham oğlu
Məmmədov Anar Vahid oğlu
Məmmədov Orxan Rasim oğlu
Məmmədov Samir Telman oğlu
Radomski Alen
Radomskiy Dmitro
Sinişin Natalya
Şəriəti Sabah Saleh oğlu”.
***
Prezident İlham Əliyev R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
İstiqlal.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Radik Veleddin İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev "Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
İstiqlal.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında "Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilsin”.
***
Prezident İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə,
1.XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1.birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
1.2.ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
1.3.üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Azərbaycanda turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin verilməsi nəzərdə tutulur.
İstiqlal.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir.
Mədəniyyət və Turizm Nazirliyinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
***
Azərbaycanda Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planları hazırlanacaq.
İstiqlal.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir.
Mədəniyyət və Turizm Nazirliyinə Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planlarını hazırlayıb təsdiq etmək və onların pasportlarının dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb.
***
Azərbaycanda əcnəbilərin sərhəd buraxılış məntəqələrində sürətli keçidinin təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
İstiqlal.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir.
Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.