Foto Fakt

Nazirlər Qəbələdə mürəbbə festivalında - maraqlı anlar yaşandı (Fotolar)

28-08-2016, 14:43
Azərbaycan mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə "Meyvələrin bəhsi” adlı  IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib.

Ötən il olduğu kimi, bu il də festival Qəbələdə keçirilib. 

Musavat.com saytının əməkdaşı festival ilə yaxından tanış olmaq üçün Qəbələyə yollanıb. 

Biz festival keçirilən "Karvansaray” otelinə çatan zaman festival ilə bağlı hazırlıq görülürdü.

Türkiyəni təbliğ edən komanda təqdimat masasını hazırlayır, Bakı komandası samovarda çay qaynadır, Şəki komandası isə qonaqlara təqdim ediləcək şirniyyatları qablara düzürdü.

Xarici ölkələrlə yanaşı, ölkəmizin müxtəlif bölgələrindən olan komandalar festivalda yarışmaq üçün bir araya toplaşıb. Səkkiz nəfərdən ibarət komanda üzvləri 8 növ mürəbbə hazırlayaraq münsiflərə təqdim ediblər. Festivalda mürəbbə ilə yanaşı, un məmulatları, şərablar, əl işləri, rəsm əsərləri də nümayiş edilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən mərasimdə dövlət rəsmiləri, turistlər və yerli sakinlər iştirak edib. 

Festival Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarovun mərasimə qatılması ilə açıq elan edilib. 

Festival dövlət rəsmilərinin çıxışı ilə başlayıb. 

İlk olaraq çıxış üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə verilib. O, qonaqları salamladıqdan sonra festival barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıb. 

Daha sonra çıxış edən Əbülfəs Qarayev Qəbələnin turizm baxımdan önəmindən danışıb:  ”Bu layihənin gerçəkləşməsində əməyi olan insanlara təşəkkür edirəm. Sözlərimə prezident İlham Əliyevin fikirləri ilə davam etmək istəyirəm, Qəbələ artıq Bakıdan sonra ikinci turizm mərkəzidir. Qəbələdə qədim dövrdən qalmış abidələrlə yanaşı, müasir üsulla hazırlanmış memarlıq abidələri turistlərin diqqətini çəkir. Təsadüfi deyil ki, Qəbələ, turistlərin ən çox ziyarət etdiyi bölgələrimizin sırasında öndə gəlir. Mən əminəm ki, Qəbələ bu birinciliyi uzun illər itirməyəcək. 

Birinci  xanım Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Qəbələdə beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival musiqimizi dünyada daha çox tanıdır. Bu dəfə Qəbələdə qeyri-adi festival keçirilir. Mürəbbə festivalı başqa ölkələrdə olmur. Çünki mürəbbə müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan, Azərbaycanın keçmişindən qopub gələn şirniyyat növüdür. 

Mürəbbə Festivalı Azərbaycanı bir daha dünyada tanıtmağa kömək etdi. Azərbaycan Milli Kulinariya Mərkəzi və onun daxil olduğu beynəlxalq təşkilatlar birbaşa  bu festivala beynəlxalq status veriblər. Bu sevindirici haldır. 

Bir daha hər kəsi Mürəbbə bayramı münasibəti ilə təbrik edirəm”.

Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın münsiflər heyətinin sədri Əkbər Umarovun çıxışlarından sonra festivalın rəsmi hissəsi bitib və rəsmilər tərəfindən qırmızı lent kəsilərək festivala start verilib. Dövlət rəsmiləri qonaqlarla birlikdə  festival üçün hazırlanan masalara yaxınlaşaraq həm satış qiymətləri ilə maraqlanıb, həm də təamlardan dadıblar. 

Sonda festivalın qalibləri münsiflər tərəfindən təyin olunub və  qaliblərə diplomlar təqdim edilib. Mürəbbələrin ən yaxşı təqdimatına görə xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri tutub.

İran ən yaxşı mürəbbə müsabiqəsində birinci, Çin ikinci olub. Mürəbbələrin növ müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub. 

Azərbaycanın bölgələri arasında Zaqatala (ərik), Zərdab (gilas), Qəbələ (gavalı), İsmayıllı (böyürtkən), Şəki (heyva), Gəncə (çiyələk), Qazax (qoz), Gədəbəy (gül) qalib olub.  

Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə mürəbbəsi), ən çox mürəbbə təqdimatına görə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları birinci seçilib. 

Sonda nümayiş olunan məhsullar satışa çıxarılıb. 

Könül İbrahim,
Musavat.com
Fotolar müəllifindir.




 



























Administratorla əlaqə

077 611-55-22

[email protected]