Siyasət

Başçının ağılasığmaz müşavirə oyunu və şok biznesi - Araşdırma

17-08-2016, 00:47
Füzulinin icra başçısı varlanmağın yeni priyomunu ixtira edib. İşğal olunmuş rayonun rəhbəri olan Alı Alıyev məzuniyyətdən qayıdar-qayıtmaz maliyyə itkilərini ən yüksək səviyyədə kompensasiya etmək qərarı verib. 

Füzulidən Politika.Az-a daxil olan məlumata görə, bu münasibətlə icra başçısı ilin-günün bu çağında, qızmar yay mövsümündə müşavirə çağırıb. A.Alıyev ənənəvi metodlarını müşavirədə işə salıb. 

Hər zaman müxtəlif taktiki gedişlərlə rayondakı məmurları tora salaraq onları yenisi ilə əvəzləyən icra başçısı bu dəfə də əhdinə sadiq qalıb. 

Məlumatda əvvəlcə qeyd olunur ki, ümümrayon müşavirəsində Füzulinin polis rəisi Xaqani Məmmədov (Əhməd Əhmədzadənin bacısının kürəkəni) və rayonun yeni prokuror iştirak ediblər. İcra başçısının sağ və sol yanını boş buraxmayan rəis və prokuror onun özü şəninə təriflərinə şahidlik ediblər. 

Müşavirədə həmişə olduğu kimi ayrı-ayrı çinovniklər, kiçik vəzifə daşıyan məmurlar arasında töhmət alanlar, xəbərdarlıq edilənlər, qorxudulanlar olub. A.Alıyev müşavirədə bir neçə məmurun gözünün odunu almaqla ictimaiyyət qarşısında divident qazandığına inanır. 

İcra başçısı güman edir ki, qanunsuzluğa yol vemiş bir neçə məmurun danlanması əhalidə onun haqda müsbər rəy formalaşdıra bilər. Qaynağımızın sözlərinə görə, bu müşavirə də Alıyevin ənənəvi taktika ilə başlamasından fərqlənməyib. 

Ardınca rayonda görülən işləri öz ayağına yazaraq fəaliyyətini tərif etməyə başlayıb. İcra başçısı çəkilən yolları, kommunikasiya xətlərinin yenilənməsini, qəsəbə salınmasını sadalayaraq öz müstəsna əməyini xatırladıb. 

A.Alıyev başqa rayonların hakimlərindən bu baxımdan fərqlənir. O, müşavirələrdə özünü mədh etməyi sevir. Amma görülən bu işlərin dövlət dəstəyi, dövlət büdcəsi və prezidentin imzaladığı sərəncamlar hesabına gerçəkləşdiyini dilinə gətirmir. Bu müşavirədə də ağzından dövlətin dəstəyi haqda bir kəlmə çıxmayıb.

Politika.Az-a verilən xəbərdə bildirilir ki, əvəzinə müşavirədə bəzi məmurları danlayıb. Bu da səbəbsiz deyil. 

Mənbə iddia edir ki, hər hansı idarədə rəhbər vəzifəsi artıq satılıbsa, hazırkı direktoru işdən azad etmək və pulunu alıb yenisini gətirmək üçün qabaqcadan plan qurur. Bu plan müşavirədə işə düşür və icra başçısı idarə rəisini və ya bələdiyyə sədrini, yaxud məktəb direktorunu ictimaiyyət önündə sərt tənqid edir. 

Lakin o da istisna olaraq bildirilir ki, icra başçısı sövdələşməni bəzən pozur. İcra başçısına yaxın şəxslərə qeyri-rəsmi ödəniş edib vəzifə başına keçəcəyi tarixi bu günə kimi hələ də gözləyənlər var. 

Onlar aldanır, süründürülür və aylarla intizarda saxlanır. A.Alıyev onları işlə təmin etmir. Nəticədə "ip də gedir, it də” və həmin şəxs icra başçısının qəbuluna da düşə bilmir, yuxarı orqanlara şikayət edə də. 

Bu gedişlə Füzuli rayonunda nə qədər belə qurbanların olacağı hələ qabaqdadır. Üstəlik, heç bir işə diplom, sənəd, ixtisas lazım olmur. Ona görə müşavirə çağırılan kimi rayon camaatı bir-birindən soruşur: görəsən, bu dəfəki iclas kimi yola salmaq üçün qurulub?! 
Politika.Az xəbər verir ki, icra başçısı sərbəst toplaşma ya da çayxanaya toplaşma azadlığını qadağan edib. 

Naxçıvan üsul-idarəçiliyini Füzuli rayonuna transformasiya edən A.Alıyev axşam saatlarında çayxanalarda insanları toplaşmağa qoymur. 

İcra başçısı hesab edir ki, rayon camaatı bir araya gələrək onun barəsində danışır, fəaliyyətini müzakirə edir, şikayətlənir, təşkilatlanır və bu qorxu belə addım atmasına səbəb olub. 
Rayon polis rəisi onun təlimatı əsasında əməkdaşlarına tapşırıb ki çayxanalara toplaşanlar nəzarətdə saxlansın, şübhəli şəxs həbs olunsun. 

Füzulidə devalvasiyadan sonra keçirilən etiraz aksiyası da icra başçısı üçün ibrət olub deyə çayxanaları bağlatdırır. Amma A.Alıyevin bacısı oğlu Cəmşidin restoranı gecə-gündüz açıqdır. Əslində, restoranın adı Cəmşidin, dadı Alıyevindir. Həmçinin, yaxınları Fin qəsəbəsində gecələr də işləyirlər. 

Məlumatda deyilir ki, A.Alıyev mərkəzi dairələrin adından sui-istifadə etməyi də bacarır. 
Başçının təlimatı əsasında pul yığılır və tapşırığın yuxarıdan gəldiyi deyilir. Bu vəsaitin məktəb-bağça inşasına xərclənəcəyi söylənir. Çox keçmir ki A.Alıyevin həmin pullar hesabına biznesini genişləndirdiyi üzə çıxır. 

Politika.Az-a bildirilib ki, onun rayon ərazisində sayı-hesabı bilinməyən iri və xırdabuynuzlu fermaları var. 

Habelə, Horadiz şəhəri və İran sərhəddində yerləşən "Platina” adlanan yerdən Araz çayında götürülən balıq vətəgəsi ( Əhmədzadənin nəzarətində) Bakıda Heydər məscidi yaxınlığında qudasının adına tikdirdiyi 4 mərtəbəli villası (dəyəri milyon manatlara ölçülür) var.

Bu azmış kimi, "Yeganə” şadlıq sarayının arxasına yeni tikilinin 2-ci mərtəbənin bütün mənzilləri, 3-cü mikrorayonda bazarla üzbəüz binada bir blokun bütün mənzilləri, xanımının adına olan apteklər, mebel fabriki (materialları Zaqatala meşələrində aparılır) və daha nələri, nələri var... 

İddialara görə, yanvardakı etiraz aksiyaları da icra başçısının qurduğu tamaşaya uyğun olub və yerinə düşüb. Söhbət onun hər müşavirədən qabaq kreslosunu satdığı məmurla necə xudahafizləşmək variantından gedir. 

Yanvardakı aksiyaların təşkilində Füzuli rayon Su və Meliorasiya İdarəsinin müdiri, ASC sədri Əhməd Əhmədzadənin bacısı oğlu dayanıbmış. Uğur adlı həmin məmur icra başçısının şousuna rejissorluq edib. Yer gəlmişkən, Əhmədzadı ilə Alıyev həmkəndlidir. 

"Qiyamçı” Uğur isə bu hadisələrdə şəhər icra nümayəndəsi Şakir Hacıyevi nişan verir və onu həbs edirlər. Ş.Hacıyev aksiyaların təşkilində ittiham olunur. Olayın arxasındakl germçək mahiyyəti isə Ş.Hacıyevin yerinə artıq ayrı şəxsin tapılması olub. 

Politika.Az-a daxil olan məlumata görə, icra başçısı Vidadi Tağıyevi Şakir Hacıyevin yerinə təyin etməli imiş. 

Vəzifəsi satışa çıxarılmış Hacıyev xalq etirazlarının qurbanına çevrilir. Mənbə yaxın günlərdə Füzuli rayon rəhbərinin səs yazısını təqdim edəcəyini söyləyib. Həmin audio yazıda Alıyevin sensasion çıxışlarının yer aldığı xəbər verilir. 

Həmçinin, onun çoxsaylı biznesinin video görüntüləri və dövlət tərəfindən külli miqdarda ayrılmış vəsait hesabına çəkilmiş, bir il keçməmiş bərbad hala düşmüş yollar göstəriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]