Siyasət

Konstitusiyaya üçüncü düzəliş bizi hara sürükləyir? - təhlil

6-08-2016, 21:59
Konstitusiyaya üçüncü düzəliş bizi hara sürükləyir? - təhlilİnsanlarımızın siyasətə, dünyadakı proseslərə heç bir maraq göstərmədiyini də demək olmaz. Yox, maraqlanırlar. Məsələn, Türkiyə ilə ilgili hər şeyi izləyirlər.

Fəqət, onların düz bir həftədən də artıqdır ki, Türkiyədəki olayları diqqətdə saxlamasını və hətta həmin hadisələrlə yaşamasını nə qədər təqdir etsək də,  özümüzübircə sualı verməkdən heç cür saxlaya bilmirik. Həmin sual da budur ki, görən, insanlar bu hadisələrdən hansı nəticəni çıxardı və niyə görə bu diqqətin heç olmasa, yüzdən birini öz ölkələrindəki olaylara ayırmırlar?..

Son vaxtlar ölkədə baş verən olaylar isə yetərincə ciddidir. Bəli, Türkiyədəki hadisələri qeyri-obyektiv işıqlandırdığına görə əsas telekanllardan biribağlandı.Üstılik, bu da azmış ki, dərhal məlum oldu ki, hakimiyyət Ali Qanuna – Konstitusiyaya yeni düzəlişlər hazırlayıb və onları rəsmiləşdirməküçünl xüsusireferendum da yapmaq niyyətindədirlər...

Düzdür, bu iki olaya biganə qalmayanlar da tapıldı, azsaylı siyasət və ictimaiyyət fəallarıbaşqa təsirli siyasi vasitələr tapmasalar da, mediada onlarla bağlı fikirlərini bölüşməyə,hər halda, cəhd etdilər...
Hesab edirik ki, qeyd etdiyimiz hər iki hadisə xüsusi diqqətə layiqdır. Amma etiraf edirik ki, bizi də daha çox konstitusiyaya ediləcək düzəlişlər məşğul etdi, çünki demokratik konstitusiya  və azadlıq olacaqsa, müstəqil və azad media strukturları da olacaqdır, yox, əgər belə bir konstitusiya olmayacaqsa, o halda, heç nə olmayacaq və ölkə sözün əsl mənasında zülmətə qərq olacaq...

Artıq Konstitusiya Məhkəməsi düzəlişlərə rəy verib, onların Əsas Qanunla ziddiyyət təşkil etmədiyini bildirib. Hətta referendumun vaxtı da bəllidir. 

Düzəlişlərin məzmununagəldikdə isə, onlar da yetərincə işıqlandırıldırılıb. Hətta buna da sevinmək lazımdır. Bu hakimiyyət hələ bunu edirsə və öz qərarlarını cəmiyyətə elan etməyi artıq birmirsə, bu da böyük səxavətdir...

Qərəz, bir daha əsas məqamlarıqısaca çatdıracağıq. Bəli, düzəlişlərə görə dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə malik olacaq, prezident seçilməklə 35, deputat seçilməklə bağlı isə 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılacaq, baş nazir postu ləgv ediləcək və əvəzində vitse-prezidentlər institutu təsis ediləcək. 

Bir detalıda ayrıca qeyd etmək lazımdır ki, əgər düzəlişlər "qəbul edilərsə” (buna isə zərrə qədər belə şübhəniz olmasın!), dünyada ən fundamental hüquqlardan biri sayılan mülkiyyət hüququnu da qismən məhdudlşadırmaq mümkün olacaq...

Bəli, qısa ekskurs da göstərir ki, yetərincə "mühüm” və "mühüm” olduqları qədər də çox mübahisəli düzəlişlərdir. Amma gəl ki, insanlar qətiyyən bunun fərqində deyilər. 

Fəqət, bir və hətta min yazı ilə azərbaycanlıların psixologiyasını, tövrünü dəyişə bilməyəcəyimizi anladığımızdan onlarla bağlı giley– güzarı da tamamilə birtərəfə qoyub prosesin təhlilinə keçəcəyik. Ən azı ona görə ki, yüz il ərzində M.F.Axundov, H.Zərdabi, C.Məmmədquluzadə və yaxud  M.Ə.Sabir bu milləti əhəmiyyətli dərəcədə dəyişə bilmədisə,indi durub bizmi bunu bacaracağıq?..

Ona görə də keçək mətləbə. Bəri başdan deyim ki, konstitusiyaya münasibət ilk növbədə hüquq mədəniyyəti məsələsidir.Üstəlik, bütün mütərəqqi dünyada qanunçuluğun fəlsəfi missiyası budur ki, o, ilk növbədəhakimiyyətləri məhdudlaşdırır, azadlığın və hüququn sferasını genişləndirir...

Təsadüfi deyil ki, indiyə qədər bütün dünyada baş tutan referendumlar və səsvermələr əsasən bir məqsədə – hüququn və azadlığın genişlənməsinə, onların təsbit olunmasına, həm də, bir daha deyirik ki, hakimiyyətin məhdudlaşdırılmasına xidmət edib. Elə konstituonalizm də prinsip kimi özündə əsasən məhdud və nəzarət edilən hakimiyyəti ehtiva edir...

Azərbaycanda isə qanun və konstitusiya hakimiyyəti qorumaq və onun səlahiyyətlərini artırmaq üçündür. Bunu sübut etmək iqtidarında olan, nə qədər desən, misal çəkmək olar. Məsələn, bu hakimyyət deyir ki, iki dəfəlik məhdudiyyəti və ya yaş məhdudiyyətlərini götürməklə hüquqları genişləndiririk!..

Amma dərhal sual yaranırdı: Kimlərin hüququ genişlənir? Bundan ilk olaraq kimlər yararlanır?..
İndi təklif edilən düzəlişlər də özündə qeyri-adi və yaxud da nəcib bir məqsədi ehtiva etmir. İstənilən azərbaycanlı heç bir çətinlik çəkmədən  vitse-prezidentlik institunun da və yaxud da ki, parlament və prezident seçkisi ilə bağlıbəlli yaş məhdudiyyətinin götürülməsininkimlər və nələr üçün nəzərdə tutulduğunu çox asanlıqla təxmin edə bilər – bu məsələdə  onlara yardımçı olmağımıza ehtiyac yoxdur. 

Daha konkret məsələlərə gəldikdə isəxatırladaq ki, konstitusiya qəbul olunandan bəri bu, saycaüçüncü düzəliş cəhdidir. Bəli, 21 il ərzində düz 3 düzəliş paketi! Hər 7 ilə bir düzəliş paketi düşür!.. 

Ona görə də dərhal bir sual da yaranır: əcəba, bu, Konstitusiyadır, yoxsa hakim partiyanın nizamnaməsidir?.. 

Qərəz, birinci düzəlişi ölkənin Avropa Şurasına qəbulu və bu hadisənin yaratdığı yeni hüquqi "reallıqlar”la izah etməyə çalışdılar. 

Amma birinci düzəlişdən yadda qalan təkcəbu, oldu ki, proporsional seçki sistemi tamamiləgötürüldü!..

Məni düzgün başa düşün, burada iddia etmək istəmirəm ki, proporsional seçki sistemi majoritar seçki sistemindən daha üstündür – bu haqda vaxtında çox yazmışam. Əsas odur ki, seçki saxtalaşdırılmasın, onun majoritar və yaxud proporsional sistemlə keçirilməsi isə artıq ikinci dərəcəli məsələdir. 

Azərbaycanda isə sadəcə, düzgün seçkilər keçirmək problemi var və zaman keçdikcə, seçkilər bir proses kimi təkmilləşmək və daha da şəffaf olmaq əvəzinə formaldan da formal, süni prosedura çevrilir. Onu sadəcə, ona görə saxlayırlar ki, hamı desin ki, guya, buralarda da hər şey "seçki yolu ilə” həll olunur...

İkinci düzəlişlər isə daha yadda qalan oldu. Amma burada bəlkə də tək bircə detalı qeyd etmək yetərlidir: ikinci düzəlişlər nəticəsində prezident seçkisilə bağlı iki dəfəlik məhdudiyyət götürüldü! Ən maraqlısı isə odur ki, bunun "anonsu” düzəlişlərin özündən xeyli əvvəl verilmişdi...

Buna qədər prezident seçkisindən söz düşəndə hakimiyyət təmsilçiləri hətta Milli Məclisdə açıq şəkildə deyirdilər ki, lazım gəlsə, Konstitusiyanı da dəyişərik! Qeyd etmək lazımdır ki, Qarabağ probleminin həllindən fərqli olaraq, bu məsələdə "lazım çox tez gəldi” və Əsas Qanun bir az da dəyişdirildi, iki dəfəlik məhdudiyyət götürüldü...

Bir daha deyirik ki, ən acı və bəlkə də ən təhqiramiz cəhət bu idi ki, özləri də açıqr şəkildə deyirdilər ki,filan məsələyə görə, lazım gələrsə, lap Əsas Qanunu da dəyişərik! Sonra da durub bunun ölkə üçün "zəruri”liyini "əsaslandırmağ”a başladılar!..

Belə "əsaslandırma cəhdləri” də əslində ölkənin içi üçün – öz cəmiyyətimiz üçün nəzərdə tutulmurdu, çünki bilirdilər ki, cəmiyyət elə bir durumdadır ki, onların istənilən qərarını həzm edəcək...

Sadəcə, dəyişiklikləri beynəlxalq institutlar qarşısında əsaslandırmaq zərurəti vardı. Ona görə də bu məqsədlə hansısa "dəlil”lər uydururdular və bu "dəlil”ləri cəmiyyətə də yönəldirlər ki, elə təsəvvür yaransın ki, guya ki, cəmiyyəti də tamam yaddan çıxarmayıblar, onunla da işləyirlər!

İndi üşüncü düzəlişin ərəfəsindəyik... Əsas məqamları əvvəldə sizə çatdırdıq. Amma suallar yaranır. Məsələn, prezidentlik müddətinin 7 ilə qədər artırılması nəyə lazımdır? 

Məsələ, bundadır ki, bunlar beş ildən bir formal seçkilərə getməyi də artıq özlərinə rəva bilmir, buna da tənbəllik edirlər. Başqa bir səbəb yoxdur. Bir daha deyirk ki, onsuz da bütün digər seçkilər kimi, prezident seçkiləri də tamamilə formal xarakter daşıyır və getdikcə tam süni siyasi prosedur təsiri bağışlayır...

Və yaxud da prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti vermək nəyə lazımdır? Milli Məclis prezident institunun bir əlavəsi deyilmi? Və yaxud da o, da formal "seçki”lər nəticəsində formalaşmırmı? Demək olar ki, o da bir partiyanın adamlarından ibarət deyilmi? Bəli, belədir ki, var. Eləcə də yaş məhdudiyyətinin götürülməsini qeyd etmək olar. Milləti təmsil etmək və ya onu idarə etmək arzusunda bulunan kəsin müəyyən həyat təcrübəsi və bilikləri olmalıdır – aşağı yaş məhdudiyyəti bundan ötrüdür. 

Bəzən deyirlər, Şah İsmayıl 14 yaşında şahlıq etməyə başlayıb! Burada bir neçə məqam var. Birincisi, hələ məlum deyil ki, ölkəni o vaxt kim idarə edirdi? 14 yaşlı İsmayıl, yoxsa ki, saray əyanları? İkincisi, hətta bir anlığa qəbul etsək ki, dövləti həqiqətən də 14 yaşlı İsmayıl idarə edirdi, o halda razılaşmalıyıq ki, Şah İsmayıllar, İsgəndərlər hər il doğulmur! Və nəhayət, Şah İsmayıl monarx idi! Yoxsa siz də bu ölkəni artıq monarxiya elan etmisiniz?!.

Qərəz, əvvəlki iki düzəliş, eləcə də növbədə olan indiki düzəliş bir məqsədə - hakimiyyətin "hüquq”larının artırılmasına yönəlib. 1995-ci il konstitusiyası əvvəldən xeyli avtoritar idi və hakimiyyətə böyük səlahiyyətlər verirdi. Amma belə görünür ki,bu, azlıq edirmiş və bizim şanlı hakimiyyətə də bir az da səlahiyyət vermək lazımmış...

Bəs səbəb nədir?Məsələ bundadır ki, hakimiyyəti və sərvəti artdıqca hər bir adam özünü daha da tənha hiss etməyə başlayır, hamını özünə təhlükə kimi görür. Həm də siyasət, heç bir halda, hətta tamamilə avtoritar və ya totalitar siyasi sistemlərdə belə bitmir...

Siyasət həmişə var. Sadəcə, avtoritar və totalitar sistemlərdə o, dəhşətli  gizli siyasi intiriqalar xarakteri alır. Bəli, yaxın keşmişimizə baxsaq, məsələn, SSRİ-də heç bir müxalifət və ya müxalif partiya yox idi, amma  Kreml dəhşətli siyasi intiriqalar, gizli sövdələşmələr və sui-qəsdlər yuvası idi....

Bu cür misalları çox gətirmək olardı.Bu mənada Azərbaycandakı siyasi sistem heç nə ilə fərqlənmir. Bu, formal, şərti "demokratik prosedur”larla pərdələnən, demokratiyanı bir maketə çevirən, getdikcə açıq, daha çox  monarxiya əlamətləri alan sərt avtoritar siyasi sistemdir.

Təsadüfi deyil ki, bizim hakimiyyət də getdikcə özünü daha tənha hiss edir və hamıdan, hər şeydən şübhələnməyə və bunun üçünbütün əsas siyasi "rıçaq”ları öz əlində cəmləşdirməyə və hakimiyyət sükanlarını ən yaxın adamlarına etibar etməyə çalışır. Ona görə ki, heç kimə etibar edə bilmirlər və zaman keçdikcə "İnsan insanın düşmənidir!” siyasi zərb-məsəli onlara daha inandırıcı görünür...
Demək lazımdır  ki, müəyyən mənada "haqlı”dırlar da... 23 illik hakimiyyət illəri ərzində bunların nə qədər məmuru, kadrı "dönük” və ya özləri demişkən, "xain” çıxıb?!. Nə qədər adam bu hakimiyyətin sadiq xidmətçisindən, hətta nökərindən onun ən radikal opponentinə çevrilib?!Sadalamağaehtiyac varmı?..

Bəli, indiki siyasi elita daha çox hakimiyyətə yiyələndikcə düşünür ki, heç kimə etibar etmək olmaz, çünki bir də görərsən, ən yaxın bilidiyin adam belə ayağının altını qazır!..
Bir daha deyirəm ki, bu siyasi fəlsəfə heç də predmetsiz və əsassız da deyildir. Onlarla dəlil-sübut gətirmək olar...

Həm də despotizm heç vaxt birtərəfli siyasi-psixoloji nəticələrə, davranış tərzinə, hətta birtərəfli reaksiyalara gətirib çıxarmır – mütləq hakimiyyətlər hamını qorxutduğu kimi, belə hakimiyyətlərin elə özləri də hamıdan qorxur və hamını qəsdçi qismində görür və heç kimə etibar etmirlər...
Əvvəldə dedim ki, bununla bağlı indidən və keçmişdən onlarla misal gətirmək olar. Ammabirinin üstündə dayanacam...

İ.Qroznıy Rusiyanıntarixində ən qəddar çarlardan biri, bəlkə də ən birincisi olubdur. Mütləq və qeyri-məhdud hakimiyyətə malik olan bu adam, nə qədər qəribə olsa da, özü də dəhşətlidərəcədə qorxurmuş!Təsəvvür edin, İngiltərə kraliçasına gizli məktublarında bu adam çox qorxu keçirdiyini və onu gec-tez öldürəcəklərini yazır, kraliçadan yardım umur, hətta kraliçadan özünü himayə etməyi xahiş edirdi!..

Ona görə də əgər bir gün eşitsəm ki, bizim avtoritar hakimiyyət də xarici himayədarlar axtarır, bundan zərrə qədər təəccüblənmərəm...

Əslində belə himayədarlarartıq mövcuddur.Məsələn, sonuncu prezident seçkisi ərəfəsindəki bir detal mənim diqqətimi çox cəlb etdi. V.Putin qeyri - adi bir tərzdə, əsl şahlara xas üslubda ölkəyə dəvət edildi və Rusiya ilə bir milyard dolarlıq hərbi saziş imzalandı...

Hərbi sazişin əleyhinə deyiləm, əgər bu, bütün hallarda ölkənin müdafiə qabiliyyətinin artmasına xidmət edirsə, qoy, olsun. 

Amma mənə elə gəlir ki, bu, həm də V.Putinə prezident seçkisində dəstəyə görə bir hədiyyə idi. O vaxt, yadınıza gəlirsə, müxalif düşərgə də Kremlə yollar arayırdı və hakimiyyət bundan dəhşətli dərəcədə təşvişə düşmüşdü...

Qərəz, bir daha yazının başlığındakı suala qayıtmaq istəyirəm. Əslində elə bir an yetişir ki, daha yol da olmur, yol da bitir... 

Ona görə də desəm ki, bu yol artıq dəhşətli dərəcədə darısqal bir dalana aparır, buna təəccüblənməyin...

Hüseynbala Səlimov

Administratorla əlaqə

077 611-55-22

[email protected]