Gündəm / İdman

Gəncənin icra başçısının oğlu “axtarışda”

26-07-2016, 21:54
Gəncənin icra başçısının oğlu “axtarışda”

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin gözünün ağı-qarası, göz bəbəyi olan oğlu Elmir bəy "Kəpəz”ə Müşahidə Şurasının sədri seçiləndə xeyli təəccüblənmişdim. ANS əməkdaşlarının sözü olmasın, redaksiyamız şokda idi, əlavə mənbələr axtarmağa başladıq.

Məni ən çox təəccübləndirən səbəb isə onun yaşının az olması idi. Telefonu götürüb Gəncə futbolu üçün saçını ağardan, "Kəpəz”də futbolçu, baş məşqçi və prezident olmuş Mehman Allahverdiyevə zəng elədim. Dedim, a bəy, nə məsələdi? Necə olur ki, təcrübəniz qədər yaşı olmayan birini sizə rəhbər təyin ediblər?

Allahverdiyevin cavabı məni çox məyus etmişdi. Onun "Ağıl yaşda deyil, başdadı” cavabında tutdum ki, əmr böyük yerdən gəlib. Belə başa düşdüm ki, Gəncə xanı Elmar Vəliyevin oğlunun təyinatına o camiədən heç kim ağız büzə bilməz.

Düzdü, Allahverdiyevin cavabı hər nə qədər üzücü olsa da, fikrimdə qəti idim – Elmir bəy futbol adamı deyilsə, yaşı azdısa, bu sahənin əlifbasını əzbər bilmirsə, deməli, seçim səhvdi. Yəni, onun təyinata qədər futbolla bağlılığı qalsın bir kənara, heç əlində topla şəklini də görməmişik. Oğul Vəliyevlə bağlı ən çox rast gəldiyimiz xəbərlərin başlıqları da "Yarım milyon dollara toy edən məmur oğlu”, "Bahalı maşın kolleksiyasına sahib olan Gəncə icra başçısının oğlu”, "Elmar Vəliyevin mühafizəçilərlə gəzən oğlu” tipli olub. Hə, bir də eşitmişik ki, "Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədridi. Vəssalam!

Vay bə, sədrə bax e… İkitərəfli sədr "Kəpəz”in "Admira” ilə Bakıda keçirilən oyununda gözümə dəymədi. Görünür, komanda ilə maraqlanmağa vaxtı belə yoxdu. O da ola bilər ki, "Kəpəz” onun heç vecinə də deyil. Nəyinə lazımdı axı? Allah bilir, indi harada istirahətdədi. Atası da qazanır, özü də. Amma bu şərt deyil. Halbuki ata-balanın qarşısına qoyulan əsas məqsəd tamam fərqlidi. Ay qardaş, özün gündə 3 dəfə yemək yeyirsənsə, heç olmasa bir dəfə də xalqı düşünməlisən də.

Həqiqətən də "Kəpəz”- "Admira” matçından sonra gördüyüm mənzərə çox acınacaqlı idi. Gəncədən avtobus tutub uzaq yol qət edərək doğma komandalarını dəstəkəməyə gələn fanatlar paytaxtda pulsuz qalmışdı. Gecənin bu vaxtında heç olmasa bir tikə çörək yeməyə pulları da yox idi. Buna görə də oyun yekunlaşandan sonra meydanda tək qalan Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna dişini qıcayıb, qəzəbli-qəzəbli baxanlar da oldu. Etiraz dalğasının yüksəlməsi Mikayıl bəyin bircə "yox!” kəlməsinə bənd idi. Ancaq şura üzvü azarkeşlərə biganə qalmadı. Cibindən çıxardığı bir neçə yüz manatla onları Gəncəyə yola saldı. Bu isə fanatların Mikayıl Nərimanoğluna xitabən "Ən böyük başqan, bizim başqan” deməsi ilə nəticələndi. Dedim, qədeş, noldu ki, iki dəqiqənin içində? "Uje” Elmir Vəliyev yaddan çıxdı? Bəlkə istefa verib, xəbərimiz yoxdu?

Aydın məsələdi ki, futbolu normal olan olan ölkələrdə klub azarkeş üçün yox, azarkeş sevimli komandası üçün pul xərcləyir. Amma onlarla özümüzü müqayisə etməyim də hardasa doğru olmaz. Çünki bizim yaşayış səviyyəsi, insanların sosial durumları ilə onlarınkı arasında Vəliyevlərin pulu qədər fərq var. Amma atası Elmar Vəliyev Gəncə əhalisi üçün iş yerlərinin açılmasında maraqlı olsaydı, bu gecə həmin xoşagəlməz mənzərəyə şahidlik etməyəcəyik. İşi olan gəncə görə 20 manat səfər xərci nədi ki? Amma kasıbçılığın üzü qara olsun. Yoxdur da, yoxdur!

Sonra da oğul Vəliyev deyir ki, "Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədriyəm. Hardaydın, ay gənclər paytaxtının gənclərinin durumundan bixəbər avropalısı??? Bəlkə bir "axtarılır” başlığı ilə "Lalafoda” elan verək?

Emin Səfərov

sport7.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]