Ölkə

Suvarma Sistemləri İdarəsində mənimsəmələr - Qəbələdə

24-07-2016, 13:01
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Qəbələ Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidovun fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmışdır. Qeyd edək ki, Qəbələ Suvarma Sistemləri İdarəsi rayonda meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Bu yönümdə idarə əkinaltı torpaqları su ilə təmin etməli, daşqın və sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirməlidir.

Məlum olduğu kimi Qəbələ rayonunda iqtisadiyyatın aparıcı sahələrindən biri də məhz kənd təsərrüfatıdır. Belə ki, hazırda rayonda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Bu səbəbdən də, rayon iqtisadiyyatının inkişafı üçün Qəbələ Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Bununla belə yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Qüdrət Həmidov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə, keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Quraq keçən illərdə işlər daha çox problemli olur. Çayların suyunun azaldığı dövrdə isə, su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir. Bu arada belə bir məqamı da qeyd etmək lazımdır ki, redaksiyamıza ünvanlanmış əksər şikayət məktublarının müəllifləri belə bir fikirdə həmrəydilər ki, Suvarma Sistemləri İdarəsinin fəaliyyətində müşahidə olunan nöqsanların çoxu məhz bu idarəyə rəhbərlik edən Qüdrət Həmidovun səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən yaranır. Bu gün narazı fermerlər hətta iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Həmçinin məlumatlarda bildirilir ki, Qəbələ Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin "nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Qüdrət Həmidovun özünə qaytarılır. Digər tərəfdən də məlumatlarda iddia olunur ki, Qüdrət Həmidov idarənin balansında olan texnikanın fərdi sifarişlər əsasında icarəyə verilməsi işini də yüksək səviyyədə təşkil edib. Təbii ki, bu zaman əldə olunan gəlirlər də idarənin hesabına deyil, müəssisə rəhbərinin cibinə daxil olur. Bütün bunlar Qəbələnin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərini, yerli fermerləri həyəcan təbili çalmağa vadar etmişdir...

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]