İqtisadiyyat

Dolların kəskin bahalaşma dövrü başladı

6-07-2016, 20:41
Dolların kəskin bahalaşma dövrü başladı
Almaniyanın dünyada 4-cü valyuta ticarətçisi olan «Deutsche Bank AG» bankı ABŞ dollarının məzənnəsinin getdikcə yüksələcəyini proqnozlaşdırır. Belə ki, ABŞ-da maliyyə durumu yaxşılaşır, Federal Ehtiyatlar Sisteminin də (FED) bu il uçot dərəcəsini qaldıracağı gözlənilir.

Bloomberg.com yazır ki, Britaniyanın Avropa Birliyindən çıxmağa dair 23 iyun referendumundan sonra dollar ticarətdə ən çox işlənən 31 valyutanın əksəriyyətinə qarşı bahalanıb.

 San-Fransisko Bankının prezidenti Con Uilyams agentliyə deyib ki, Britaniyadakı səsvermə ABŞ iqtisadiyyatına təsir göstərməyəcək və bu il uçot dərəcəsinin qaldırılması da mümkündür.

«Dollar avroya və digər valyutalara, eləcə də yeni yaranan bazarların valyutalarına qarşı möhkəmlənməlidir», - bunu «Deutsche Bank»ın Nyu-Yorkdakı təmsilçisi Alan Ruskin deyir. O, ilin sonunadək bir avronun 1.05 dollar olacağını proqnozlaşdırır. «Bloomberg» isə təhlilçilərə istinadla bir avronun 1.09 dollar olacağını proqnozlaşdırmışdı.

Bu arada dollar yapon yeniylə birlikdə bahalanır. İngiltərə Bankının rəhbəri Mark Karni deyib ki, bankın atdığı addımlar «Brexit»in yaratdığı sabitsizliyi tamamilə kompensasiya edə bilməz. Funt sterlinq son 31 ildə ən aşağı həddə enib.

«Bloomberg» yazır ki, indi ən dəqiq proqnozçular belə dolların yüksəliş dövrünün başlandığını bildirir. «Julius Baer Group Ltd.»nin Frankfurtdakı təmsilçisi David Kohl deyir ki, «Brexit» (Britaniyanın Avropa Birliyindən çıxması) məsələsi hələ həftələr və aylar ərzində gündəmdə qalacaq deyə, bu, dolların kursuna təsirini göstərəcək. 

Kohl-un proqnozuna görə, avro bu rübün sonunadək 2 faizdən çox düşəcək və 1.08 dollara bərabərləşəcək. Çərşənbə axşamı Nyu-Yorkda avro 1.11 dollara bərabər olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]