Əsas Səhifə / Yazarlar

Dəyərləndirin ki, dəyərli olasınız!

2-05-2014, 17:08
Sosial şəbəkələrdə dostluq anlayışı o qədər ucuzlaşıb ki, baxanda gülməyim gəlir. Birinin 2000, birinin 500, nə bilim, 125-filan dostları varmış. Bax, gül ancaq. Mənə deyirlər, dostluğunuzda çox az sayda adam var. Deyirəm, onlar seçilmişlərdir və hələ də seçilirlər, Sona qədər, biri qala, ya qalmaya. Necə ki, həyatımız süniləşib, eləcə də insanlarımız. Elə bilirlər ki, sənin üzünə gülürəmsə, deməli, dostunam, elə bilirlər ki, səni acılayıramsa, düşməninəm, Səhvini üzünə deyəndə paxıl oluram, amma bir neçə dəqiqə öncə can qardaş idik. Necə ki, yeməklərimiz, qidalarımız kimyalaşıb, beyinlərdə də kimyalaşma getdiyindən kütləşmişik Dost, qardaş, bacı, dəyərli, qiymətli sözləri adiləşib və əsl anlamını itirib. Məncə dost, ikinci sənsən, məncə dost sənin fikrindir, sənin ailəndir, sənin qanındır, sənin dərdindir, sevincindir, kədərindir, ümidindir, etimadındır. Bax, bunlar olmasa, nə o dostdan dost olar, nə də halına yanan, yol göstərən, arxa-dayaq. Heç nə, ancaq işinə gələndə yalandan gülər üzünə, işinə lazım olmayınca, yada salmaz. Lap əgər şəxsi xeyri varsa, ayağının altına qoyub, yuxarı qalxar.

Belələri lap çoxdur hər anımızda, hər yerdə, həyatımızın hər anında rastlaşırıq onlarla Amma bir tərəfdən də belələri olmasa, yaxşılar seçilməz, qədri bilinməz axı?? Həyatda hər cür xasiyyətli, hər cür zövqlü insanlar vardır və insanların bir-birindən fərqlənməsi tam təbiidir, amma insan ən əsası, saxtakar olmamalı, laqeyd olmamalıdır. İstər qadın, istər kişi, kimsəyə bir söz verən zaman, öncədən düşünməli, çünki sonradan olan səhvlər psixoloji travma vura bilər əzizim dediyin birinə. Sözünü tuta bilməyən biri heç vaxt söz verməsin gərək, ya da şəxsi istəklərinin qarşısını ala bilsin gərək.

Bax, əsl dostluq, qardaşlıq yolunda verilən sınaq budur, əsl insan, əsl dost qarşısındakı insanın yaşından asılı olmayaraq, əgər doğru deyirsə, onunla razılaşmalı, əgər günahı varsa üzr istəməyi bacarmalıdır. Əgər dostu doğru yolda deyilsə, ondan üz çevirməkdənsə, onu doğru yola gətirmək üçün çalışmalıdır. Nə bahasına olur olsun, üz çevirməməlidir.

Çox təəssüf ki, indiki insanlarda bu iradə, bu istək, bu sevgi qalmayıb. Hər kəs öz mənfəətini güdür, hər kəs öz sağlığını düşünür, hər kəs “mənəm-mənəm” deyir, amma anlamır ki, ürəkləri bilən Allahım hər kəsin hədiyyəsini verəcək. İnsanlar anlamır ki, hər kəsə etdikləri pis niyyətli əməlləri onların özünə qarşı yönəldiləcək silah olacaq. Kaş ki, insanlar bunu anlayardı, kaş ki, insanlar gözləri görə-görə, qəlbləri kor olmasaydı. Bax o zaman, həyatda sağlam sevgilər, sağlam dostluqlar mütləq tapılardı, mütləq insanlar yardımsevər olardılar, insanlar əltutan, darda qalana kömək edən, ürəkdən sevinən, ürəkdən kədərlənən olardılar. Dostlar bir birinə etibar edərdilər, hər kəlmələrinə inanardılar. Yalansız olardılar, həyatımız cənnət olardı, deyilmi?

Bəs niyə biz nankorlar həyatımızı lazımsız , səbəbsiz bəhanələrlə kədərləndiririk? Hər zaman doğruları söyləmək, hər zaman doğru insan olmaq inanın ki, çətin deyil, gəlin buna can ataq, gəlin həyatımızı sevincli yaşayaq!

Qazanmaq çox çətin, itirməksə çox asandır. Çox çətinliklərlə qazandığımız dostlarımızı itirməyə çalışmayaq, danışaq, anlaşaq. Fikirlərə hörmət edək ,əsl insan olduğumuzu, şüurlu insan olduğumuzu, nəfslərinə sahib çıxan insan olduğumuzu sübut edək. Düşünün ki, ən çətin anınızda belə elə insan vardır ki, siz onu adi insan deyil də, dağlar kimi vüqarlı, güclü bir varlıq hesab edirsiniz , nə qədər çətin olsa belə O vardır və O heç nə etməsə belə, qorxma, mən ölməmişəm, yanındayam deməsi nələrə dəyməz ki? Hansı dünya malı bunu əvəz edə bilər ki? Hansı var-dövlət dost sevgisini əvəz edər ki? Dostlarınızın qədrini bilin, əsl dost hər an qarşımıza çıxmır. Dəyər verin ki, dəyərli olun!

Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]