Siyasət

Ruhani İrəvana getsə İlham Əliyev İsrailə səfər edəcək

13-06-2016, 00:45
Belə görünür ki, Azərbaycanın müstəqilliyini əldə etməsindən dörddə bir əsr keçdiyi bir vaxtda bizim hakimiyyət əsasən prezident İlham Əliyevin xarici siyasət doktrinası sayəsində bütün əsas geosiyasi aktyorlarla stabil qarşılıqlı münasibətlər sistemi qura bilib. Azərbaycanın nə aparıcı beynəlxalq oyunçuların, nə qonşuların heç biri ilə problemi yoxdur. Təbii ki, İlham Əliyevin işləyib hazırladığı doktrinada işğalçı Ermənistan istisnadır. Və Azərbaycan prezidenti hakimiyyətə gələndən sonra Qarabağa dair nizamlama prosesində sıfır nöqtəsinə qayıdıb və erməni təcavüzünə qarşı hücum taktikası seçib.

Beləliklə, İlham Əliyevin xarici siyasət strategiyasına baxışlar sistemi regional təhlükəsizliyi və qüvvələr nisbətini kökündən dəyişdirib.



Əgər qızğın 90-cı illərdə, Şərqə doğru total liberal yürüşün başladığı dövrlərdə Azərbaycan Heydər Əliyevin yürütdüyü maraqların balanslaşdırılması strategiyasına hərçənd nəzəri də olsa üstünlük verirdisə hər halda ağırlıq mərkəzi avroatlantik inteqrasiyaya doğru meyllənmişdi. Ancaq 2000-ci illərin ortalarından başlayaraq məşhur maraqların balanslaşdırılması strategiyası ardıcıl olaraq həyata keçirilməyə başladı.

İlham Əliyev hələ on il əvvəl ağla gəlməyən, 25 il əvvəl isə ümumiyyətlə illüziya kimi qəbul edilə biləcək ideyanı həyata keçirdi. Azərbaycan əvvəllər Ermənistanla hərbi-siyasi müttəfiqliyinə və xarakterinin gücünə görə az qala düşmənçilik mövqeyində olan Rusiyanı möhkəm və etibarlı tərəfdaşa çevirdi. Xəzərdəki çəkişmələrə son qoydu və Türkmənistanla münasibətləri qaydaya saldı, Türkiyə ilə hərbi-siyasi müttəfiqliyi möhkəmləndirdi. Ermənistanı Belarus və Qazaxıstanla bağlayan hərbi-siyasi bağları sökdü, bu ölkələrlə yeni iqtisadi münasibətlər platforması işləyib hazırladı...Və bunlar hələ son deyil!

Qonşuluqdakı enerji nəhənginin dirçəlməkdə olduğu bir vaxtda inqilab lokomotivinə çevrilən və daxili çəkişmələrin baş alıb getdiyi Gürcüstan geosiyasi toqquşmalar arenasına çevrilmişdi. Lakin Azərbaycan özünəxas siyasətini davam etdirdi, bu qanlı çəkişmələrə qarışmadı və orada formalaşan sosial-iqtisadi quruluşlardan asılı olmayaraq gürcü dövlətinin iqtisadi stabilliyinin qarantı oldu.

Azərbaycanın xarici siyasət prioriteti-qonşuların, dostların, hətta düşmənlərin belə daxili işlərinə qarışmamaqdır. Uğur isə ortadadır-bu siyasət Gürcüstanda bir-birinə diametral zidd mövqelərdə dayanan siyasi liderləri Azərbaycana qazandırdı: həm İvanişvili, həm Saakaşvili Bakını etibarlı siyasi müttəfiq elan etdi.



Azərbaycan nəinki başqa ölkələrin daxili siyasətinə qarışmadı, eyni zamanda praktiki olaraq bütün aparıcı dövlətləri, ilk növbədə hegemon Qərbi və Rusiya kimi superderjavanı elə situasiyada qoydu ki, yeni dünya düzənini formalaşdıran bu güclərin özləri də Azərbaycanın daxili işlərinə qarışmağı dayandırdılar.

Qərb liberal dəyənəyini bir kənara qoydu, Azərbaycanla münasibətlərdə üstünlüyü energetikaya və təhlükəsizliyə verdi. Rusiya isə Bakıya düşmən kəsilən "milyarderlər ittifaqı” kimi hibrid çevrələri əritdi, separatçılığı qızışdırmaq və tirajdan düşmüş rusiyayönümlü siyasətçiləri fetişləşdirmək yolu ilə cənub qonşusuna təzyiq göstərmək təcrübəsindən əl çəkdi.

Azərbaycanda nə NATO var, nə Rusiya, heç Çin də yoxdur. Amma Azərbaycanın həm NATO, həm Rusiya ilə möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. Və Azərbaycan artıq Çinlə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunur.

Azərbaycan özünün müstəqil energetika siyasətini həyata keçirir, regional və beynəlxalq kommunikasiyalar, nəqliyyat arteriyaları sistemi yaradır, Rusiyaya asimmetrik "kəmər siyasəti” aparıb onun hərbi-siyasi qarşıdurmada olduğu Qərbin energetika təhlükəsizliyini təmin edir. Eyni zamanda qüdrətli Kremlin qəzəbini də özünə qarşı yönəltmir.

Məhz İlham Əliyevin incə şərq diplomatiyası Azərbaycanın iştirakı ilə iki regional geosiyasi oxun formalaşmasına gətirib çıxarıb-Türkiyə-Azərbaycan-Gürcüstan və Rusiya-Azərbaycan-İran.

Bu usta və həqiqətən virtuoz xarici siyasətin pik nöqtəsi bütün dünya ictimaiyyətinin, bir-birinə qarşı antaqonist əhvalda olan aktyorların Qarabağ münaqişəsinin nizamlanmasına dair konsolidasiya olunmuş mövqeyinin formalaşması oldu. Deyək ki, əgər Qərb Kosovonu tanıyıbsa, Rusiya bu oyuncaq dövləti inkar edir, yaxud Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıyır, dəstəkləyir, Qərb isə bu bölgələrin öz müqəddəratını təyin etməsini inkar edir. Qarabağ məsələsində isə onlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə yönələn ortaq mövqe ifadə edirlər. Etnosiyasi mübahisəli məsələlərin heç birinə dair belə presedent mövcud deyil!



Və şübhəsiz ki, Azərbaycanın xarici siyasət doktrinasında İran xüsusi yer tutur. Əgər Heydər Əliyevin hakimiyyətə gəlişi və müvafiq olaraq başıpozuq pantürkist, hay-küyçü əhval ruhiyyənin qarşısının alınması ilə Tehranla partnyoruğun əsası qoyuldusa İlham Əliyevin hakimiyyəti dövründə aparıcı regional nəhənglərdən biri ilə münasibətlər daha yüksək səviyyəyə qalxdı. Liderlər və dövlətlər arasında məhək daşları unudulmuş tarixə atıldı. Azərbaycan özünü İrana qarşı daha səmimi aparmağa başladı. Dini-mənəvi oriyentirlərdən və əlbətdə ki, özünün daxili işlərə qarışmamaq doktrinasından çıxış edərək Azərbaycan anti-iran platformasında yer almaqda qəti imtina etdi. Bu zaman bəzən İranda azərbaycanlıların sıxışdırılmasına, milli özünüdərkin qarşısının alınmasına göz yummaq lazım gəldi.

Bununla bərabər Bakı İsraillə müttəfiqlik münasibətlərinə baxmayaraq qonşu İrana hörmət əlaməti olaraq indiyə qədər Yerusəlimdə səfirlik açmayıb. Və İlham Əliyev də bu vaxta qədər İsrailə rəsmi səfər etməyib. Hərçənd ki, müsəlman İrandan fərqli olaraq İsrail Azərbaycana qardaş köməyi göstərib və göstərməkdə davam edir!



Azərbaycan necə hərəkət edib? Bəyəm rəsmi Bakı 2011-ci il dekabrın 13-də erməni parlamentində Ermənistanın və İranın ərazi mübahisələrinə dair mövqeyinin üst-üstə düşdüyünü elan edən ekstravaqant və xoşagəlməz Əhmədinejadın vaxtında Tehranın yürütdüyü məkrli diplomatiyaya qəzəbli cavab verib?! Heç də yox! Azərbaycan emosiyalarını cilovlayıb, İran siyasətçilərində nəhayət ağlın, idrakın qalib gələcəyinə ümid edib.

Qərblə danışıqlarda Azərbaycan hökuməti həmişə İrana qarşı sanksiyaların götürülməsinin lehinə çıxış edib, Tehranın beynəlxalq təcridini pisləyib. Və bu, bir daha təkrar edirik ki, İranın Ermənistanla açıq müttəfiqliik münasibətləri fonunda baş verib. Ermənistan özünün 2007-ci ildə qəbul edilmiş milli təhlükəsizlik strategiyasında İrana qarşı genişmiqyaslı sanksiyaların tətbiqini öz təhlükəsizliyinə başlıca təhdidlərdən biri kimi göstərib. Ermənistan İranı "çətin günlərin ən etibarlı dostu” (Serj Sərkisyanın İran parlamentində 2009-cu il martın 13-də etdiyi çıxışdan) elan edib.

İran Ermənistanı bacardığı hər şeylə təchiz edir-qazla, neftlə, kreditlərlə...Boru kəmərləri, yollar tikib, iri iqtisadi layihələr həyata keçirib. Qarabağda dinc müsəlmanları qıran Ermənistanla siyasi flört hərdən elə abırsızlıq dərəcəsinə çatıb ki, İran şirkətləri işğal edilmiş Azərbaycan ərazilərində öz filiallarını da açıblar. İran kimi təcridə yuvarlanmış Ermənistan cənubdan aldığı "qardaş köməyi” ilə yaşayıb! Həmin cənubdan ki, özünü dünya şiəliyinin mərkəzi elan edib. Və dünya şiəliyinin mərkəzinin Ermənistanı oksigen yastığı ilə təchiz etdiyi bir vaxtda Arazın o tayında yaşayan azərbaycanlılar və şiələrin eynilərini Qarabağda qətlə yetiriblər.



Lakin İlham Əliyevin çoxyönlü diplomatiyası və İran siyasətində yeni islahatçı kurs iki ölkə münasibətlərinin mürəkkəb tarixində yeni səhifə açdı. Belə görünürdü ki, İlham Əliyevin il yarım əvvəl İrana tarixi səfəri tarixi stereotipləri sındırdı və münasibətlərdə dönüş anı, yeni istinad nöqtəsi oldu. Axı İranla mühüm razılaşmalar əldə edilmişdi. Beləliklə, İran siyasətçilərində ağlın, idrakın qalib gəldiyinə inanmaq istəyirdik!

Xüsusən də İlham Əliyev Tehranda İran hökumətini iqtisadi tərəfdaşlığı siyasi münasibətlər və qarşılıqlı anlaşma səviyyəsinə qaldırmağa çağırdı. Burada iki ölkənin dəmir yol kommunikasiyalarının birləşdirilməsi layihəsi, İran Astarası ilə Azərbaycan arasında dəmir yol körpüsünün tikintisi, yüklərin tranziti və energetika sistemlərinin birləşdirilməsi layihəsi, neft məhsullarının svap təchizatı perspektivləri, habelə neft yataqlarının birgə işlənməsi də daxil idi.

Nəhayət söhbət Tehranın "dörd dəhliz” dövlət siyasətinə uyğun olan strateji əhəmiyyətli "Şimal-Cənub” ticarət-nəqliyyat dəhlizindən gedirdi. Əlbətdə, İran istənilən başqa iri dövlət kimi nəqliyyat marşrutlarının diversifikasiyasında maraqlıdır. Ancaq Azərbaycanın infrastrukturunun inkişafı, habelə coğrafi mövqeyi Ruhani hökuməti üçün strateji əhəmiyyət kəsb etməli idi. Əlbətdə, məntiqlə belə olmalıydı...Amma!



Və əlbətdə ki, Azərbaycanın Suriya probleminin həllinə dair prinsipial yanaşması onun Fələstin məsələsi ilə bağlı müsəlman dünyası ilə həmrəyliyini bir kənara qoysaq belə, İranın üzərinə Azərbaycana qarşı ölçülüb-biçilmiş, məsuliyyətli siyasət yürütmək öhdəliyi qoyurdu. Bu ölkənin liderlərinin tez-tez təkrarladığı kimi qardaş Azərbaycana qarşı! Əlbətdə, məntiqlə belə olmalı idi...Amma!

Amma Ermənistan xarici işlər naziri Edvard Nalbəndyana islahatçı-prezident (?!) Həsən Ruhaninin sarayında dəbdəbəli qəbul təşkil edərək Azərbaycanın İranla münasibətləri normallaşdırmaq, daha yüksək səviyyəyə qaldırmaq səylərinin üstündən az qala xətt çəkdilər. Bakıda şiə mollalarının aprel döyüşləri zamanı həlak olmuş azərbaycanlı şiə şəhidlərin ruhuna oxuduqları duaların sədası kəsilməmiş İranda qardaş Ermənistana hərtərəfli dəstək haqda danışdılar. Ruhani isə üstəlik Nalbəndyandan xahiş etdi ki, onun səmimi və isti salamlarını, xoş arzularını Sərkisyana çatdırsın!

Bundan əlavə, müsəlman İranı və yüzlərlə Azərbaycan müsəlmanını qan gölündə boğmuş Ermənistan və onun cinayətkar rejimi tərəfdaşlıq və qardaşlıq haqqında razılıq əldə ediblər – viza rejimi liberallaşdırılıb, ticarət, energetika, nəqliyyat, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlıq edilir. İran və Ermənistan strateji müttəfiqliyin yeni səviyyəsi haqqında saziş imzalayıblar. İran prezidenti isə bəyan edib ki, sevinc hissi ilə tezliklə Ermənistana səfər edəcək və Ermənistanla "regional əməkdaşlığa və terrorçuluqla mübarizəyə” hazırdır.

Ermənistan hakimiyyəti "terrorçuluq” dedikdə Azərbaycanla mübarizəni başa düşür. Ermənistan prezidentinin və siyasətçilərinin bəyanatları bu müddəa ilə dolub-daşır. Bəs İran və Ruhani bunu deyəndə nəyi qəsd edir, sual budur!



Hər necə olursa olsun, Nalbandyanı qəbul edərkən Həsən Ruhani açıq şəkildə deyib ki, Ermənistan İranın dostu və müttəfiqidir.

Ruhani ilə görüşdə Nalbandyanın bəyanatında ən paradoksal və qıcıq doğuran bilirsinizmi nədir? Erməni nazir açıq şəkildə İrana Qarabağ məsələsindəki mövqeyinə görə minnətdarlıq etdi. Sual olunur, erməni nazirin digər ölkənin prezidentinə hansı halda minnətdarlığını bildirdiyini - həm Azərbaycan ictimaiyyəti, həm də ölkəmizin hakimiyyəti- çox yaxşı anlayırıq.

İran seçimini edib. Bu ölkənin hökuməti Qarabağ məsələsinə görə əlləri minlərlə azərbaycanlının qanına batmış Sarkisyanı tamamilə qane edən mövqe sərgiləyir.

İndi isə başqa suala keçək – Azərbaycanın siyasətində İranı nə narazı salıb? Tehran nədən narazıdır?! Son illərdə İran Azərbaycanı "sionist rejim”lə əməkdaşlıqda günahlandırırdı ki, bu deyim altında ABŞ və İsrail nəzərdə tutulur.

Bu "sionist rejim”in qanadlarından biri ilə İran siyasi barışığa gəlib. ABŞ-ı tez-tələsik İblisin "əqrəba”sı siyahısından çıxarılıb. Ancaq İsraillə düşmənçilik davam edir. O İsraillə ki, ən çətin vaxtında azərbaycanlı şiələrə ən müasir silahları verir, erməni işğalını pisləyir, Qarabağın azad olunmasını və İran hökumətinin dostu olduğu Sarkisyan ordusunun bu ərazilərdən şərtsiz çıxarılmasını tələb edir. Ermənistanın apreldəki naqis hücumu və azərbaycanlı şiələrin öldürülməsindən sonra Həsən Ruhani Sarkisyana dostluq əli uzadır. "Sionist rejim”in başçısı Binyamin Netanyahu isə bəyan edir ki, Azərbaycana səfər edəcək.

Ən adi məntiq belə diktə edir ki, bu vəziyyətdə kim dost, kim düşməndir!



Əgər Ruhani İrəvana gedərək Sarkisyanın şiələrin qanına bulaşmış əlini sıxmağa hazırdırsa, Azərbaycan prezidenti İlham Əliyev, nəhayət, yekun qərar verməli və İsrailə tarixi səfər etməlidir. Əlbəttə ki, bu səfər çərçivəsində Qüdsdə Azərbaycan səfirliyini təntənəli şəkildə açmaq şərtilə.

Aprel müharibəsi və onun müsəlman Azərbaycanındakı din qardaşlarını satmış İran rəhbərliyinin ikiüzlü siyasəti regional təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edir. İsrail silahının gücü, nə qədər pafoslu səslənsə də, müdafiəsiz azərbaycanlı şiələri İranın dəstək verdiyi Sarkisyan ordusunun qanlı hücumundan xilas etdi. Ona görə də İsrail Qüdsündə Azərbaycanın üçrəngli bayrağını qaldırmağın zamanı yetişib!

Eynulla Fətullayev

Administratorla əlaqə

077 611-55-22

[email protected]