Ölkə

DYP-dən daha bir müdhiş fırıldaq -İDDİA

29-05-2016, 17:42
Polisin adamı təktərəfli yollarda aşağı sürətlə hərəkət edir, tıxac yaranır və arxadakı maşınlar ötmə edərkən yaxalanırlar 

Ölkədə DYP işçilərinin ağlına gəlməyən hadisə və ya plan yoxdur. İndiyə qədər bütün həlləm-qəlləm işlərdən çıxaraq, böyük pullar qazanmağa nail olmuş idarənin işçiləri, hər gün yeni-yeni taktikalar barədə düşünərək, imkanlarını genişləndirməyə çalışırlar.

Politika.Az xəbər verir ki, DYP əməkdaşlarının növbəti müdhiş fırıldağı isə ən unikallardan biri hesab olunmalıdır. Belə ki, polis əməkdaşları özlərinin adamlarına avtomobili verərək, onları birtərəfli yola çıxarır və təlimat verirlər ki, sürət həddi hətta 90 olsa belə, 20-dən artıq sürətlə sürməsin. Bu zaman, düz xətt olduğundan ötmə əməliyatını reallaşdırmaq isə cərimə sayılır və nəticədə, həmin avtomobilin arxasında böyük bir kalon yaranır.

Uzaq yol sürən sürücülər qarşıda gedən və yolu bağlamış olan avtomobilin sahibinə hər nə qədər işarə verib, kənara çəkilməsini istəsələr də nəticə hasil olmur. Və əsəblər tarıma çəkilir, sürət həddi artırılır, düz xətt tapdalanır və ötmə əməliyyatı həyata keçirilir. Bu isə DYP işçilərinin arzuladığı ən gözəl andır. Və dərhal həmin avtomobilin arxasınca sürərək, saxlatdırırlar. Sənədlər alınır, cərimə yazılır və məsələ də bitir. Bəzən, protokol yazılmır, əvəzinə yerində «cərimə» ödənilir, vəssəlam.

Sürücülər bildirirlər ki, belə hallar əsasən rayonlararası şosselərdə daha çox baş verir. Həmin yollara nəzarət edən DYP əməkdaşları özləri qəsdən şərait yaradırlar ki, sürücülərə cərimə yaza bilsinlər. Lakin qanunvericilikdə bu da tənzimlənib. Sürücülər bilmirlərsə, bunu araşdırıb, həmin polislərin üzünə vura bilərlər.

Belə ki, əgər qarşıda gedən avtomobil yol üçün nəzərdə tutulan sürət həddindən aşağı sürətlə hərəkət edirsə və bununla yolu bağlayırsa, dərhal ora DYP əməkdaşları gəlməli, həmin avtomobili yoldan kənarlaşdırmalı və tıxacın yaranmasının qarşısını almalıdırlar. Bu zaman həmin aşağı sürətlə sürən sürücüyə cərimə də tətbiq oluna bilər.

Lakin görünən odur ki, DYP əməkdaşları öz adamlarına təlimat verməklə, başqalarının cibini «kəsmək» üçün çalışırlar. Onları yolu bağlayan deyil, düz xətti tapdayan sürücü daha cəzbedicidir. Çünki qaydanı pozan sürücü əsl gəlir mənbəyidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]