Gündəm

Rövnəq Abdullayevə açıq məktub: SOCAR-da kadrlar sıradan çıxarılır!!!

29-05-2016, 04:02
Sosial Şəbəkələrdə ARDNŞ-ın rəhbərliyinə ünvanlanmış məktubla qarşılaşdım 12 saat əvvəl yazılmış məktubda ürək parçalayan çarəsiz atanın ah-naləsi vardı. Buna bir vətəndaş, bir insan kimi biganə qala bilmədim. Bu şəxsin nailə dolu mətubunu oxuyanda bir ata kimi özümə sual etdim! görəsən bu məktubu Rövnəq müəllim oxumayıbmı ki, bu insan dayanmadan neçə aydır sosial şəbəkədə bu barədə yazır. Məktubu bütünlüklə olduğu kimi sizlərə təqdim edirik.

Vuqar Qocayev bu gün redaksiyamıza təşlif buyuraraq şikayətini bir daha yazılı sürətdə bizə təqdim edərək dərc olunmasını xahiş etdi. Və bu məktubun ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubun məhs şikayət etdiyi qurumun müavini tərəfindən cavablandırıldığının bizə təqdim etdi.

Bu barə də geniş yazımızı qısa müddətdə sizlərə təqdim edəcəyik… Bizi izləməyi unutmayın. Xeberman.com 
 
 

Hörmətli Rövnəq müəllim!
 
Mən Vüqar Osman oğlu Qocayev 10.10.1983-cü ildə Bakı şəhərində anadan olmuşam, ailəliyəm, iki övladım var. Hal-hazırda Qaz İxrac İdarəsi Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Texniki İstismar şöbəsində 10-cu dərəcəli mühəndis işləyirəm.
 
İlk öncə SOCAR-ın Prezidenti olaraq Sizə müraciət etməyimi özümə borc bilirəm. İlk növbədə onu qeyd etməliyəm ki, mən də öz növbəmdə cəmiyyətdə tutduğum mövqeylə çalışıram ki, bizə həvalə olunan xidmətimizi layiqincə yerinə yetirim.
 
2004-cü ildən qaz təsərrüfatında və magistral qaz kəmərlərinin nəqli sistemində müxtəlif peşə və vəzifələrdə çilingər, usta, mühəndis, xidmət rəisi əvəzi, xidmət rəisi və s. işləmişəm. Son dövrdə Qəza Bərpa Xidmətinin rəisi (13-cü dərəcəli) vəzifəsindən (səbəbləri var) öz xahişim ilə 14.10.2015 tarixində əvvəl işlədiyim Texniki İstismar şöbəsinə 11-ci dərəcəli mühəndis qayıtmışam. Hətta 11-ci dərəcəli mühəndis vəzifəsindən 20.10.2015 tarixli 761 saylı əmrlə 26.10.2015 tarixindən növbəti əmək məzuniyyətinə də çıxmışam. Əmək məzuniyyətimin ortasında Sahənin rəisi Mətləb Vahidov mənə zəng vuraraq idarəyə çağırmış və 20 saylı yazını ləğv elədiyini və mənim yenidən Qəza Bərpa Xidmətinin rəisi vəzifəsində getdiyimi bildirib və heç elə bil ki, Texniki İstismar şöbəsinə keçməmiş kimi maaş fərqinin ödəniləcəyini və mənim sonradan həmin şöbəyə 11-ci dərəcəli mühəndis qayıdacağıma köməklik edəcəyini bildirib.
Mən 18.01.2016 tarixinə qədər Qəza Bərpa Xidmətində rəis işləyəndən sonra məni Texniki İstismar şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirib. Texniki İstismar şöbəsində işlədiyim mühəndis vəzifəsi üçün mənə 11-ci dərəcənin verilməsi üçün "Tarif ixtisas dərəcələrinin artırılması ilə əlaqədar yaradılmış komissiya”ya oktyabr 2014-cü ildə ərizə ilə müraciət etmişdim və yaradılmış komissiyaya imtahan verdikdən sonra mənə noyabr 2014-cü ildə 11-ci dərəcəli mühəndis verilmişdir. Buna baxmayaraq hal hazırda həmin şöbədə 10-cu dərəcəli mühəndis işləyirəm. Şöbədə əvvəl işlədiyim 11-ci dərəcəli mühəndis üçün vakant yer də mövcuddur. Ailə vəziyyətim ilə əlaqədar tək mən işlədiyim üçün və "Tarif ixtisas dərəcələrinin artırılması ilə əlaqədar yaradılmış komissiya” üzvlərinin noyabr 2014-cü ildəki protokolunu nəzərə alaraq mənə verilmiş 11-ci dərəcənin bərpa olunması üçün Rəis Mətləb Vahidova ərizə ilə müraciət də eləmişəm, amma heç bir köməklik göstərməyib. Sahədə Texniki İstismar şöbəsinin rəisi vəzifəsinə vakant yer mövcud olanda Rəis Mətləb Vahidova bu vakant yer üçün İnsan Resursları səviyyəsində imtahana, müsahibəyə hazır olduğumu və biz kadrlara perspektiv inkişaf üçün dəstək olmağını xahiş etmişəm. Amma o məni alçaldıcı sözlərlə təhqir edərək mənim öz kadrlarım var, səni kadr saymıram və İnsan Resursları səviyyəsində kadrlara ehtiyacı olmadığını mənə bildirmişdir.
 
 

Mən bu sahədə bu sahə rəisinin rəhbərliyi altında heç bir perspektiv olmadığını gördüyüm üçün SOCAR-ın rəsmi saytında daxili vakansiyaya çıxmış Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə Nəzəri tədris mütəxəssisi (qaz təsərrüfatı üzrə) vakansiyası üzrə sənədlərimi göndərdim. İnsan Resursları Departamentində müsahibədə vaxtın uzadılmasına və sualların çoxluğuna baxmadan uğurla iştirak etdim. Müsahibənin nəticəsinə görə mən ARDNŞ-ın Kadr ehtiyatı bazasına (KEB) daxil edildim və müsahibəyə görə mənə həmin vakans üzrə 13-cü dərəcə də verilib. Yəqin ki, müsahibədə göstərdiyim bilik və bacarıqlar nəzarət kamerası ilə lentə alınıb, istənilən vaxt müşahidə eləmək olar və nədən bu vakansiya üzrə Kadr Ehtiyyatı bazasına daxil edildiyim barədə heç bir məlumatım yoxdur.
 
ARDNŞ-ın kadr ehtiyatı bazasında olduğuma baxmayaraq işlədiyim Texniki İstismar Şöbəsinə Əli Novruzov adında şəxs Sahənin rəisi tərəfindən sənədləri göndərilərək təsdiq və təqdim elətdirilmişdir. Həmin Əli Novruzov ümumiyyətcə magistral qaz kəmərlərinin nəqli sistemində, həmin şöbədə və onun xidmətlərində işləməyib. Həmin vakansiya üzrə imtahan verməyib, tələb olunan iş stajına və ixtisasa uyğun olmayan şəxsdir. Bu sahə və şöbə üzrə qaz təsərrüfatının pasportlaşdırılması işləri, texniki sənədləşmələr, iş planları, buraxılış naryadlarının verilməsi, aylıq hesabatlar, texniki-texnoloji itkilərin hesabatları, lazım olan struktur, funksional, prinsipial sxemlərin hazırlanmasını, şöbəyə daxil olan məktublar, müraciətlər, təkliflərin araşdırılmasını və icrasını bacarmayan şəxsdir. Bu vakansiyaya cavab verməyən Altmış yaşında olan bu şəxs bu işləri bacarmayıb və heç vaxtda öyrənib hansısa nəticə verən deyil.
Biz gənc kadrlarda şəxsi mənafeylərini güdən rəislərin özü kimi qeyri-peşakar kadrların yerləşdirilməsinə görə daim kənarda qalırıq. Sahəyə rəhbərlik edəndən sonra rəis Mətləb Vahidov Əli Novruzov kimi bu sahə üzrə qeyri-peşəkar şəxsləri kənardan gətirərək Tahir Həsənovu Xidmət rəisi , hətta diplomu olmayan bu sahə üzrə uyğun gəlməyən Ukraynada indi təhsil almağa başlayan Qüdrət Hüseynovu Baş mühəndisə müavin təyin elətdirmişdir. Həmin baş mühəndisdiki Azər Aşurov mən Qəza Bərpa Xidmətində rəis işlədiyim müddətdə qol çəkilmiş və təsdiq olunmuş tabeldə gizli olaraq işçilərə kadrlar üzrə mütəxəssis Xanımbacının əliylə əlavə işdə olmadığı günlərə heç bir əsəs olmadan iş günü yazdırırdı. Mənim Xidməti yazımdan sonra kadrlar üzrə mütəxəssisə şiddətli töhmət verildikdən sonra bunun qabağı alınmışdır. Həmin Azər Aşurovdur ki, buna oxşaq hərəkətlərinə görə Neft Daşlarında iki ay işləyə bilmədi. Amma hələ də öz şəxsi mənafeyləri üçün həmin şəxslər biz kadrları qeyri qanuni hərəkətləri ilə qisas ala biləcəklərini fikirləşərək ləkələyirlər. Həmin Azər Aşurovdu ki, həyat yoldaşını sahəyə yardımçı fəhlə düzəltdirir və məni başqa otağa qovalayaraq Texniki şöbədə mənim yerimdə otuzdurur.
 
 

İllərcə dövlətin bizə verdiyi maaşa sığınaraq bu bilik və bacarıqlarımızı artırmışıq. Bu qeyri-peşəkar şöbə rəisinin bizdən tələb etdiyi də vəzifəmizdən kənar işlər olur. Hətta bunu rəis Mətləb Vahidova qanunla müəyyən olunmuş həqiqi yolu tərəfimdən deyilsədə bunu qəbul etmək istəmir təhqir eləyir, qışqırır, lotu adlandırır, səviyyəsiz deyərək alçaldır, dərəcəmi kəsdiyi kimi maaşımı kəsməklə balalarımı ac qoymaqla, töhmət verməklə hədələyir, hətta ləkələməkdən, şərləməkdən belə çəkinmir. Sahə üzrə işçilərin dəfələrlə maaşından tutulması əmrləri verir, nə qədər işçini işdən uzaqlaşdırmışdır. Nə qədər işçi öz xahişiylə işdən gedib birdəfəlik ölkəni tərk eləmişdir. Əlbətdə mənim Qəza Bərpa Xidmətindən rəis vəzifəsindən çıxmağımın da ayrı səbəbləri, orda gördükləri işlərin də ayrı aləmi var, sahə üzrə ayrılıqda hər nöqsanlar barədə yazmaqla da yazdığım səhifələrin sayını artırmaq fikrim də yoxdur.
 
Kadr Ehtiyyatı Bazasında namizədliyimin bir il müddətdə saxlandığını bildirdilər mənə, bunun səbəbini soruşanda ola bilsin bir il sonra psixoloji problemlərimin ola biləcəyini və buna görə də müddət qoyulduğunu dedilər. Görünür belə hallara qarşı tədbir görülməzsə istənilən kadrın qeyri peşəkar birdəfəyə rəisliyə meyilli olan bu şəxslərlə işlədikcə nə qədər səbr nümayiş etdirsədə həmin müddətdən qabaq pisixoloji xəstə olar. Kadr siyasətində əsas funksiya kadr məsələləri üzrə fəaliyyət göstərməlidir və şirkətin məqsədlərinə nail olmağa xidmət etməlidir. Amma Mətləb Vahidov kimi rəislərdən heç bir gənc peşəkar kadrlara ziyanı dəyməsin dəstək də gözləmirəm. Ziyanı dəyməsin nəyə görə deyirim mənə deyir ki, hələ lazım gəlsə zəng eləyərəm İnsan Resurslarına əlaqələrim olduğu adamlara sənin işini pozaram, ondan başqa nə gözləmək olar belələrindən.
 
Əlbəttə bu gün mən mühəndis 510 manat maaş alıram. Gecələr yoldaşım qoğal bişirir satır, mən də işdən sonra ayıq sürücü xidmətində işləyirəm. Hələ özüm biryana övladımı yoldaşımı müalicə elətdirə bilmirəm. Biz kadrların dərəcəsini, maaşını kəsmək olar təki bunların kartlarına maaşdan əlavə yazılan o min manatlar kəsilməsin. Bununla yanaşı bütün təzyiqlərə baxmayaraq səhər də işdə səbr edərək öz işimi layiqli şəkildə yerinə yetirirəm və ümid edirəm İnsan Resursları mənə nümayiş etdirdiyim bilik, bacarığıma görə iş təklif edəcək, öz işimlə peşəkar gənc kadrların hazırlanmasına dəstək olacam. Bütün bunlar dövlətimizin inkişafı uğrunda övladlarımı layiqli, ideal vətəndaş kimi böyütmək üçündür.
 
Döyüşlərdə şəhid olan beş əsgər boyda olan amma heç hərbi xidmətdə də olmayan bu müəllim deməyə dilim gəlmədiyi bu şəxsin hansı orqanda işləyib bu vəzifəyə kimin köməkliyinnən gəldiyini də bilirik. Heç olmasa onların adından istifadə eləyib haqsızlıqlar eləməsin, Həyata açıq gözlə baxa bilsin. Bəli Mətləbin yuxarıdan aşağı baxdığı, təhqir elədiyi mən gecələr arvadı qoğal bişirib səhərlər otuz qəpiyə qoğal satan, gündüz mühəndislik eləyən, gecələrdə içkili insanları aparan kadr saymadıqları mühəndisəm. Çünki bunlar özləri bu işin kadrları deyillər və mənim qədər heç olmasa İnsan Resursları bildikləri Departamentə tapşıranı olmadan imtahan verməyə qadirdilərmi? Hər gecə on iki yaşında oğlum yerini batıranda, gecələr qorxu içində yatanda səhər məndən soruşur ata məni nə vaxt həkimə aparasan. Nə cavab verim, deyim ki, nə İnsan Resurslarının nəticəsinə, nə də imtahan verib illərcə yorulmaz xidmətlərimlə pillə-pillə qalxdığım o kəsilmiş dərəcəmi, maaşımı Mətləb insafa gəlib bərpa eləyəndə, məni hələ də ümid etdiyim ehtiyyatda olduğum, müsahibə verdiyim Qaz təsərrüfatı üzrə nəzəri tədris mütəxəssisinə dəvət edəndə, başqa nə deyəcəm. Qızım ordan deyir ata narahat olma mənə hələ heç nə lazım deyil. Zob xəstəliyi, onurğa ağrıları, az qala asma xəstəliyinə tutulan Yodaşım məndən soruşur bəs məni nə vaxt həkimə aparasan deyirim ki, gecələr yuxusuz qaldığın bişirdiyin qoğalların pulunu yığ aparacam. Daha deyə bilmirəm ki, mən özüm bu cür adamların əlindən 32 yaşında gecələr ürək ağrılarından, sıxılmalarından əziyyət çəkirəm.
 
Hər gün evə qanı qara gələndə qızım soruşur ata nolub. Hərdən yadıma bu yaxınlarda uzun müddət qaz təsərrüfatında müxtəlif vəzifələrdə xidmətləri olan amma sahəmizdə 10-cu dərəcəli mühəndis işləyən Rafiq müəllimin iş vaxtı qəfildən ürəyi tutub rəhmətə getməsi gözümün önünə gəlir. Mən bu gün köhnə çırılmış varatnikli köynəkdə işə gələ bilərəm, onun-bunun paltarını geyinib İnsan Resurslarına imtahana gedə bilərəm, övladlarım yarı ac, yarı tox məktəbə gedə bilərlər, təki Mətləbin üzü gülsün deyə, istədiyi vaxtda istədiyi adamları özünün dediyi kimi istədiyi vəzifəyə yerləşdirə bilsin, məni Texniki İstismar şöbəsində üç 11-ci dərəcəli qadın işçilərin yanında maaşımı kəsib 10-cu dərəcəli mühəndis keçirsin, istədiyi adamlara zəng eləyib pislik eləyə bilsin. Bu cür insanlarda heçmi vətənpərlik, insanlıq, vətəndaşına hörmət hissi yoxdur. Bəli mənim bu şəxslər içində adamım olmasa da nəinki mənim, qəlbində milli vicdan hissi olan insanların adamı Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevdir.
Biz gənc vətəndaşlar Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevin bir əmriylə torpaqlarımızın azad olunması üçün canımızdan belə keçməyə hazırıq. Torpaqlarımızda döyüşlərin getdiyi bir vaxtda heç hərbi xidmətdə də olmayan Mətləb Vahidov öz şəxsi mənafeyi üçün məkrli planlarını davam etdirməsi arzu olunmaz haldır.
 
Bunu yazmaqla bu cür halların aradan qaldırılması istiqamətində öz bacarıqlarımızdan, imkanlarımızdan tam istifadə edərək potensiallarımızı üzə çıxarmaq üçün biz kadrlara lazımi şəraitin yaradılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.

Qoşma: Müsahibənin nəticəsi – 1(bir) vərəq
Əmr – iki (iki) vərəq
PDF – iki (vərəq) vərəq
Hörmətlə___________V. Qocayev

Administratorla əlaqə

077 611-55-22

[email protected]