İqtisadiyyat

Neft bahalaşır- ölkədə islahatlar dayanacaqmı?

21-05-2016, 02:07
Ekspertlər vəziyyəti izah edir, bahalaşma arxayınlıq yarada bilər, ancaq...

Dünya bazarında neft az da olsa, bahalaşmadadır. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neft də bahalaşıb. Bir barelin qiyməti 0,43 dollar və yaxud 0,86 faiz bahalaşıb. Artıq neftin barelinin qiyməti 50,73 dollara bərabər olub. Bəzi ekspertlər isə dünya bazarında neft bahalaşdıqca, ölkədə başlanmış islahatların dayanacağından narahatlıqlarını bildirirlər. Həmçinin, qeyd edilir ki, neftin bahalaşması əvvəlki həddə olmayacaq, üstəlik, islahatların dayandırılması normal qərar deyil. 

Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, islahatların neftin qiymət artımından sonra dayandırılıb-dayandırılmaması cəmiyyətin bütün təbəqələrini düşündürən bir sualdır: "Yəni müşahidələr onu göstərir ki, sosial qurumlar əslində o qənaətdədir ki, həqiqətən də bu, islahatları əngəlləyə bilər. Düşünürəm ki, iki dəfə neftin qiymətinin ucuzlaşmasının problemləri ilə üzləşən hökumət bu addımı atmamalıdır. Məsələlərə daha praqmatik yanaşmalıdır. Neftin qiyməti artırsa, bu, o demək deyil ki, hər zaman vəziyyət yaxşılığa doğru dəyişəcək. Azərbaycan hökuməti bu gün 40 dollara neft satır və bunun yaratdığı rahatlıq əvvəlki rahatlıqla eyni deyil. İri neft hasilatçıları neftin qiymətinin bahalaşmasında maraqlı deyil. Neft ən yaxşı halda, 60 dollara qədər bahalaşa bilər. Eyni zamanda, hasilatın azalması fonunda Azərbaycan iqtisadiyyatını xilas etmək üçün hökumət məsələlərə daha çox praqmatik yanaşmalıdır. İslahatların dayandırılması ümumiyyətlə neqativ addımlardır. Bu olacaq, ya olmayacaq, proqnoz vermək çətindir”. 

Rəşad Həsənov


Ekspert Fikrət Yusifov isə qeyd edib ki, Azərbaycan iqtisadiyyatında cari ilin dörd ayı ərzində yaranmış azalmaların kökündə neft amilinin durduğu hər kəsə bəllidir: "İki ilə yaxın vaxt ərzində neftin qiymətlərinin və uyğun olaraq ölkənin xarici valyuta gəlirlərinin 4 dəfəyə qədər azalması baş verdiyi təqdirdə, belə nəticələr gözlənilən idi. Bu vəziyyətdən yeganə çıxış yolu, mövcud maliyyə vəsaitlərindən maksimum qənaətlə istifadə etmək və real sektorun sürətli inkişafını təmin edə biləcək ciddi addımlar atılmasından keçirdi. Buna görə də hökumət yaranmış vəziyyətə tam adekvat addımlar atmağa qərar verdi. Ölkənin baş maliyyə sənədi- dövlət büdcəsi dürüstləşdirilərək onun gəlir və xərcləri 25 faiz ətrafında azaldıldı və dürüstləşdirilmiş büdcə variantında neftin qiymətləri 50 dollardan 25 dollara endirildi. Ölkədə sağlam bank sektoru olmadan iqtisadiyyatın uğurlu inkişafı mümkün deyil. Bu səbəbdən pul-kredit sistemində də ciddi sağlamlaşdırıcı tədbirlərin görülməsinə rəvac verildi. Uzun müddətdən bəri ətrafında müzakirələr gedən manatın məzənnəsi nəhayət ki, üzən mexanizmlərə söykənərək müəyyən olunmağa keçirildi”. 

Fikrət Yusifov


Ekspertin sözlərinə görə, maliyyə bazarlarında yarana biləcək hər hansı bir uyğunsuzluqların qabaqlanması məqsədilə nəzarət funksiyası yerinə yetirən üç strukturun bazasında yeni qurum- Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb "Bu Palatanın yaradılması ilə maliyyə bazarında özü də oyunçu olan və heç bir məntiqi əsas olmadan bu bazarın digər oyunçuları üçün "fəaliyyət qaydaları” müəyyənləşdirən Mərkəzi Bank, çox haqlı olaraq publik hüquqi şəxsə çevrildi və onun bankların fəaliyyətini tənzimləyən və onların fəaliyyətinə nəzarəti nəzərdə tutan əsas funksiyaları alınaraq yeni yaradılmış palataya verildi. Bu addım ölkədə sağlam bank sisteminin qurulması işində əsaslı bir dönüşün başlanğıcını qoydu. Mərkəzi Bankın öz fəaliyyətini son iki ilə yaxın vaxt ərzində neftin qiymətlərinin kəskin azalması ilə yaranmış duruma uyğunlaşdıra bilməməsi və bu sahədə nümayiş etdirdiyi səriştəsizlik, nəticə etibarilə, onun illərlə formalaşmış valyuta gəlirlərinin üçdə iki hissəsinin itirməsi ilə nəticələndi. Ən ağrılısı isə bu oldu ki, 10 milyard dollardan artıq valyuta rezervlərini itirən Mərkəzi Bank, heç olmasa bunun müqabilində milli valyutanı iki kəskin devalvasiyadan- təxminən iki dəfəyə qədər kəskin ucuzlaşmaqdan xilas da edə bilmədi. İndi pul-kredit siyasətinin ətrafında aparılan bütün işlər manatın nüfuzunun möhkəmlənməsinə yönəlməlidir. Maliyyə bazarlarına dövlət adından nəzarət etməli olan palata da bu məsələni fəaliyyətinin əsas məqsədi kimi müəyyən etməlidir. O, bunu əməli fəaliyyəti ilə sübut etməlidir. Ölkənin bank sistemi, əhali, müəssisə və təşkilatlar bu Palatanın fəaliyyətindən çox şey gözləyir. Bu ilin yanvar ayının 20-dən aprel ayının 20-dək ötən 4 ay ərzində dünya bazarlarında neftin qiymətləri 74,8 faiz artaraq, bir barel üçün 28,2 dollardan 49,3 dollara qədər qalxıb. Aparılan müşahidələr isə deməyə əsas verir ki, bütün proseslər bu qiymətlərin bundan sonra da artacağına aparır. Neftin qiymətləri ətrafında baş  verən bu pozitiv hadisələr bizə yenidən ölkənin valyuta ehtiyatlarını artırmaq şansları yaradır. Bu gün yaranmış vəziyyətdən maksimum yararlanmaq çox mühüm bir məsələdir. Çünki valyuta ehtiyatlarının həcmi ölkəmiz üçün bir çox digər məsələlərin də paralel olaraq müsbət həlli demək olacaq. Burada söhbət ölkənin kredit reytinqlərinin, rəqabət qabiliyətliliyi göstəricilərinin daha da artmasından gedir. Bu göstəricilər yüksək olacağı təqdirdə isə ölkəyə- onun iqtisadiyyatının real sektoruna daha çox investisiyaların axını baş verəcəkdir. Son bir ilə qədər vaxt  ərzində iqtisadiyyatın yenidən qurulması və onun neftdən asılılığının minimuma endirilməsi istiqamətində çox ciddi qərarlar qəbul edilib. İndi başlıca məsələ, qəbul edilmiş qərarların yüksək səviyyədə icra olunmasını təmin etməkdən və islahatların daha da sürətlə aparılmasını təmin edə biləcək digər zəruri qərarların qəbulu edilməsindən ibarətdir. Neftin qiymətlərinin bundan sonra necə dəyişəcəyi isə islahatlar üçün kriteriya ola bilməz. Əksinə, bu qiymətlərin artması hesabına əldə ediləcək əlavə valyuta gəlirlərindən iqtisadiyyatın real sektorunda görülən işləri maksimum sürətləndirmək məqsədilə istifadə etmək lazımdır”.


Röya RƏFİYEVA
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]