Ölkə

Cavid Qurbanovun şok gizlinləri - təfsilat

9-05-2016, 01:39
Dəmiryol QSC sədrinin adı eks-prezidentə sui-qəsddən tutmuş İran kəşfiyyatı ilə əlaqələrədək hallandırılır

Bu günlərdə Dəmiryol QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun müşaviri kimi təqdim olunan Həbib Misirov haqda mediada ilginc məlumatlar yayıldı. Bu olay hələ də medianın diqqətindədir və çox guman bu günlərdə məsələyə tam aydınlıq gətiriləcək. Biz isə Politika.Az olaraq Cavid Qurbanovun özü ilə bağlı bu vaxta qədər mətbuatda yayılan və təkzib olunmayan bir neçə məlumatlar üzərində araşdırma apardıq. Bu məlumatlar deputatın həyat yolu ilə bağlı ilginc mənzərə yaradır.. 

Vəzirov faktoru

Deyilənə görə, Cavid Qurbanov Kəlbəcərdə orta məktəbdə oxuyarkən bilik və bacarığı orta səviyyədən aşağı olub. Millət vəkilinin atası Qəmbər Qurbanov həmin illərdə Kəlbəcər rayonunun XDS-nin sədri olması Cavid Qurbanova ali təhsil ocağını bitirməkdə yardım edib. Mənbə qeyd edir ki, millət vəkili o vaxtkı Şamxor rayonunun Seyfəli kəndində xala və dayıları hesabına rüşvətlə hərbi xidməti başa vurub. Sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohum olması Cavid Qurbanovu ilk vəzifəyə gətirib. Bakının Maştağa qəsəbəsində qaraj müdiri vəzifəsində çalışan Cavid Qurbanov indiki kimi dövlətin əmlakını talamaqla məşğul olub. 

Mütəllibovla yaxınlıq və çevriliş

Ayaz Mütəllibov dövründə isə onun bayrağı altına keçən hörmətli millət vəkili Azərbaycanın birinci prezidentinin xatirinə Maştağaya «qaynana» yolu çəkdirir. Bununla da münasibətlərini Ayaz Mütəllibovla yaxşılaşdıran Cavid Qurbanov xal qazanır. Mənbə iddia edir ki, Cavid Qurbanovun yaxın qohumları Azərbaycanda silahlı yolla dövlət çevrilişini həyata keçirmək istəyən Sürət Hüseynovun silahlı dəstəsinə rəhbərlik edən Romik və Pərvin adlı şəxslərlə əlbir olublar və mərhum prezident Heydər Əliyevin həyatına sui-qəsd planlaşdıran bir qrup hərbiçilərlə birləşən və Qəmbər Qurbanovla çiyin-çiyinə çalışan Rəfael Hüseynov, Maştağalı Tərlan və Ağa adlı hərbi cinayətkarlardan ibarət dəstə ilə birgə planlar çözüblər. 

Qaçaqlıq illəri

Politika.Az-ın media üzərindən apardığı araşdırmalar zamanı ortaya çıxan məlumatlarda bildirilir ki, Cavid Qurbanov eks-prezident Heydər Əliyev dönəmində də yaltaqlıqla mühüm post tutub. Lakin az sonra o vaxtkı «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti Cavid Qurbanovu tutduğu postdan azad edilibb. Özü də dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında belə yazılıb: «Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin». Bu cür fərman o zamankı hökumətdə indiki millət vəkilinin həbsi demək olub. Elə bu baxımdan da Cavid Qurbanov canını qurtarmaq üçün Rusiyaya qaçıb. Bir müddət Rusiyada gizlənən, beynəlxalq axtarışda olan Cavid Qurbanov Mahir Cavadovla sıx əlaqələr quraraq dövlət çevrilişi və Heydər Əliyevə sui-qəsd planları hazırlayırmışlar. Hətta Mahir Cavadovla Cavid Qurbanov xarici dövlətlərdə peşəkar «killer» axtarışına da çıxıblarmış. 

Sonda bu planların baş tuta bilməyəcəyini anlayan Cavid Qurbanov yenidən kanallarını işə salaraq Ziya Məmmədovun köməkliyi ilə birinci şəxsdən əfv diləyib və bağışlanıb. Tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədə oliqarx-məmurlar sırasına qatılıb.

İbrahimovlarla qalmaqal

Hörmətli millət vəkili ilə bağlı ilginc məlumatlar bununla tükənmir. Belə ki, Cavid Qurbanovla ATV kanalının sədri arasında da qalmaqal yaşanıb. Buna səbəb isə Cavid Qurbanovun vaxtı ilə Tağı İbrahimova hədiyyə etdiyi «Texnika-A» şirkətini yenidən geri istəməsidir. Bu şirkət iri dövlət layihələrinin icrası zamanı sahib olduğu texnikanı icarəyə verməklə məşğuldur. Bəs, nədən Cavid Qurbanov ona milyonlarla qazandıran bu şirkəti Tağı İbrahimova hədiyyə edib? Söhbət ondan gedir ki, vaxtı ilə Cavid Qurbanov Tağı İbrahimovun münasibətləri çox yaxşı olub. Bu münasibətlər get-gedə daha da sıcaqlaşıb və Cavid Qurbanovla Tağı İbrahimov arasından su keçməyib. Amma «Texnika-A»-nın Tağı İbrahimova hədiyyə edilməsinin səbəbi təkcə bu deyil. Biz bunun gerçək səbəblərini bildiyimizdən sadəcə məişət məsələsi olduğuna görə qəzetimizdə açıqlamırıq. «Texnika-A» Tağı İbrahimova hədiyyə edildikdən qısa müddət sonra o, şirkəti bacısı oğlunun adına rəsmiləşdirib. Lakin indi Tağı İbrahimovla Cavid Qurbanovun arası dəyib və onların münasibətlərində soyuqluq yaranıb. 
İlginc İran əlaqələri

Cavid Qurbanovun sürücüsü kimi təqdim olunan və İranın xüsusi xidmət orqanları ilə əlaqələri tam olaraq təsbit olunmuş Mahir Lənkəranlı hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışdadır. Və bu fakt da ASC prezidentinə qarşı müəyyən hücumlara nədən olmuşdu. Yəni bildirilirdi ki, əslində Mahir Lənkəranlı Cavid Qurbanovun İrandakı biznesinin əsas yönəticilərindən biridir.

İndi isə Cavid Qurbanovun İranla əlaqələrini sübutlayan çox ciddi faktlar ötürülüb. Mötəbər mənbənin redaksiyamıza verdiyi bilgilərdən belə aydın olur ki, bu gün Cavid Qurbanov İran agenturasına aid Azərbaycandakı şübhəli iqtisadi çevrələrin əsas ortaqlarından biri, bəlkə də birincisidir. Məhz bu əlaqələrin nəticəsidir ki, nəqliyyat nazirliyi 8 magistral yol hissəsinin inşaat işlərini məhz İranın xüsusi xidmət orqanları ilə əlaqəli fars şirkətlərinə verib.
Cavid Qurbanov eyni zamanda Bakıda mola rejiminin əsas iqtisadi rıçaqlarından biri hesab olunan «NAB» Dış Ticaret şirkətinin də əsas himaədarlarından biridir. Bildirək ki, bu şirkət «Bank of Baku»da, «Hyundai Auto Azerbaijan»da və «Bacu Electronics»də böyük paya malikdir. Mənbəmizin iddialarına görə, odur ki, Mahir Lənkəranlının bu gün qeybə çəkilməsi də təsadüfi qəbul oluna bilməz: «Mahir Lənkəranlının İranla əlaqələri şübhəli yox, fakt idi. Və bu adam böyük işlər görüb. Hər halda, Cavid Qurbanovun yanında dayanaraq bu işləri görməsi faktı da təsdiqləyir ki, ASC prezidentinin bütün olanlardan nəinki xəbəri olub, hətta iştirakı da var».

P.S. Bir daha xatırladaq ki, yazı mediada yayılan və rəsmən təkzib olunmayan məlumatlar əsasında hazırlanıb. Məsələ ilə bağlı «Azəryolservis»in rəhbəri və hörmətli millət vəkili Cavid Qurbanovun mövqeyini qəzetimizdə dərc etməyə hazırıq

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir

Administratorla əlaqə

077 611-55-22

[email protected]