Gündəm

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU-İlqar Mehmetoğlu

3-05-2016, 00:02
Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU-İlqar MehmetoğluTürkiyənin "Sabah”qəzeti hələ keçən ilin sonlarında bomba bir xəbərlə gündəmə gəldi:

SOCAR-dakı fətullahçılar ifşa olundu. Təbii ki, hədəf olaraq Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin seçilməsi Azərbaycanda da xeyli maraq doğurdu. Ola bilsin ki, mart ayının sonlarında "SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavininin Bakıya-SOCAR şefinə müşavir gətirilməsi də onun vəzifədən uzaqlaşdırılması kimi dəyərləndirildi. Hətta bəzi dairələrdə bu uzaqlaşdırılma ciddi bir rahatlıq da yaratdı: artıq gülənçilər SOCAR-dan da uzaqlaşdırılır!

      Bəs görəsən, əslində belədirmi? Əslində bu sualın birmənalı cavabını vermək üçün ciddi bir araşdırmaya ehtiyac da oxdur:
 
Fətullah Gülən təriqətinin enerji  sektoruna yönələn strategiyalarını müəyyənləşdirən əsas şəxslərin, o cümlədən "Xəzər” Strateji Araşdırmalar İnstitunun rəhbəri Haldun Yavaş, ”SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız, baş hüquq müşaviri Fatih Yiğit, "SOCAR” ın Türkiyədəki törəmə şirkətində və layihələrində özlərinə yer edən fətullahçılar-"SOCAR Power” in ortağı Ənvər Taner Baltacı, "Petkim”in baş direktoru Sadettin Korkut,”SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem,”SOCAR İT” direktoru Fuat Uludağ,satınalmalar üzrə direktor Çetin Korkut və onlarca səlahiyyət sahibi olanlar vəzifələrində qalırsa, tək icraçı direktorunun birinci müavini Samir Kərimlinin uzaqlaşdırılması bu sahədə işlərin tısbağa sürətindən də aşağı bir sürətlə getdiyini təsdiq etmirmi?! Bu məsələni buraxaq Gülənçiləri terrorçu adlandıran Türkiyə dövlətinin daxili işlərinin sırasına, onsuz da hər gün türk mətbuatı Fətullahçılara da çatacaq...

     Haldun Yavaş
 Amma tək "SOCAR”-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Energy”- nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin AKP höküməti tərəfindən "terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim olunması da bu dairənin fəaliyyətini dəfələrlə kiçiltmiş olardı. ”Paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran "SOCAR” –a da öz adamlarını yerləşdirmək təkcə Samir Kərimlinin işi olmayıb. Əslində "paralel dövlət” "SOCAR”-da "Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb ki, gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq kimi missiyalarını bu gün də uğurla həyata keçirməkdədir. Bu missiyanın başında duran, hətta "SOCAR” yetkililərinə təsir mexanizminə malik olan şəxs isə şirkətin insan qaynaqları departamentinin (kadr idarəsi) rəhbəri İlqar Mehmetoğludur (Məmmədoğlu).

    Miq.az-a daxil olan məlumata görə, "SOCAR Turkey Energy” şirkətin insan qaynaqları deparmentinin rəhbəri İlqar Mehmetoğlu Gülən məktəbinin siravı məzunlarından deyil. Hələ təhsil illərində savadı, elmi bilikləri və istedadı ilə başqalarından seçilməsə də, hizmət çocuğu kimi başqalarından ciddi bir şəkildə seçilə bilirdi. Təhsil illərində əslində ciddi bir tərzdə dərs də oxumaz, amma bütün gün hizmətdəki işlərdəki fəallığı ilə seçilənlərdən olduğu üçün imtahanları uğurla və müvəffəq qiymətlərlə başa vuranlardan idi. Bu fəallığı az bir zamanda abilərin diqqətindən yayınmadı, hətta hörmətli abilər İlqar Mehmetoğlunun özünü "abi” etdilər. Türkiyənin İzmir şəhərində istər təhsil, istərsə də müxtəlif fəaliyyət sahələrindəki fəallığı onu tanıyanların da yadından çıxmayıb.Əgər İlqar Mehmetoğlu o günləri unudubsa, biz böyük məmnuniyyət hissləri ilə onun İzmirdəki fəaliyyətləri haqqında bilgiləri yadına salmaqda kömək edərik.

    Fətullahçıların təhsil ocaqlarında, daha sonra isə lisey yurdlarında (yataqxanalarında) və başqa yerlərdə fəaliyyətini davam etdirən İlqar abinin "SOCAR Turkey Energy” şirkətində olduqca məsul bir vəzifəyə təyinat alması onun fəaliyyətini daha da genişləndirdi. Azərbaycanda "Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin məzunlarının, eləcə də Gülən təriqətinin üzvü olan hər bir kəsin şirkətdə rahatca yerləşdirilməsinin arxasında da İlqar Mehmetoğlu dayanırdı. İlqar Mehmetoğlunun kadr seçimi şirkət rəhbərləri tərəfindən heç bir sorğu-sual doğurmadığından, onun "kəsdiyi başa” da zaval yox idi. Eyni zamanda şirkətdə qabiliyyət və bacarığından asılı olmayaraq "camaatdan” olmayanların işə qəbulunun əngəllənməsi bu gün də heç bir qanuna və tələblərə uyğun olub-olmamasına baxmayaraq, qalmaqda və uğurla genişlənməkdədir. Son zamanlarda isə AKP tərəfdarlarının müəyyənləşdirilməsi və onların işdən uzaqlaşdırılması da İlqar Mehmetoğlunun əsas fəaliyyətinin tərkib hissəsinə çevrilib.

    Miq.az-ın araşdırmalarına görə, əməli fəaliyyəti və işgüzarlığı ilə seçilən, şirkətin işinə töhfələr verməyə çalışan onlarca türk və azərbaycanlı kadr müəyyən bəhanə və hədə qorxularla, bəziləri isə qeyri-müəyyən vədlərlə halal işlərindən uzaqlaşdırıldı. Vaxtı ilə SOCAR-ın Turkiyədəki şirkətlərində çalışan azərbaycanlıların hansı haqsızlıqlarla üzləşdiyini araşdırmaq o qədər də çətin deyil. Bunlar əslində uzaq keçmişin yox, 2-3 il bundan əvvəlin acı xatirələridir. İlqar Mehmetoğlu və onun məktəbinin " istedadlı” yetirmələrinin hərtərəfli fəaliyyəti nəticəsində təcrübəsindən və yaşından asılı olmayaraq bu adamlara necə "torba tikildiyi”nə fələyin özü də mat-məhəttəl qala bilər. Kimya elmləri doktoru Füzuli Nəsirovun, təkcə bir elm adamı kimi yox, həm də zəngin bir təcrübəyə malik elmi məsləhətçi kimi şirkətdə olduqca gərəkli bir işçi olmasına kiminsə etiraz etməsi mümkün olmasa da, Gülən təriqətinin iç üzünə etirazlarına, bu barədə açıq fikirlərinə görə təqaüd adı ilə işdən uzaqlaşdırıldı. Amma halbuki onun baş direktorun elmi işlər üzrə məsləhətçisi kimi fəaliyyəti bu gün də olduqca vacib və gərəkli idi. Milli Qəhrəman Alı Mustafayevin oğlu Tural Mustafayevin, Elnur Vəliyevin, İlkin Sadıqzadənin,  yaxud türk vətəndaşları olan Özkan Alptürkün, Sarkan Aksuyekin müəyyən hədə-qorxularla, məhz nurçu təriqətin üzvü olmadıqları üçün vəzifə səlahiyyətləri əllərindən alındı. Əvəzində isə uzun illər İlqar Mehmetoğlunun köməkçisi olan istehsalatın nə olduğunu bilməyən Yaşar Çorak kimiləri məhsul vəzifələrə irəli çəkildi. Burada da məqsəd birdir; Gülən təriqətindən olmayanların təqibi! Təkcə”Petkim”də olan bu kimi faktların sayı onlarcadır, amma nə fayda, ciddi bir araşdırma aparılmayacağı təqdirdə İlqar Mehmetoğlunun Rakif Fərəcov kimi "etibarlı və istedadlı kadrları” istənilən qeyri-fətullahçının "Kapital”ın müəllifi olduğunu belə asanlıqla” sübut edə”  bilərlər.
      
 İlqar Mehmetoğlunun fəaliyyəti bununla bitmir. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərin kadr siyasətinə də nəzarət edir, bu şirkətlərdə də fətullahçıların yerləşdirilməsində mühüm rolunu ortaya qoyur. Məhz həmin "etibarlı kadrları” podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına boyük pay verir, bununla da "paralel dövlət”ə maddi dəstəyi təmin edirlər. İndi "Asiya bank”dan dünyanın müxtəlif ölkələrinə köçürülən milyonların haradan və nələrdən qazanıldığı heç bir kimsədə sual yaratmır. Hətta belə xəbərlər də var ki,  fətullahçıların vaxtı ilə Türkiyənin hüquq-mühafizə orqanlarında kadr yerləşdirmə sahəsində ilginc fəaliyyəti enerji sektorundakı fəaliyyətlə bərabər tutula bilər. Bu gün "SOCAR Turkey Energy” şirkətinin icraçı direktoru Kənan Yavuzun fəaliyyətinin də şirkətdəki fətullahçılar tərəfindən neytrallaşdırılması, onun bəzi qərarlara təsir imkanlarının məhdudlaşdırılması buradan qaynaqlanır. Vaxtı ilə məsələyə münasibət bildirən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumatdan xəbərdar olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, bununla bağlı müvafiq qurumlarda araşdırmalar aparılır: "Bu bizim səlahiyyətimiz çərçivəsində deyil. Yazıda adları çəkilən şəxslər SOCAR-ın Türkiyədəki törəmə şirkətlərində işləyirlər. Lakin onların nə qədər bu işlə bağlı olub-olmadığı haqqında məsələ bizə məlum deyil. Araşdırma aparılır və nəticələr bəlli olandan sonra bu haqda danışmaq mümkün ola bilər.Yəni bu informasiyanın böhtan və doğru olması bizə hələlik bəlli deyil”.

   Şübhəsiz ki, Azərbaycançılıq ideyalarına və dövlətin kursuna əməli fəaliyyəti ilə sadiq olan peşəkar bir diplomatın dediklərində olan incə mətləblər də nəzərdən qaçmır, hətta o bu informasiyanı böhtan və doğru olmasını da birmənalı açıqlamır. Təbii ki,ölkəmizin Türkiyədəki Səfirliyində çalışan və fətullahçılarının əməllərini deşifrə etmək istəyən MTN nümayəndəsinin görəvindən uzaqlaşdırılmasının da əsas səbəbi gülənçilərdir. Həsən müəllimin ola bilsin ki, bundan da xəbəri olmuşdur. Amma iş yeri yeni təyinatla dəyişdirilən hörmətli diplomat təəssüf ki, birdə bu barədə aparılan araşdırmalar və nəticələr haqqında məlumat vermək səlahiyyətində deyil!

        Bunlar "SOCAR Turkey Energy” şirkətinin gülənçilərə xidmət edən kadr siyasətinin və fəaliyyət strategiyasının müəyyənləşdirilməsində mühüm yer alan İlqar Mehmetoğlunun fəaliyyətini olsa-olsa az bir hissəsidir. Araşdırma və məlumatlar da göstərir ki, adı heç yerdə hallanmasa da, Gülən təriqətinin prinsip və qanunları ilə idarə olunan şirkətdə İlqar Mehmetoğlu sadə bir fiqur olmayıb, hətta tutduğu vəzifədən asılı olmayaraq, özündən, çox yüksək vəzifəlilərdən də yuxarıda dayanan və sözü eşidilən bir şəxsdir, eləcə də keçmiş birinci müavin Samir Kərimlidən. Məhz "Abi” titulunun çəkisi də İlqar Mehmetoğlunun "SOCAR Turkey Energy” şirkətinin gülənçi təriqətinin rəhbəri və baş fətullahçısı olduğunu təsdiq edir.

       Ola bilsin bu yazı ilə tanışlıqdan sonra belə bir sual ortaya çıxsın: Əgər İlqar Mehmetoğlu "SOCAR Turkey Energy” şirkətində belə böyük bir status sahibidirsə, bəs indi niyə boş olan icraçı direktorunun birinci müavini vəzifəsinə irəli çəkilmir? Birmənalı deyə bilərik ki, əslində bu suala bir az əvvəl, elə bu yazıda söylədiyimiz cavab da var:”Hələ təhsil illərində savadı, elmi bilikləri və istedadı ilə başqalarından seçilməsə də, hizmət çocuğu kimi başqalarından ciddi bir çəkildə seçilə bilirdi. Təhsil illərində əslində ciddi bir tərzdə dərs də oxumaz, amma bütün gün hizmətdəki islərdəki fəallığı ilə seçilənlərdən olduğu üçün imtahanları uğurla və müvəffəq qiymətlərlə başa vuranlardan idi”. Şübhəsiz ki, təkcə xidmətinə görə seçilən birisini yüksək təhsili və intellekti ilə fərqlənən Amerika təcrübəsi keçmiş Samir Kərimli ilə bir tərəziyə qoymaq mümkünsüzdü. Amma o, şirkətdə gördüyü bir sıra işlərlə, o cümlədən” paralel yapı” təriqətinin kadrlarının mükəmməl bir şəkildə yerləşdirilməsində üstün olduğunu əməli fəaliyyəti ilə ortaya qoyub və təəssüf ki, bu fəaliyyətini bu gün də uğurla davam etdirməkdədir. Əvəzində isə Azərbaycan dövlətinin iqtisadi siyasətinin tərəqqisinə xidmət edən SOCAR rəhbəri Rövnəq Abdullayevin Türkiyədə və ümumən bütün xaricdə Azərbaycanın ən böyük layihəsi olan "Petkim” şirkətinin direktorlar şurasının rəhbəri Vaqif Əliyevin də nurçu təriqətin adamı olduğu iddia edilir. Hətta fətullahçıların SOCAR-a yerləşdirilməsində onların mühüm rolunun olduğu da bildirilir.Amma əsl fəaliyyətin İlqar Mehmetoğlu kimilərə məxsus olduğu isə hələlik ustalıqla gizlədilməkdədir,olsa-bu hələlik mümkündür...

   P.S.  Bu günlərdə "SOCAR Turkey Energy”nin icraçı direktoru Kənan Yavuz da vəzifəsindən uzaqlaşdırıldı. Görəsən, bu da Gülən təriqətinin yeni uğuru idimi?! Hər halda,  bu da ən yaxın zamanlarda bəlli olacaq...   

Administratorla əlaqə

077 611-55-22

[email protected]