Ölkə

Yevlaxda "prava" bazarı açıblar

24-04-2016, 14:09
Yevlaxda "prava" bazarı açıblar

BDYPİ-də baş verən qanunsuzluqlarla bağlı dəfələrlə məlumatlar verilib və həmişə də qurumun neqtiv fəaliyyətini obyektiv olaraq işıqlandırmışıq.

Aldığımız məlumatlar əsasında bu ilin əvvəlində 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində baş verən rüşvətxorluq haqda yazmışdıq. O vaxt yazdıqlarımız BDYPİ-si tərəfindən təkzib olunmadı. Bu gün yenidən 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluqlar barədə məlumat daxil olub.

Məlumatda deyilir ki, Yevlax şəhərində yerləşən Qeydiyyat-İmtahan şöbəsində "B" kateqoriyası üzrə sürücülük vəsiqəsi açıq-aşkar 900-1200 manata satılır. "BC" kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ isə 1200-1500 manat arasıdır.

"D" kateqoriyasını əldə etmək isə ötən il yayda ölkədə keçirilən Avropa Oyunları zamanı baş vermiş avtobus qəzasından sonra dayandırılsa da "xüsusi səbəblər” olarsa almaq mümkündür.

Məlumatda deyilir ki bu idarədə "iki həyat” hökm sürür. Belə ki, idarədə şəffaflığın təmin olunması məqsədiylə dövlət tərəfindən quraşdırılan video- kameraların altında hər şey gözəldir. Nə bir manat rüşvət alınır, nə də vəsiqə satılır. Əgər bu kameraların müşahidə trayektoriyalarında hansısa "xam kliyent” "xoşagəlməz söhbət” etmək istəsə ühafizəçilər tərəfindən idarənin qarşısındakı bağa yönləndirilir. Və bu bağda "ikinci- əsl həyat” başlayır. Məlumatda deyilir ki, bura sanki əsl "makler bağı”dır. Rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar. Burada makler- müəllimlərin tələblərinə "müsbət reaksiya” verən insanlar imtanahlardan "üzüağ” çıxırlar. Makler-müəllimlər tərəfindən alınan rüşvət idarənin rəis müavini əslən kəlbəcər rayonundan olan kapitanın əlində cəmləşir və sonda idarə rəisinə çatdırılır.

Məlumatda deyilir ki, idarə rəsisi Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat- İmtahan şöbəsində qurduğu rüşvət şəbəkəsindən yuxarı instansiyaların da xəbəri var. Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz Elxan Əliyevin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovla olan yerlilik və qohumluq əlaqələrinə görə istəklərinə nail ola bilməyiblər. Deyilənə görə bütün məclislərdə Elxan Əliyev Ramiz Zeynalovun həmyerlisi və qohumu olmasını xüsusi olaraq qabardır.

Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.

Xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.(Qlobal.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]