İqtisadiyyat

ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovun himayəsinə arxalanan Muxtar Babayev…

22-04-2016, 21:53
«Azərkimya» İstehsal Birliyinin baş direktoru dövlət əmlakının məhv edilməsinə şərait yaradır

Strukturuna «Etilen-Polietilen» zavodu, «Səthi Aktiv Maddələr» zavodu, «Üzvi Sintez» zavodu, «Mexaniki Təmir» zavodu, «Kimyalayihə» institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxil olan Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyindəki «Azərkimya» İstehsalat Birliyi ilə bağlı son zaman ayrı-ayrı kütləvi informasiya vasitələrindən bir sıra xoşagəlməz məlumatlar yayımlanmaqdadır. Belə ki, adıçəkilən istehsalat birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsulların istehsal olunduğunu vurğulayan mənbə Gundelik-Baku.com-a bildirir ki, əmək fəaliyyətinə 1991-ci ildə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayan Muxtar Babayev «Azərkimya»ya baş direktor vəzifəsinə gətirildikdən sonra qurumun işində xeyli geriləmə müşahidə olunub. Onun 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışdığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, 6 ildən artıqdır ki, Muxtar Babayev «Azərkimya» İstehsal Birliyinə rəhbərlik edir. Bildirilir ki, məhz onun gəlişindən sonra adıçəkilən qurumun fəaliyyətində ciddi nöqsanlar özünü bürüzə verməyə başlayıb: «Deyilənlərə görə, baş direktor vaxtının böyük bir hissəsini şəxsi maraqlarının təmin olunmasına sərf etdiyindən «Azərikimya»nın tərkibinə daxil olan müəssisələrin fəaliyyətinə yetərincə nəzarət edə bilmir. Onu da vurğulamaq lazımdır ki, Muxtar Babayev bəzi məqamlarda işçilərə qarşı ayrı-seçkiliyin yaranmasına göz yumur. Elə bu səbəbdən də son zamanlar birliyin fəaliyyətindən şikayət halları durmadan artır. Lakin nədənsə müvafiq qurumlar hələ də «Azərikimya» İstehsal Birliyində yaşananlarla bağlı hər hansı tədbir görməyib. Bunun başlıca səbəbi Muxtar Babayevin Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədovun himayəsində olmasıdır. Deyilənlərə görə, baş direktor çətinə düşən kimi, təhlükəli məqamlarla üzləşdiyi anda dərhal bu barədə Xaliq Məmmədovu məlumatlandırır və vitse-prezident də öz növbəsində, əlində olan imkanlardan yararlanaraq Muxtar Babayevi çətin durumdan xilas edir. Bir sözlə, istehsal birliyinin rəhbəri məhz Xaliq Məmmədovun himayəsinə arxalandığı üçün tam sərbəst şəkildə fəaliyyətini davam etdirir, heç kimdən, heç nədən ehtiyat etmədən gəlirlərini artırmaqla məşğul olur». Bu arada, «Azərkimya» İstehsal Birliyinin sexlərində istismar müddəti başa çatmış dəmir konstruksiyalı avadanlıqların bəzi rəhbər işçilər tərəfindən qeyri-qanuni şəkildə məhv edildiyini deyən mənbənin sözlərinə görə, Muxtar Babayevin tabeçiliyində çalışan şəxslər qanunun tələblərini pozaraq baha qiymətə olan qara və əlvan metalı Bakıdakı qəbul məntəqələrinə satırlar: «Halbuki müvafiq qanunvericiliyə əsasən, istifadə müddətini bitirmiş mal və avadanlıqlar sənədləşdirilib dövlətə təhvil verilməlidir. «Azərkimya» İstehsal Birliyinin nəzdində fəaliyyət göstərən bəzi sex rəisləri isə qurumun rəhbərliyi ilə razılaşaraq həmin metalları satırlar. Sözsüz ki, dövlətin əmlakını bu şəkildə məhv etmək cinayət əməli hesab olunur və bu əmələ qol qoyan şəxslər mütləq məsuliyyət daşımalıdır. Görünən odur ki, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədovun himayəsinə arxalanan Muxtar Babayev və onun ətrafındakı şəxslər bundan zərrə qədər də olsun narahatlıq keçirmirlər».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gundelik-Baku.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]