Ölkə

Körpələr evindəki yeyintilər haqda yeni məlumatlar...

14-03-2016, 01:10
Tərbiyəçi metodistin bağça müdirəsi tərəfindən döyüldüyünü açıqladı

Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında baş verənlərlə bağlı yazmışdıq. Tərbiyəçi Zərqələm Alıyeva 
bağça müdirəsi Sədaqət Cəfərovanın yeyintilərə yol verdiyini, sonuncunun isə qarşılıqlı ittihamla çıxış etdiyini diqqətinizə çatdırmışdıq. 

Z.Alıyeva redaksiyamıza məktub ünvanlayaraq bildirib ki, S.Cəfərovanın onun barəsində dedikləri cəfəngiyyatdır: "Ötən ilin iyulundan, müxtəlif vasitələrlə mənə şər-böhtan ataraq, hədə-qorxu gələrək, işdən çıxardacağı ilə hədələyərək dəfələrlə təhdid edib. Körpələrin yeməyini oğurlayıb evinə aparılması barədə  yazılı müraciətdən sonra Sədaqət Cəfərovanın verdiyi açıqlamaya heç də təəcüblənmədim. Çünki Sədaqət Cəfərova hər zamankı kimi öz cinayət əməllərini ört-basdır etməkdən ötrü belə danışır. Deyir ki, mənə 2 ştat verilib ki, 400 manat əmək haqqı alım. Eyni zamanda guya mənə yardım edilməsindən ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyimi, bağçada yaşayış üçün yer verilməsini istədiyimi söyləyib, bağçanın qarşısındakı otaqda məskunlaşmış qaçqın ailəsini oradan çıxarmaq üçün dava-dalaş saldığımı bildirib.

Mənə bağçada iki ştat verilməsinin səbəbi mənimlə eyni qrupda işləyən tərbiyəçinin analıq məzuniyyətində olmasıdır. Öz qrupumda bu səbəbdən iki ştat işləmişəm. Eyni zamanda 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Həmkarlar Komitəsinə, öd kisəsindən əməliyyat olmağımdan ötrü müraciət etmişəm. Mənim 31 illik maaşımdan Həmkarlar Komitəsinə ayrılan vəsaiti nəzərə alaraq Hacıbala Abutalıbov əməliyyat üçün 1200  manat yardım edilməsi barədə göstəriş verib.  

Lakin mənə 1200 əvəzinə 500 manat pul verilidi. Hacıbala Abutalıbov tərəfindən mənə edilən yardımın Sədaqət Cəfərova ilə heç bir əlaqəsi yoxdur. Bağçada yaşayış üçün yer verilməsini tələb etdiyim həqiqətə uyğun deyil. Övladlarım mənim hardasa qalmağıma və ya sığınacaq istəməyimə imkan verməzlər. Borclarıma gəldikdə isə mən Sədaqət Cəfərova kimi körpələr evindən oğrularnan pullarla övladıma 3 otaqlı ev almamışam, bağçanın musiqi zalından LCD televizoru oğurlayıb aparmamışam”. 

Tərbiyəçi bildirir ki, bağça müdirəsinin nəvəsinə görə İdrak Liseyinə ildə 6 min manat hansı hesabdan ödəməsi də araşdırılmalıdır: "Sədaqət Cəfərovanın yeznəsi cəzaçəkmə müəssəsində cəza çəkir. Onun qızı Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi- uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyir. Sədaqət Cəfərova bağçada, bağçanın metodisti Şərəf Ağababa qızı Hacıyevaya şər-böhtan ataraq, dəfələrlə ərizə yazıb işdən çıxmasını tələb edib.  

Ona deyib ki, işdən öz xahişi ilə ərizə yazıb çıxmayacağı təqdirdə barəsində xoşagəlməz məlumat yayacaq, üstünə hücum çəkib döymək istədikdə işçilər araya girib. Sədaqət Cəfərova Şərəf Hacıyevaya etdiyi təzyiqlərin nəticəsində qızı Şəms Mirzəcanovanı metodist keçirib. İstəyir ki, müəyyən bir vaxtdan sonra qızını öz yerinə müdir vəzifəsinə keçirsin”.

Tərbiyəçi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək bağçada baş verən hərc-mərcliyə son qoyulmasını xahiş edir: "Bu cür qansuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, öz işçiləri ilə qul kimi davranan, rəhbərlik etdiyi müəsisəyə laqeyid yanaşan, eşitmə və nitq qüsürlü uşaqlara ögey münasibət bəsləyən bağça müdirəsinin əməllərinə  son qoyulsun”.

Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]