İqtisadiyyat

Azərbaycan hökuməti dollardan imtina edir? - təfsilat

13-03-2016, 17:37
Azərbaycan hökuməti dollardan imtina edir? - təfsilat
"Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında manat likvidliyinin çatışmaması və manat likvidliyinə dəstək məsələsi hazırda hökumətdə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasında da düşünülür”. Bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

N.Əmirovun sözlərinə görə, amma təkliflərin əksəriyyəti emissiya şəklində bankların likvidlik potensialının artırılması istiqamətindədir. "Ekspertlər və bank ictimaiyyətindən edilən bu təkliflər mübahisəlidir. Ən dəqiq layihələrə belə emissiya şəklində manatın verilməsi manatın üzərində təzyiqi əhəmiyyətli dərəcədə artıracaq. Emissiya pullarının manatın sağlamlaşmasına kömək edə biləcəyi ilə bağlı bank ictimaiyyətində də vahid fikir yoxdur. Bu, 1-2 günlük, bəlkə də 1 həftəlik hansısa səmərə verə bilər. Lakin Mərkəzi Bankın bir neçə dəfə cəhd etdiyi, ayrılmış emissiya 3 gün içində yenidən dollarlaşaraq, manat şəklində Mərkəzi Banka qayıdıb. Hazırda Palatada beynəlxalq maliyyə institutları müxtəlif təkliflərlə çıxış edir, eyni zamanda yerli və xarici ekspertlər bunun üzərində işləyir”,- deyə N.Əmirov qeyd edib.


N.Əmirov bildirib ki, banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiya prosesinin həyata keçirilməsidir: "Çünki banklarda və əhalidə kifayət qədər pul var. Bankların özünün kifayət qədər vəsaitləri var, ancaq onlar xarici valyutadadır. Həmin xarici valyutanın manata çevirib, real sektorun kreditləşməsinə cəlb edilməsi üçün doğru yollar tapmaq lazımdır. Həm əhalinin əmanətləri, həm də investorları qoruyacaq şəkildə optimal həll yolları tapılmalıdır”.

Dedollarizasiya Azərbaycan iqtisadiyyatına nə vəd edir? Bu addımın atılması hazırkı imkanlar daxilində nə dərəcədə mümkündür?

Iqtisadçı Samir Əliyev bildirdi ki, xüsusilə birinci devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatında dollarlaşma prosesi başlandı. S.Əliyevin sözlərinə görə, əmanətlərin 90 faizi dollarlaşdı, kreditlərin isə 50 faizi dollarla idi: "Yaranmış bu cür vəziyyət iqtisadiyyatın dayanıqlığını təhlükə altına atır. Ölkə iqtisadiyyatının dollarlaşması iqtisadiyyatı dünyada dolların məzənnəsindən asılı vəziyyətə salır. Natiq Əmirov indi bəyan edir ki, manatın aktivliyini təmin etmək üçün dedollarizasiyaya getmək fikrindədirlər. Rusiyada, Qazaxıstanda da oxşar situasiya olduğundan bu problem aktuallığını saxlayır. Dedollarizasiya iqtisadiyyatda maliyyə sabitliyini təmin etmək üçün vacibdir. Amma əsas məsələ budur ki, bu fikir yaxşı olsa da, onu həyata keçirmək nə dərəcədə mümkündür? Bu suala cavab vermək lazımdır”.

S.Əliyev real vəziyyətin hazırda manata etibarın itdiyindən ibarət olduğunu deyir. Itirilmiş etibarın hələ bərpa olunmadığını deyən S.Əliyev bildirdi ki, əhali manata vəsait qoymaq istəmir və yığımlarını əsasən dollarda saxlayır. "Ona görə dedollarizasiya hələ ki, Azərbaycanda mümkün deyil. Hökumət bu barədə ciddi düşünməlidir. Bu addım yaxşı addım olsa da, onu reallaşdırmaq mümkün olmayacaq. Banklar hazırda dollar kreditlərini manata çevirirlər. Digər banklar da bu təşəbbüsə qoşularsa, bu addım dollarsızlaşmanı sürətləndirə bilər. Digər addım da əhalini manat əmanətinə stimullaşdırmaq olmalıdır”, deyə S.Əliyev vurğuladı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]