Ölkə

«UROLOJİ MƏRKƏZ KAMAL ABDULLAYEVİN KLİNİKASI»NDA NƏ BAŞ VERİR?

12-03-2016, 19:28
Deputatın qohumundan prezidentə şikayət

Ağdaş rayon, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi 67-də yaşayan Şıxəliyev Vaqif Surət oğlu prezident Ilham Əliyevə, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, baş prokuror Zakir Qaralova və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Vaqif Şıxəliyev müraciətinin bir surətini də yollayıb.

O, Bakı şəhəri, Mikayıl Rəfili 12 ünvanda yerləşən "Uroloji mərkəz, Kamal Abdullayevin klinikası”ndan şikayətçidir. Vaqif Şıxəliyev iddia edir ki, həmin klinikada xəstələr səhv diaqnozla müalicə olunmaqla aldadılır: "Tutaq ki, vətəndaş ”a” xəstəliyi ilə bağlı bu klinikaya müraciət edir. Burada aydın bilirlər ki, bu xəstəliyi müalicə edə bilməyəcəklər. Amma xəstəyə pul mənbəyi kimi baxaraq onları səhv diaqnozla müalicə edirlər. Xəstə aldadıldığını başa düşüb şikayət edəndə isə 21-ci bölməyə müraciət edərək, onların vasitəsilə xəstəni qorxudaraq şikayətdən çəkindirirlər”.


Vaqif Şıxəliyev bildirir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edəndə isə klinkanın maraqlarına uyğun rəy verilir: "Deyirlər ki, epiqrizdə filan xəstəlik olub və bu da artıq xəstədə yoxdur. Deməli, düzgün müalicə olunub. Halbuki epiqrezdə göstərilən xəstəlik ümumiyyətlə xəstədə olmayıb”.

Vaqif Şıxəliyev daha sonra konkret olaraq oğlunun başına gətirilənlərdən yazıb: "16 yaşlı oğlum uzun müddətdir ki, sidik yolları daxilində tük bitməsindən əziyyət çəkir. Oğlum buna görə normal qaydada sidiyə gedə bilmədiyi üçün uşalıqdan Mingəçevir xəstəxanasında cinsiyyət üzvünün dibindən süni dəlik yaradıblar. Oğlum o süni dəlik vasitəsilə sidiyə gedir. Bunun müalicəsi məqsədilə reklama aldanaraq bu klinikaya müraciət etdim. Kamal Abdullayev və qəbulda iştirak edən digər həkimlər oğlumun bu problemini tam müalicə edəcəklərinə təminat verdilər və 2000 dollar pulu kassaya ödətdirib, 25.06.2015-ci il tarixdə oğlumu əməliyyat etdilər. Aradan bir-neçə gün keçəndən və tikişlərin yeri sağaldıqdan sonra gördüm ki, onlar mənim övladımın xəstəliyi ilə bağlı heç nə etməyiblər, sadəcə əməliyyat ediblər, övladımın problemi olduğu kimi yerində durur. Və nəinki əvvəlki xəstəliyi yerində durur, üstəlik, oğlumu kişilikdən məhrum ediblər. Belə ki, cinsiyyət orqanını kəsib 2 dəfə gödəldiblər və bu əməliyyatın nəticəsində cinsi funksiyaya cavabdeh olan damarları kəsib sıradan çıxarıblar. Mən bu barədə onlara şikayət edəndə, bildirdilər ki, biz oğlunda olan tük problemini müalicə etməmişik, biz oğlunun cinsiyyət üzvünün əyriliyini əməliyyat edib düzəltmişik. Onlara heç cür sübut edə bilmədim ki, oğlumun cinsiyyət orqanının 2 əsas funksiyasından (sidiyə getmə və cinsi fəaliyyət) heç biri yerində olmadığı halda, onun əyri, ya düz olması nəyimizə lazımdır? Mənim elə artıq pulum var idimi ki, oğlumun cinsi orqanının funksional problemi yerində qala-qala, üstəlik birini də əlavə etmək bahasına estetik əməliyyat etdirim? Bu hansı məntiqə sığır? Bundan sonra dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsək də, araşdırma aparmadan birmənalı olaraq bütün müraciətlərimizi Səhiyyə Nazirliyinə yönləndirdilər. Oradan da bizə cavablar gəldi ki, epiqrizdə və xəstəxana kitablarında yazılıb ki, oğlunuz cinsi orqandakı əyriliklə bağlı qəbul edilib və əməliyyat olunub, və indi də görünür ki, oğlunuzun cinsiyyət orqanında o əyrilik yoxdur, deməli şikayətiniz əsassızdır.

Kamal Abdullayevin oğlumu kişilikdən məhrum etməsi faktını hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi qətiyyən araşdırmaq, kitaba salmaq, şikayətimizin əsas predmeti kimi qəbul etmək istəmirlər. Baxmayaraq ki, bütün ərizələrdə bunu əsas fakt kimi qoymuşuq və yoxlamaq üçün xüsusi tibbi ekspertiza tələb etmişik. Əvəzində, Kamal Abdullayev və onun komandası bizi də digər şikayətçilər kimi qorxudaraq şikayətdən çəkindirmək məqsədilə 21-ci bölməyə şikayət edib. 21-ci bölmənin təhqiqatçısı Elnur Hüseynov nümayəndəmi dəvət edərək ona ən sərt formada təzyiq edib (bu təzyiq faktı hazırda prokurorluqda araşdırılmaqdadır) və indiyə qədər məni də israrla bölməyə çağırır”.

Şikayətçi deyir ki, sonradan ona bəlli olub ki, klinika ilə bağlı bu cür faktlar çoxdur. Vaqif Şıxəliyev həmin faktları da müraciətinə əlavə edib: "2013-cü ildə Şükürova Elmira Adilcan qızı burada səhv diaqnozla əməliyyat edilib və orqanizminə ağır bədən xəsarəti dəyməsi ilə şikayətçi olub. Lakin vəkilə verməyə pulu çatmadığından sona qədər mübarizə apara bilməyib;

2015-ci ilin ortalarında Beyləqan sakini, 1976-cı il təvəllüdlü Məmmədov Afiq Sahib oğlu burada saxta diaqnozla əməliyyat olunub. Əsassız yerə onun böyrəyinə stend qoyulub və orqanizminə xəsarət yetirilib. Vətəndaş şikayətçi olsa da, sağlamlığı və pulu imkan vermədiyindən axıra qədər mübarizə apara bilməyib. Məmmədov Afiqin danışıqlarından aydın görünür ki, ona stend qoyulmasına heç bir tibbi göstəriş, zərurət olmayıb, yalnız pul xatirinə əməliyyat stoluna uzadılaraq əməliyyat olunub.

2015-ci ildə Ağdaş rayonu Cardam kəndindən olan Mehdiyev Vaqif Mustafa oğlu burada saxta diaqnozla əməliyyat olunub. O, indiyə qədər də şikayətçidir. Bizimlə qonşu kəndçi olduğu üçün istənilən vaxt istintaqa izahat vermək üçün gətirə bilərəm;

Əldə edilən məlumata görə 10-15 il əvvəl Kamal Abdullayev saxta diaqnozla etdiyi əməliyyat nəticəsində bir xəstənin həyatına son qoyub. Ob buna görə 7 ilini həbsxanada keçirib”.

Şikayətçi onu da bildirib ki, Kamal Abdullayev Milli Məclisin deputatı, YAP üzvü Mirkazım Kazımovun qohumudur.

Vaqif Şıxəliyev sonda müraciətinin ciddi şəkildə araşdırılmasını xahiş edir.

Şikayətçinin iddiaları ilə bağlı Kamal Abdullayevlə əlaqə saxlamağa cəhd edilib. Lakin o, zənglərə cavab verməyib. \Azadlıq\

Administratorla əlaqə

077 611-55-22

[email protected]