Siyasət

NAZİM İBRAHİMOVUN FƏALİYYƏTİNDƏN NARAZILARIN SAYI GETDİKCƏ ÇOXALIR

11-03-2016, 15:38
Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin istefaya göndərilməsi ilə bağlı deyilənlər tezliklə reallaşa bilər 14 ildən artıqdır ki, Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edən Nazim İbrahimovla bağlı son zamanlar əksər kütləvi informasiya vasitələrində müxtəlif səpkili məlumatlar dolaşmaqdadır.

Bildirilir ki, bu illər ərzində komitənin fəaliyyətində ciddi irəliləyişlər əldə olunmadığından artıq onun ləğv edilib Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi məsələsi gündəmə gəlib. Beləliklə, hazırda Diasporla İş üzrə Dövlət Komitəsindən müxtəlif qurumlara çoxsaylı şikayətlərin ünvanlandığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Nazim İbrahimovun rəhbərlik etdiyi qurum qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində kifayət qədər funksionallıq nümayiş etdirə bilmir. Məhz elə bu səbəbdən də artıq Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərinin tutduğu vəzifədən azad ediləcəyi barədə məlumatlar kütləvi xarakter almaqdadır. Məsələn, bir neçə ay bundan öncə yayımlanan informasiyada deyilirdi ki, tezliklə Nazirlər Kabineti struktur islahatlarının həyata keçirilməsi ilə bağlı müvafiq olaraq təkliflərini hazırlayaraq parlamentə təqdim edəcək. Bununla bağlı verilən məlumata görə, bir sıra komitələrin ləğvi və ya əlaqədar olaraq eyni funksiyalı dövlət qurumları ilə birləşdirilməsi gözlənilir. Qeyd olunurdu ki, ilk islahatlar rəhbəri Nazim İbrahimov olan Diasporla İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinə birləşdirilməsi ilə başlaya bilər. Deyilənlərə görə, baş tutacaq islahatlar çərçivəsində komitənin səlahiyyətləri ləğv ediləcək və müvafiq olaraq diplomatik korpuslara həvalə olunacaq. Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin qardaşı ATV telekanalının sabiq rəhbəri Tağı İbrahimov bir müddət əvvəl vəzifəsindən istefa verərək Türkiyəyə köçüb. Nazim İbrahimovun digər qardaşı Hacı İbrahim Nehrəmli isə artıq bir müddətdir ki, ciddi maddi problemlərlə üz-üzə qalıb. Bütün bunlar onu deməyə əsas verir ki, artıq hakimiyyət fəaliyyətində yol verdiyi nöqsanlar səbəbindən komitə sədrinin işinə son verməyi planlaşdırır. Bu arada, onu da nəzərinizə çatdıraq ki, Nazim İbrahimovun fəaliyyətindən şikayətçi olan şəxslərdən biri də "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlidir. Belə ki, o, bu ilin yanvar ayında aztoday.az-da yayımlanan məqaləsində birmənalı şəkildə bildirib ki, Nazim İbrahimov komandası ilə birlikdə dəyişməlidir: "Bir zamanlar "Gürcüstanda Azərbaycan dilli məktəblər gürcüləşməlidir" bəyanatı ilə məşhurlaşmış, haqlı olaraq kütləvi basqıya məruz qalmışdı. Həmin dövr Cəmiyyət sədri olmasam da, AXCP funksioneri olaraq mövqe ifadə edərək bildirmişdim ki, bu təfəkkürlü, millətimin duyğuları və təməl haqları ilə zarafat edən birisi bu strateji postda otura bilməz və istefa verməlidir. Bu şəxs xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini həyata keçirməli olan Nazim İbrahimovdur. 2009-cu ildən birbaşa vəzifəm Nazim İbrahimovun rəhbərlik etdiyi sahə, Gürcüstanda məskunlaşmış soydaşlarımızın taleyi ilə bağlıdır. Onunla görüşdüm. Fikir və planlarımızı anlatdım. Görüşümüz 2009-cu il birinci Elat bayramından sonra idi. Azərbaycanın sizin vasitə ilə Gürcüstanda maliyyələşdirdiyi qurumların hansı səbəbdən Elat bayramını, el bayramını baykot qərarı verdiklərinin səbəbini sordum. Onların hansısa "qırmızı, qadağa zolaqlarının" olduğunu dilə gətirdi. Mən "Borçalı" layihəsində papağımı günə yandırmamağa, əməli iş görməyə, milli maraqlarımızın mütləq uzlaşan anlarını təmin etməyə, bölgədə iki mədəniyyətin ünsiyyətində Avropa ailə sisteminə uyğun münasibətlər sistemini qurmağa gəldiyimi söylədim. Bu müddətdə aktiv partiya funksioneri kimi fəaliyyət göstərməyəcəyimi, milli dövlət quruculuğuna uyğun qeyri-hökumət təşkilatı nümunəsi yaratmağın da hədəflərimdən olduğunu bildirdim. İnsafən dinlədi. Yenə də siyasi notlar, qırmızı xətt və başqa mücərrəd nələrdənsə danışdı. Təəssüf hissi ilə oranı tərk etdim. Diaspor siyasətimizin üzücü durumunun səbəbi bəlli oldu. Buna baxmayaraq, bütün tədbirlər və layihələrimiz haqqında hər zaman komitəni rəsmi məlumatlandırmağı unutmadıq. Elat bayramını, digər tədbirlərimizi maliyyələşdirməyi, hətta bu layihənin büdcəyə daxil edilməsini komitə qarşısında qaldırdım. "Vahid Mərkəz" modelini təklif etdik. Hesab edirdik və bu gün də o fikirdəyik ki, Borçalıdan kənarda kifayət qədər intellektual imkanlar var ki, onların imkanlarını elimizin yenidən qurulmasına, dirçəldilməsinə səfərbər etmək çox vacibdir. 7 il bu yazışmaları davam etdirdik və səbirlə gözləməli olduq. Digər dövlət hakimiyyət orqanlarından fərqli olaraq əksər müraciətlərimiz cavabsız qaldı, rəsmi müraciətlərimizə cavab verməyin onun borcu olduğunu unutdu. Bu saymazlıqdırsa, yaramaz. Bu yekəxanalıqdırsa, dövlətə nüfuz gətirməz. Məncə, bu məsuliyyətsizlik və bacarıqsızlıqdır". Gürcüstanda soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün bu vaxta qədər Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin öz vəzifə səlahiyyətlərinə uyğun olaraq bir dəfə də olsa, səmərəli təklifini, layihəsini duymadığını qeyd edən Zəlimxan Məmmədli hesab edir ki, Nazim İbrahimov komandası ilə birlikdə dəyişilməli, diaspor siyasətində köklü, radikal islahatlara start verilməlidir: "Düşünürəm ki, bu komitənin adında və məzmununda da dəyişiklik çox zəruridir. Diasporla iş ya Xarici İşlər Nazirliyinə verilə, ya da hökumətin nəzdində bir şöbə yaradıla bilər. Komitənin indiki bazasında isə "Türk dünyası ilə əlaqələr komitəsi" yaradıla bilər ki, bu da strateji maraqlarımızın təmininə daha böyük töhfələr verə bilər. Nəticə bundan ibarətdir. Dünyaya səpələnmiş soydaşlarımız agah olmalıdırlar ki, diaspor siyasətimiz urvatda deyil". Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və onun sədri Nazim İbrahimovun fəaliyyətindən narazı olan şəxslərin sayı gün keçdikcə daha da çoxalır. Təbii, qeyd olunan bütün məqamlar müvafiq qurumların diqqət mərkəzində olduğundan hesab etmək olar ki, Nazim İbrahimovun istefaya göndərilməsi, eyni zamanda onun rəhbərlik etdiyi komitənin ləğv edilib aidiyyəti dövlət orqanının nəzdinə verilməsi ilə bağlı deyilənlər tezliklə reallaşa bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sərxan Məlikbəyli

Administratorla əlaqə

077 611-55-22

[email protected]