Ölkə

Polis rəisi sahibkarları incidir

5-03-2016, 17:21
Qaradağ rayonu Polis İdarəsinin rəisi İntiqam Mirsalayev pensiya yaşı çatsa da, vəzifə başındadır

Qaradağ rayonu Polis İdarəsinin rəisi İntiqam Mirsalayevdən narazılıq var.

Xeberman.com  unikal-a istinadən bildirir ki, narazılıq edən şəxslər kiçik sahibkarlıqla məşğul olanlardır.

Onlar yerli polis rəisi tərəfindən incidilir və təzyiqlərə məruz qalırlar. Belə ki, Qaradağ rayonu ərazısində mis ticarəti ilə məşğul olan şəxslər yerli polis idarəsinə çağırılır, onlar rayonun kommunikasiya xətlərinin kəsilərək oğurlanmasında və satılmasında günahlandırılırlar. Bundan sonra həmin şəxslər rəisin qaydalarıla "tərlədilir” və sərbəst buraxılırlar.

Həmin şəxslər isə əmindirlər ki, əslində real oğruların kimliyi yerli polis orqanına və onun rəhbərliyinə yaxşı məlumdur, hətta onlar himayə edilir. Əvəzində isə müəyyən məqsədlər naminə məsuliyyət başqalarının üzərinə qoyulmağa çalışılır.

Bildirildiyinə görə, İntiqam Mirsalayevin təqaüd yaşı çatmasına baxmayaraq, o, hələ də postunda qalmağı bacarıb. Bundan əvvəl Xəzər rayonunda işləmiş Mirsalayev mətbuatda haqqında ən çox şikayətlər səslənən polis rəislərindəndir. Ondan narazılıq edənlər isə bir qayda olaraq, sahibkarlardır. Ölkə rəhbərliyinin Azərbaycanda sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması ilə bağlı dəfələrlə konkret tapşırıqlar verməsinə baxmayaraq, İ.Mirsalayevdən şikayətlənən kiçik və orta iş adamlarının narazılığı səngimir.

Məsələn, bir neçə il əvvəl İntiqam Mirsalayevin rayonda fəaliyyət göstərən sahibkarlara göz verib, işıq verməməsi barədə yayılan məlumatda qeyd edilirdi ki, Rafil Həsənov adlı sahibkar yerli polis rəisinin fəaliyyətinə qanunsuz müdaxilədən narazıdır. Belə ki, Qaradağ rayonu ərazisində bir neçə avtoservis və bir kafesi olan Həsənovlar ailəsi təxminən 35 nəfərin öz ailəsini dolandırmağa imkan yaradıblar. R.Həsənov bildirib ki, iki ildir rayonun polis rəisi onların şəxsi obyektlərinin fəaliyyətinə mane olmağa çalışır. Buna səbəb isə İ.Mirsalayevin tələb etdiyi pulun ona verilməməsidir.
Bir neçə il əvvəl Qaradağdakı "Gülbaxt” daş kaxanası işçilərinin yaydıqları müraciətdə də İ.Mirsalayevdən kəskin narazılıq ifadə olunmuşdu. Polisin əlindən özülməz şəraitdə çalışdıqlarını, hər an döyülmək qorxusu ilə yaşadıqlarını qeyd edən fəhlələr bildirirlər ki, polisin birindən şikayət edildikdə, o çəkilir, bir başqası həmin polisi əvəz edir.

Fəhlələrin həmin vaxt bildirmişdilər ki, "Gülbaxt” daş karxanasında qanuni şəkildə çalışan iş adamı Akif Məmmədov Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev tərəfindən təzyiq və təhdidlərə məruz qalır. "Bütün hüquqlara uyğun hərəkət etsək də, İntiqam Mirsalayev bizim yük maşınlarımızı dayandıraraq, mallarımıza qanunsuz həbs qoyur. Nəsimi rayon Məhkəməsinin icarə ilə bağlı bizim haqqımızı təsdiq edən qərarı olsa da, İntiqam Mirsalayev və əlaltıları Azərbaycan Dövlətinin möhürünə hörmətsiz yanaşırlar. Bunun qanunsuz olduğunu dedikdə və sənədləri göstərdikdə isə polislər bunun Nəsib Məmmədovun tapşırığı olduğunu və onunla anlaşmağımızı təklif edirlər. Akif Məmmədov bunun qanundan kənar olduğunu bildirsə də, polislər hüquqi sənədlərə kağız parçası kimi yanaşaraq, "get şikayət et” deyirlər" – sözügedən müraciətdə bildirilirdi.
Bir sözlə, uzun illərdir Qaradağ rayonunda orta və kiçik sahibkarlar yerli polis rəisi tərəfindən ciddi maneələrlə üzləşirlər. Buna baxmayaraq, İ.Mirsalayev vəzifəsində qalmağa davam edir.

Onu da deyək ki, adıçəkilən polis rəisinin Bakıda çoxsaylı obyektlərinin – kafe və mağazalarının, həmçinin bir neçə yeni tikiklən göydələndə mənzillərinin olduğu da gələn məlumatlar arasındadır. Onun bunları necə əldə etdiyini konkret demək çətindir. Amma İ.Mirsalayevin xüsusi ilə sahibkarlara məlum münasibətini nəzərə aldıqda yəqin ki, müəyyən bir ehtimal irəli sürmək bir o qədər də çətin deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]