Əsas Səhifə / Ölkə
“Müsəlman Birliyi” adlı hərəkatın üzvünün həbs müddəti artırılıb
5-03-2016, 15:00
Nəsimi Rayon Məhkəməsində "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərindən olan Elgün Axundov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
"Report”un əldə etdiyi məlumata görə, E.Axundov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Qərardan narazı qalan E.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
2015-ci ilin dekabr ayının 2-də DİN-in yaydığı məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov tutulub. Onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd "F-1” qumbarası və 22 ədəd patron götürülüb. Nəsimi Rayon Məhkəməsində E.Axundov barəsində üç müddətinə həbs qətimkan tədbiri seçilib.