Gündəm

Gömrüyün ifşa etdiyi yüklər hansı məmurundur? - QALMAQAL

5-02-2016, 13:53
Gömrüyün ifşa etdiyi yüklər hansı məmurundur? - QALMAQALMəlum olduğu kimi Rusiyadan İrana daşınan taxta yüklü vaqonlar Azərbaycanda saxlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Həmin materialların Sabirabadda sahibkarlardan birinə satılması haqda məlumat daxil olub. Məlum olub ki, 2015-ci il dekabrın 30-da və bu il yanvarın 12-də 2 vaqondakı taxta yükünün Tikinti Təminat Ltd MMC tərəfindən tranzit gömrük proseduru altında İrana aparılacağı bildirilib.

Amma vaqonlar Sabirabadın Sabir dəmiryol stansiyasında qeyri-qanuni boşaldılıb. Gömrükçülər müəyyənləşdirib ki, vaqonlardan boşaldılan taxta tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Rahib Əkbərov Ağamusa oğluna 14 800 dollara satılıb.

Məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq sahibkar tərəfindən realizə olunub. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Bu arada Rahib Əkbərovun Sabirabad Rayon Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşovun bacısı oğlu olduğu üzə çıxıb. Bu barədə Dia.az saytı yazıb.

Saytın məlumatına görə, H.Gülüşov rayonda oliqarx kimi tanınır. Onun bacısı oğlu Rahib Əkbərovun isə müstəqil biznesi yoxdur və bacıoğlu elə maliyyə müdiri olan dayısının biznesini idarə edir. Məlumatlara görə Rahib Əkbərovun İrana gedən malı Sabirabadda ala bilməsinə də elə dayısı köməklik edib.

Sabirabad rayon Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşovun adı buna qədər də zaman-zaman mediada müxtəlif qalmaqal və maraqlı olaylarda çox hallanıb. Medianın yazdığına görə, idarə rəisinin yaşadığı evə 2013-cü ildə silahlı basqın təşkil edilib. Hadisə mayın 10-dan 11-nə keçən gecə rayonun Cavad kəndində qeydə alınıb. Gecə saatlarında Maliyyə İdarəsi rəisinin evinə hücum edən qara maskalı şəxslər evə daxil olaraq Hüseynağa Gülüşovun və onun ailə üzvlərinin əl-qolunu bağlayıblar. Daha sonra idarə rəisini möhkəm döyüblər və evdən külli miqdarda pul, qızıl-zinət əşyaları aparıblar. Həmin vaxt Sabirabad rayon Polis İdarəsindən isə bildiriblər ki, idarədə bu barədə heç bir məlumat yoxdur və onlara hər hansı basqınla bağlı şikayət daxil olmayıb. Sonradan evə basqın edən şəxslərin 1 milyon manat aparmaları xəbəri yayılıb, amma xəbər yenə də rəsmi dairələr tərəfindən təsdiqlənməyib.

Məlum hadisə unudulandan sonra idarə rəisi daha çox işində yol verdiyi nöqsanlarla gündəmə gəlməyə başlayıb. Maraqlı məqam ondan ibarətdir ki, rəislə bağlı nə qədər tənqidlər yazılsa da, Maliyyə Nazirliyinin rəsmiləri münasibət bildirmirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]