Texnologiya
"Facebook"un yaradılmasından 12 il ötür
4-02-2016, 14:42
"Facebook" sosial şəbəkəsinin yaradılmasından 12 il ötür. İKT.lent.az-ın xəbərinə görə, "Facebook" 2004-cü il fevralın 4-də fəaliyyətə başlayıb.
Adının ingilis dilindən hərfi tərcüməsi "Şəxs kataloqu" mənasını verən bu sosial şəbəkə amerikalı proqramçı Mark Zukerberq tərəfindən yaradılıb. Bu sosial şəbəkənin layihələndirilməsi kifayət qədər uzun zaman kəsiyində başa gəlib. Adına gəlincə isə, "Facebook" Zukerberqin təhsil aldığı "Philips Exeter" akademiyasının bütün tələbələrinin adları yazılmış ümumi jurnalın adıdır.
M.Zukerberq sosial şəbəkə yaratmaq ideyası ilə ilk olaraq təhsil aldığı Harvard Universitetinin rəhbərliyinə müraciət edir, lakin rədd cavabı alır. Buna rəğmən, o, təslim olmur. Bir qədər sonra universitetin məlumat bazasına giriş əldə edərək "Facemash" adlı internet portal yaradır. Həmin sayt tələbələrin şəkillərini bir yerə toplayaraq, onların arasından daha uğurlu bir fotonu seçmək məqsədilə yaradılır.
Həmin vaxtdan 2004-cü ilədək Mark Zukerberq haqqında hər hansı bir məlumat olmur. Məhz 2004-cü ilin fevral ayının 4-də Harvard Universitetinin tələbə yataqxanasında o zaman hələ az tanınan "Facebook" sosial şəbəkəsi işə salınır.
"Facebook"un yaradılmasında M.Zukerberqlə yanaşı dostları Dastin Moskovits, Kris Hyuz və Eduardo Saver də yaxından iştirak edir. Tezliklə bu yeni sosial şəbəkə Harvard Universiteti tələbələrinin aparıcı ünsiyyət vasitəsinə çevrilir. İstifadəçilərin rəğbətini qazanan "Facebook" qısa zamanda Amerika Birləşmiş Ştatları, ardınca isə bütün dünyada populyarlıq qazanır.
Bu gün artıq "Facebook" dünya üzrə 500 milyon istifadəçisinin olduğu beynəlxalq sosial şəbəkədir. 2010-cu ildə "Facebook" sosial şəbəkəsi ziyarətçi sayına görə hətta "Google" axtarış sistemini də kölgədə qoyub.
"Facebook” ölkəmizdə də kifayət qədər populyarlıq qazana bilib. Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin sayı 1 milyon 250 mini ötüb. "SocialBakers”in məlumatına görə, Azərbaycan "Facebook” istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə 82-ci yerdə qərarlaşaraq, bu göstəriciyə görə Gürcüstan, Ermənistan, Belarus, Latviya, Albaniya və Sloveniyanı qabaqlayıb.