Əsas Səhifə / Xəbərlər / Gündəm

Baş redaktor məhkəmə prosesində vəkillərinin suallarını cavablandırdı

25-02-2020, 19:38

 

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə xeberman.com saytın redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Proses vəkillərin sualları ilə davam etdirilib.
Vəkil Elçin Sadıqovun məqaləni hansı məqsədlə yazdığını və məqaləni yazandan sonra harasa çağırılması ilə bağlı suala bildirib ki, redaktor olduğu sayta yazılı şikayət və video müraciət daxil olub. "Eşq Səfəri"MMC-nin rəhbəri Fəxri Həsənov adlı şəxs baş prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə şikayət yazıb ki, ziyarətləri təşkil edən şirkətlərdən pul tələb edirlər. Biz bu müraciəti işıqlandırmışıq, orada yetərincə faktlar var. Video müraciəti təkcə biz verməmişik, digər saytlar da verib. Bundan sonra təzyiqlər başlayıb. Material çıxandan iki saat sonra Qurban Məmmədovun qardaşı oğlu Mirkənan Seyidov mənə zəng vurdu və təcili görüşmək lazım olduğunu bildirdi. İndiki Siyasi Məhbus İkram Rəhimov da mənə zəng vurdu və Seyidovla görüşəyimi biləndə məni bu fikirdən daşındırmağa başladı ki, Mirkənan DTX-nın adamıdır. Amma mən buna baxmayaraq onunla görüşdüm. Görüşdə Mirkənan məndən yazının sifarişçisi kim olduğunu, sifarişçi Sərhəd xidməti olub-olmamasını soruşdu,dedi ki, yazını silmək lazımdır. Mən yazını sifarişlə yazılmadığını dedim və onu silməkdən imtina etdim. Bir müddət sonra hərbi komissarlığa çağırıldım. Oradan Sabunçu xəstəxanasına yoxlanması üçün getdim. Xəstəxananın baş həkimi məndən "nə etmisən belə ki, sən xəstə ola-ola mən barəndə hərbi xidmətə yararlı olduğunu yazmalıyam?".
Aslanov həmçinin bildirdi ki, ilk dəfə Dövlət Təhlükəsizlik Xidmətinə keçən ilin mayın 5-də dəvət olunub. "Cavid Quluzadə tərəfindən dəvət olundum, əvvəl getməyi düşünürdüm, amma dəvətin əsaslandırması olmayıb deyə getməkdən imtina etdim. Həmin gün ailəmi Tovuza apardım. Orada olanda Mətbuat Şurasının üzvü mənə zəng vurub dedi ki, Bakı Şəhər İcra Hakimiyyətinin işçisi Vidadi Əliyevi DTX-ya dəvət ediblər və saytımızda Hacıbala Abutalıbov haqqında gedən yazının sifarişi o verib-vermədiyini soruşublar, sonra mənim ondan pul almağımla bağlı kağıza qol çəkməyə təklif ediblər. Bundan sonra Dəyanət Babayev mənə zəng vurdu dedi ki, mənə çatası bir şey var. Bu nə olduğunu və nəyə görə mənə nəsə çatdırdığını soruşanda dedi ki, mənə min(1000) manat pul çatacaq və bunun müqabilində bir yazını silməliyəm,Əmlak komitəsindən tapşırıq gəlib. Ona əsəbləşdim, dedim ki, yazıları silmirəm və telefonda ağzına gələni danışmasın, amma yenə də görüşdüm. Görüşəndə Dəyanətin yanında keçmiş cəbhəçi, sonra Razi Nurullayevin yanına keçən Cavid adlı şəxs və adını bilmədiyim keçmiş Müsavat üzvü Tural Abbaslının partiyasından bir adam(red Rüfət Hacıbəyli) da var idi. Dəyanətə dedim ki, bir də belə şey eləməsin. Onda Cavid mənə dedi ki, Dəyanətin xüsusi toxunulmazlığı var, o səni Mədət müəllimlə barışdıracaq. Razılaşmadım. İki gün sonra Cavid Quluzadə mənə yenə zəng vurmağa başladı. Mirkənan Seyidov da zəng vururdu ki, sənə DTX ilə əməkdaşlıq təklif edirlər, aylıq pul verəcəklər. Yenə imtina etdim".
Aslanov bildirdi ki, Naxçıvana toy məqsədi ilə gedəndə saxlanıldı. "İyunun 12-də səhər tezdən evdən çıxdıq və Biləsuvara saat 10 radələrində çatdıq. Biləsuvarda keçid məntəqədə biz keçəndə əməkdaşa zəng gəldi və o "ailəsi ilə" sözünü dedi. Məni və ailəmi saxladılar, bildirdilər ki, sistemdə problem var və 5-10 dəqiqəyə həll olunacaq. Yarım saatdan sonra bir otağa aparıblar. Daha sonra otağa mayor gəldi, telefonlarımızı yığdılar. Etirazımı bildirdim. Sonra üç nəfər gəldi, cibimdə nə var, hamısını çıxartmağa əmr verdilər. Bizi ailəlikcə Biləsuvar DTX-sına apardılar. Sonra rəisin maşını ilə bizi səhər saat 12 radələrində Bakıya DTX-ya gətirdilər".
Vəkil Elçin Sadıqov "səhər saat 12-də sizi Bakıya gətiriblər, lakin ilkin ifadələri sizdən 20:30 radələrində alıblar. Bütün bu 9 saat ərzində nə edirdiniz?" sualı verdi.
Aslanov bildirdi ki, əvvəl onu komendaturaya, sonra isə əsas binaya apardılar. "4-5 saat ərzində müxtəlif adamlar gəlirdi, məni hədələyirdi, təhqir edirdi. Müstəntiq mənə dedi ki, məni CM-nin 182-ci maddəsi ilə həbs edəcəklər, mənə qarşı ifadələr var. Bütün bu müddət ərzində susuz, ac qaldım, dincəlməyə imkan vermədilər. Biri gedib, biri gəlirdi, deyirdilər seçim sənindir, ailəni düşünürsənsə, bizimlə razılaş. Belə etməliyik ki, işdən çıxarılan 37 nəfər işə qayıtsın, sən isə şahid ifadələrini ver, səhər səni buraxacayıq. Anama cəmi bir dəfə gecə zəng vurdum, hal-əhval tutdum, bilindi ki, onu da DTX-yə aparmışdılar. Gecə saat 12-yə qədər vəkilim olmayıb, saat 12-dən sonra gələn vəkil müstəntiqdən də pis idi, deyirdi, onsuz da qol çəkəcəksən, tez çək getsin. Özü də dedi ki, əvvəl polisdə müstəntiq işləyirdi, indi isə vəkil olub. Məni ailəmlə təhdid edirdilər. Ona görə də mən yazdıqların hamısını əzbərlədim və videoda şahid qismində demişəm, çünki məni ailəmlə şantaj edirdilər".
Aslanov növbəti suala cavab verdi ki, onun İran xüsusi xidmətləri ilə əməkdaşlığı olmayıb və bu heç bir faktla sübut olunmayıb.
Hakim Faiq Qəniyev bildirdi ki, Aslanovun ibtidai istintaq zamanı verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadələr arasında kəskin ziddiyyət olduğuna görə növti məhkəmə prosesində istintaqa verildiyi ifadələr elan olunacaq.
Növbəti məhkəmə prosesi fevralın 27-i saat15:00-a təyin olundu.


Administratorla əlaqə

077 611-55-22

[email protected]