Yazarlar

Qərbin maraqları və prinsipləri

28-05-2019, 18:48
Qərbin maraqları və prinsipləriOnlar heç də həmişə üst-üstə düşmür
Əgər Qərb vahid bir orqanizm və ya təşkilatdan ibarət olsaydı, əlbəttə biz dünyada baş verənləri heç bir halda izah edə bilməzdik. Amma yaşadığımız tarixi proses bizə Qərb adlı məfhumun vahid bir orqan olmadığı, ümumi bir anlayış olduğu və ən mühümü bu günün qalib mədəniyyətinin maraqları və prinsipləri arasında ziddiyyətin olduğunu öyrətdi.

Mərkəzi ofisi Nyu-Yorkda yerləşən “Human rights watch” Misir hakimiyyətinin ölkənin şimal-şərqində Sina yarımadasında apardığı antiterror əməliyyatlarını müharibə cinayəti adlandıran hesabat yayıb.

134 səhifəlik hesabatda 2013-cü ildən, yəni hazırkı Sisi hakimiyyətindən bu yana yarımadada baş verənlər araşdırılıb. Məsələn, hesabatda 50 nəfərin əsas olmadan saxlanıldığı, 14 nəfərin isə məhkəməsiz öldürüldüyü qeyd edilir. Hesabatda 2014-18-ci illər ərzində Sina yarımadasında 12 mindən çox insanın saxlanıldığı və bu zaman baş verən toqquşmalarda 1226 polis və hərbçi ölüb, saxlanılanlardan 3076 nəfəri terror təşkilatı üzvü olub.

Xatırladaq ki, 2013-cü ildə Misirdə hərbi çevrilişdən sonra 2014-cü ildə Sina yarımadasında “Ənsar Beyt əl-Makdis” qruplaşması İŞİD-ə beyət edib və Misir hökumət qüvvələrinə terror hücumları edib. Ən böyük terror hadisəsi isə 2017-ci ilin noyabrında hökumət məmurlarının daha çox getdiyi sufilərə məxsus “Əl-ravda” məscidində törədilib, 311 nəfər öldürülüb.

Misir ordusu Sina yarımadasında terrora qarşı 40 minlik hərbi qüvvə göndərib və vaxtaşırı geniş misyaslı əməliyyatlar keçirib. Ancaq bu zaman günahsız həbslər, işgəncələr və ölüm hadisələri baş verib.

Yeri gəlmişkən, 2013-cü ilin yayında hərbi çevrilişə etiraz edənlərə qarşı Qahirənin “Rabul Ədəviyyə” və ya “Rabia” meydanında baş verən etirazlar sərt şəkildə yatırılıb. Təxminən 40 gün – çevrilişdən sonra avqustun 14-dək davam edən etirazlar 14 avqust günü polisin müdaxiləsi ilə dağıdlıb. Rəsmi məlumatlara görə, toqquşmalarda 8-i polis olmaqla 632 nəfər ölüb, yüzlərlə insan isə yaralanıb.

Bura qədər necə deyərlər, Qərbin prinsipləri idi. Dünaynın bütün nöqtələrində olduğu kimi insan haqlarının pozulması, zorakılıqlara qarşı etiraz edən, bu halları ictimailəşdirən Qərb təşkilatları. Ancaq o da məlumdur ki, Misir və onun indiki hakimiyyəti ABŞ dövlətinin dostudur. Rəsmi Vaşinqton regional müttəfiqi olan Misir hakimiyyətinə ildə 1,5 milyard dollar dəyərində yalnız silah və hərbi texnika yardımı edir. Misir hakimiyyəti ABŞ-ın bölgədəki bir nömrəli müttəfiqi İsrail üçün təhlükəsizlik divarıdır. Bu ilin aprelində Ağ Evdə Misirin prezidenti Əbdülfəttah əs-Sisini qəbul edən Tramp Misir prezidenti barədə yüksək fikirlər söylədi. Hətta jurnalsitlərin Misirdə Sisinin hakimiyyət müddətini 2034-cü ilə qədər artırmaqla bağlı dəyişikliklər haqqında surala cavab olaraq Tramp Sisinin çox yaxşı iş gördüyünü (!?) dedi. Bu isə Qərbin maraqlarıdır.

Qərbin prinsipləri mükəmməldir, dünyanı hələ də heyran edir. Azadlıq, demokratiya, ifadə, vicdan azadlığı hələ də dünyanın geri qalan hissəsinin arzuladığı, amma nail ola bilmədiyi Qərb dəyərləridir. Amma bu dəyərlər dünyanın geri qalanı üçün heç də əsas prinsip olaraq almır. Çünki Qərbin həm də maraqları var. Və bu maraqlar heç də həmişə prinsiplərlə üst-üstə düşmür, əksrə hallarda ziddiyyət təşkil edir. Və bu zaman əlbəttə maraqlar üstün gəlir.

Bu nümunəni istənilən dünya ölkəsi, o cümlədən Yaxın Şərqin müsəlman ölkələri haqqında çəkə bilərik. Ölkələr dəyişə bilər, amma maraqlar və prinsiplər dəyişməz.

Kənan RÖVŞƏNOĞLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]