Media

Mətbuat Azadlığı: Gürcüstan 60, Ermənistan 61, Azərbaycan 166-cı sırada - SİYAHI

18-04-2019, 13:22
Mətbuat Azadlığı: Gürcüstan 60, Ermənistan 61, Azərbaycan 166-cı sırada - SİYAHI
Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2019-ci il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2019") adlı yeni hesabatını
açıqlayıb.
Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 3 pillə pisləşib. Ötən il 180 ölkə arasında 163-cü sırada yer alan Azərbaycan bu il 166-cı sıraya geriləyib. Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:
0-15 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("ağ"),
15-25 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı"),
25-35 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" ("narıncı"),
35-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" (qırmızı"),
55-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("qara")
Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2019-cu ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2018-ci il hesabatında 59,7 bal toplayan Azərbaycanın bu il 59,1 bal toplayıb.
Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız İran (170-ci yer) və Türkmənistanda (180-ci yer) daha pis olub.
Keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Estoniya (11-ci yer), Latviya (24-cü yer), Litva (36-cı yer) və Gürcüstanda (60-cı yer) qeydə alınıb. Ermənistan 61-ci yer, Qırğızıstan 83-cü yer, Moldova 91-ci yer, Ukrayna 102-ci yer, Rusiya 149-cu yer, Belarus 153-cü yer, Türkiyə 157-ci yer, Qazaxıstan 158-ci yer, Özbəkistan 160-cı yer, Tacikistan 161-ci yer.
Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, Finlandiya, İsveç, Hollandiya və Danimarkaya məxsus olub. Ən pis vəziyyət isə Türkmənistan, Şimali Koreya, Eritreya, Çin və Vyetnamda qeydə alınıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]