Xəbərlər

DGK üç il sonra əlildən arabasının rüsumunu istədi - AÇIQLAMA

3-10-2018, 17:45

Dövlət Gömrük Komitəsi (DGG) gömrük orqanlarının Azərbaycan vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə üç il sonra gömrük rüsumu tələb etməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Xeberman.com xəbər verir ki, komitə xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəştin nəzərdə tutulmadığını bəyan edib.

“T.Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisna hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib”, - deyə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib.

“Bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən üç il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

Konkret olaraq, T.Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ DGK rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb”, - deyə məlumatda qeyd olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]