Kriminal

Bakının mərkəzində idmançılar kütləvi dava saldılar

26-01-2016, 06:30
Bakının Nəsimi rayonunda kütləvi dava olub. Haqqın.az saytının polisə istinadən verdiyi xəbərə görə, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-nin keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.
 
Polis idarəsindən o da bildirilib ki, yanacaqdoldurma məntəqəsinə adam döyməyə gələnlər "Bentley” markalı avtomobildə olublar.
 
Saytın öz araşdırmasına görə isə ötən gecə saat 4:00-da tanınmış Azərbaycan generalının oğlu, qohumu və onların dostları 90-HN-999 dövlət nömrə nişanlı "Bentley” avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəliblər. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas uzadıb. Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi xahiş edib. Bu cavab "Bentley” in sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla sözləşməyə başlayıblar. Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin keşikçisi Sadiq Bağırov maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş edib ki, əməkdaş pulu xırdalaya bilsin.
 
Amma bu cavab da "Bentley”dəkiləri qane etmədiyi üçün onlar onlar avtomobildən çıxaraq keşikçini müşahidə kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli "Prado” yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar. Həmin vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də qoluzorlulardan nəsiblərini alıblar.
 
 
Lakin kütləvi dava ilə qane olmayan "Bentley”in sürücüsü maşının yanına qayıdaraq, oradan silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından biri silahı onun əlindən almağa müvəffəq olub.
 
 
 
Bundan sonra da Bentley-nin sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla keşikçi Sadiq Bağirovun başına zərbələr endirib.
 
Çox ehtimal ki, avtomobilin sahibi və dostları güclü sərxoşluq vəziyyətində olublar. Bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gələrək, təhqiqata başlayıb və yaralılar xəstəxanalara aparılıblar.
 
Hadisənin baş qəhrəmanı Azərbaycan generallarından birinin qohumu olan İsa Əzizovdur.
 
Araşdırma vaxtı bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü.
 
O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş.
 
 
 
Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq) cinayət işi qaldırılmışdı. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin müstəntiqi Müşfiq Cəbrayılov qeyd etmişdi ki, polisin İsa Əzizovun harada olması ilə bağlı məlumatı yoxdur və o, axtarışa verilib.
 
Təəssüf ki, İ.Əzizovun axtarışı ilə başlı bütün tədbirlər nəticəsiz qalıb – o, azadlıqda olub və cəzasını almayıb. Hamının gözü qarşısında bu cür cəzasızlıq İ.Əzizovun əl-qolunu açıb və o, Bakının mərkəzində kütləvi davalar törətməkdə davam edir.
 
Haqqın.az Bakı Yol Polisi İdarəsinə müraciət edərək öyrənib ki, 90-HN-999 dövlət nömrə nişanlı Bentley markalı avtomobil qeydiyyatda yoxdur. Lakin bu nömrə ilə başqa bir maşın qeydiyyata alınıb. Onun markası isə Toyota Land Cruiser-dir və Nurlan Bənnayevin adına qeydiyyatdan keçib, etibarnamə ilə Qamət Məmmədova verilib.
 
Yeri gəlmişkən, ötən ilin may ayında baş vermiş hadisədən sonra Diana Babayeva polisə yazdığı ərizədə Toyota Land Cruiser avtomobilinin sahibi tərəfindən döyüldüyünü qeyd etmişdi. Cinayət törədilən vaxt elə həmin İsa Əzizov avtomobilin sükanı arxasında olub.
 
 
DİN əməkdaşlarının verdiyi məlumata görə, xüsusi əməliyyat keçirilib və onun nəticəsində İsa Əzizov və dostları – davada iştirak etmiş digər idmançılar saxlanılıblar. İ.Əzizovu Nəsimi RPİ-nin 20-ci bölməsinin əməkdaşları yaxalayıblar. Hazırda o, Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama şöbəsində həbsdədir.
 
Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr həmçinin idmançıların hansısa tanınmış generalla qohumluq əlaqələrinin olmadığını, onların sadəcə olaraq, özlərini bu cür qələmə verdiklərini söylədilər...
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]