Əsas Səhifə / Ölkə

Odlar Yurdu Universitetindəki yarım milyonluq oğurluğun şok təfərrüatları- FAKTLAR

26-01-2016, 04:18
Prorektor Munir Vəliyevin otağından oğurlanan 83 min 375 manat və 219900 dollar nəyin pulu olub? Adı tez-tez qalmaqallı hadisələrdə hallandırılan Odlar Yurdu Universitetində (OYU) baş verən oğurluq hadisəsi hazırda ölkə mediasının əsas müzakirə mövzularından birinə çevrilib. Qeyd edək ki, bir neçə gün əvvəl Odlar Yurdu Universitetində baş verən oğurluq hadisəsinin təfərrüatları bəlli olub. Nərimanov rayon polis idarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sübhan Ələkbərovu saxlayıb. Dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Hadisənin baş verdiyi Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyev oğurlanan pulların kollektivin maaşının verilməsi üçün bankdan götürdüyünü bildirib. Prorektorun otağından içində 83 min 375 manat və 219900 dollar olan seyfi oğurlayıblar. Xatırladaq ki, bu xəbər yayılan ərəfədə universitetin rektoru Əhməd Vəliyev maraqlı açıqlamaları ilə diqqəti cəlb etmişdi: «Bir təhsil müəssisəsində 700 min manat necə ola bilər? Məgər kassirəm? Tamamilə yalan məlumat yayıblar. Özü də otağım elə bir mərtəbədə yerləşir ki, oğrunun ora daxil olması qeyri-mümkündür. İndiki iqtisadi vəziyyətdə ali məktəbdə bu qədər pul olması mümkün deyil. Bu saat banklardan kredit götürüb maaşları ödəyirik. Tələbələrin cəmi 20-30 faizi təhsil haqlarını ödəyə bilib. Nə zavodumuz, nə fabrikimiz var. Belə vəziyyətdə universitetdə 700 min manat nə gəzir? Hətta belə bir oğurluq faktı olsa belə, bu cinayəti edən yaşaya bilməz. Çünki banklardan kredit götürüb maaşları veririk, tələbələr təhsil haqqını ödəyə bilmir və o pulu yemək olmaz. Tələbələri də başa düşürəm. Valideynlərlə də görüşüm olub və təhsil haqlarının artırılmayacağını demişəm. Eyni zamanda, müəllimləri də ixtisar etməmişik. Bu gün yaranan iqtisadi şəraitdə müəllimi ixtisar etmək onu öldürməkdir. 70 yaşımda da işləyirəm, təhsil üçün hamballıq edirəm». Maraqlıdır ki, təhsil üçün hamballıq etdiyini deyən Əhməd müəllimin bu açıqlamasının üstündən bir neçə gün keçmişdi ki, oğurluq faktı təsdiq olundu. Və elə indi Əhməd Vəliyevin özünün sualının yeri var. Hörmətli rektor, sual edirik, sizin rəhbərlik etdiyiniz universitetdə 83 min 375 manat və 219900 dollar nə gəzirdi? Özünüz də deyirsiniz ki, maliyyə problemləri var və bankdan pul götürmüsünüz. Hamıya bəllidir ki, indi ölkəmizdə dollar ajiotajı yaşanır. Xarici valyutanın alış-satışında ciddi problemlər hökm sürür. Amma belə bir vəziyyətdə sizin oğlunuz, universitetin prorektoru Munir Vəliyevin otağından külli miqdarda pul oğurlanır. Necə olur? Bu, heç bir məntiqə sığmır. Yəni bu pulların müəllimlərin əmək haqlarının ödənməsi üçün bankdan götürüldüyü inandırıcı varianta oxşamır. Çünki bildiyimiz qədərilə Odlar Yurdu Universitetində çalışan müəllimlər maaşlarını plastik kartla alırlar. Əgər belədirsə, oğurlanan pullar hansı, yaxud nəyin pulları idi? Bu sualın cavabına aydınlıq gətirmək üçün bir qədər fikirləşmək lazımdır. Belə ki, hələ qış imtahan sessiyası başlayandan bir neçə gün sonra bəzi ali təhsil müəssisələrində tələbələrdən yığımın dollarla aparıldığı barədə məlumatlar yayıldı. Səhv etmiriksə, həmin təhsil ocaqlarının arasında Əhməd Vəliyevin rektoru olduğu OYU-nun da adı hallandırılırdı. Deməli burdan belə nəticəyə gəlmək olar ki, prorektorun otağından oğurlanan pullar rüşvət pulları imiş. Əhməd Vəliyev əksini sübut edə bilirsə, buyursun. Dövlət büdcəsində müəyyən problemlərin yaşandığı bir ərəfədə prorektorun otağında bu qədər pulun gizlədilməsi kimə, yaxud nəyə lazım idi? Həmin vəsaiti dövlət büdcəsinə də keçirmək olardı. Başqa bir məqama toxunmaq istəyirik. Rektorun və prorektorun açıqlamalarından belə başa düşürük ki, onlar pulu bankdan götürüb müəllimlərin maaşını əlbəəl verəcəkmiş. Deməli, universitet rəhbərliyi burda çalışan işçilərə görə Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödəniş etmir. Halbuki, istər özəl, istər dövlət müəssisəsi olsun, hər kəs çalışdırdığı işçiyə görə həm fonda, həm də nazirliyə ödəniş etməlidir. Adıçəkilən dövlət qurumları bu məsələyə xüsusi diqqət ayırmalıdır. Digər tərəfdən, aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri OYU-da baş vermiş oğurlaq hadisəsini ən incə detallarına kimi araşdırmalı, həmin pulların nə pulu olmasına aydınlıq gətirməlidir. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Daha Ətraflı: https://gundelik-baku.com/index.php?newsid=30417
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

Administratorla əlaqə

077 611-55-22

[email protected]