Əsas Səhifə / Ölkə

Nuşirəvan Məhərrəmli: “Mir Şahin dostumdur”

24-01-2016, 23:59
Milli Televiziya və Radio Şurası ilə ANS arasında qalmaqal səngimək bilmir. Sosial şəbəkələrdə hərə bu məsələni öz bildiyi kimi şərh edir. Hər iki tərəf də bir-birilərini qarşılıqlı şəkildə ittiham edirlər. Əslində MTRŞ təkcə ANS-ə nəzarət üçün deyil, həm də digər kanalların fəaliyyətinə nəzarət üçün yaradılıb. Görəsən hazırda bu qurum öz funksiyasını hansı prinsiplərə əsaslanaraq yerinə yetirir. Həqiqətən də, deyildiyi kimi Nuşirəvan Məhərrəmli ilə Mirşahin Ağayev arasında nə problem var?
 
Suallara cavab tapmaq üçün BAKU.WS -in müxbiri Nuşirəvan Məhərrəmli ilə görüşüb. 
 
- Bu gün ANS ilə MTRŞ arasında yaranmış problemi müxtəlif formalarda izah edirlər. Bir çox insan isə bunu Nuşirəvan Məhərrəmli ilə Mirşahin Ağayev arasındakı şəxsi problemlərlə əlaqələndirirlər. Sizinlə Mirşahin Ağayev arasında nə problem var?

- Tamamilə səhv, absurd bir fikirdir. Əksinə, ANS kanalında ən çox münasibətdə olduğum adam Mirşahin Ağayevdir. Mirşahin Ağayev dostumdur. Ümumiyyətlə şəxsi məsələni bu işə qatmaq düzgün deyil. Təbii ki, bunu bu səviyyəyə gətirmək düzgün deyil.

- Nuşirəvan Məhərrəmli şəxsən hansı yerli kanallara baxır?

- Mən vəzifəmdə olduğum üçün bütün kanalları izləyirəm. Amma son zamanlar özəl kanallara çox az baxıram. Hazırda ən çox baxdığım kanal Mədəniyyət kanalıdır. AZTV-də gedən bəzi sənədli filmləri izləyirəm, İctimai TV-də gedən bizim dahi sənətkarlarımızla bağlı olan sənədli filmləri, verilişləri bəyənirəm. Özəl kanallar öz fəaliyyətlərini bazar iqtisadiyyatı şəraitində qurur. Onlar daha çox gəlir götürmək üçün fəaliyyət sahəsi seçirlər. Dövlət kanalları büdcədən maliyyələşdiyi üçün onların da borcudur ki, cəmiyyətin ehtiyacını ödəyəcək verilişlərə yer versinlər. Özəl kanallar isə o vəzifələrdən azaddırlar. Ona görə də, onlar daha çox kommersiya maraqları haqqında düşünürlər. Onlara hansı veriliş daha çox reytinq gətirir, gəlir gətirir onu yayımlayırlar.

- Xarici kanallarına baxarkən tamaşaçı xüsusi zövq alır. Orada erotika, musiqi, maraqlı verilişlər görmək olur. Lakin siz bildirirsiz ki, yerli özəl kanallar ekstrasens, müəyyən tok-şular və s. verilişlərdə milli-mənəvi dəyərlərə əməl edilmir. Bu səbəbdən də, həmin verilişlər bağlanılır. Kanallara +18 filmləri nümayiş etdirmələrinə görə xəbərdarlıqlar edilir. Sizcə bu düzgün siyasətdir?

- Mən özüm də Moskvada təhsil almışam. NTV, TNT , STS və digər xarici kanallar bizim kanallar üçün nümunə ola bilməz. Orada yayımlanan sujetlər yetkinlik yaşına çatanlar üçün nəzərdə tutulub. Onların gün ərzində yayımladıqlarını bizim kanallar yalnız gecə saat 12-dən sonra yayımlaya bilərlər. Biz deyirik ki, xarici kanalların göstərdikləri bizim yerli televiziyalarımızda gündüz yayımlanmasın. İndi baxımlılıq üçün biz pis hərəkət etməliyik?

Bir dəfə saunalardan birinin gəliri azalır. Bu səbəbdən də, oranı başqa məqsədlər üçün istifadə edirlər və çoxlu pul qazanırlar. Biz Azərbaycan efir məkanlarını saunaya çevirməməliyik.

- Hazırda ən çox sizi narahat edən verilişlər hansı kanallarda yayımlanır?

- Space TV-də yayımlanan verilişlərin bir neçəsi bizi narahat edir. Səviyyə baxımdan çox aşağı verilişlərdir. Ümumiyyətlə kanalların çoxunda küçədə baş verən hadisələr efirə çıxardılır. Əgər küçədə bir pislik görürsənsə, bu pisliyi efirə gətirmək olmaz. Əgər hadisə striptiz barında olubsa, demək orada baş verənlərin hamısını göstərməliyik? Bu mütəxəssisdən peşəkarlıq tələb edir. 

- Sizin haqqınızda belə ifadələr səslənir: "Nuşirəvan Məhərrəmlini tapmaq mümkün olmur. O, jurnalistlərin zənglərinə cavab vermir. Jurnalistlərlə görüşmür”. Bu nədən irəli gəlir?

- (gülür...) Biz nəinki jurnalistlərlə, istənilən adamla görüşməyə hazırıq. Bəzən biz tədbir keçiririk. Tədbirdə bizə zəng vururlar. Təbii ki, biz ona cavab verməyəcəyik. Boş vaxtımızda istənilən zənglərə cavab veririk. Biz heç nədən, heç kimdən qaçmırıq.

- Yerli özəl kanallarda tənqidi süjetlər çox az gedir. Sizcə bu nədən irəli gəlir?

- Biz yerli kanallara siyasi mövqelərinə görə nə göstəriş vermişik, nə də xahiş etmişik. Bəzən deyirlər ki, niyə müxalifət partiyasının üzvləri ora çıxmır. Biz kanala deyə bilmərik ki, müxalifətdən ora kimisə çıxart. Bunu kanal rəhbərliyi özü müəyyənləşdirir.

- Amma ANS-in "Hesabat” verilişində siz tənqid olundunuz. Bundan dərhal sonra səs-küylü qərar verildi...

- Bu fikir tamamilə səhvdir. Mən dövlət qurumunu təmsil edirəm. Mənə qarşı əsassız bir ittiham irəli sürürlərsə, həmin ittihama cavab verməliyik, ya yox? Indi onların əlində kanal var deyə, onu tənqid edəcəklər? 

Administratorla əlaqə

077 611-55-22

[email protected]