Ölkə

Abşeron RPİ əməliyyatçısı xanım vətəndaşı idarəyə söyüşlə “dəvət” edir-ŞİKAYƏT

22-01-2016, 01:51

"Bilal adlı təhqiqatçı da idarədə onu təhqir edib və deyib ki, sənə elə yazmasaydıq, bura gətirdə bilməyəcəkdik”

Yanvarın 17-də Abşeron RPİ-nin "cinayət axtarışı” əsasında həbs etdiyi Ağsu rayon sakini Validə Böyükkişi qızı Abdullayevanın yaxınları Qafqaz Xəbər Agentliyinə müraciət ediblər. Onların Qafqaznews.az saytına bildirdiyinə görə, V.İbadullayeva sadəcə Abşeron RİH tərəfindən evi sökülən Nazimə Abdullayevaya kömək etmək istəyib. "Nazimənin xahişi ilə Validə Abdullayeva bu məsələdə kömək edəcək adamlar axtarmağa çalışıb. Lakin Zeynal və Alov adlı şəxslər onu aldadıb, həbs olunmasına səbəb olublar.

Abşeron RPİ-nin əməkdaşları isə heç bir istintaq prosesi, bütün tərəflərin dindirilməsi və geniş araşdırma olmadan, Validə Abdullayeva haqqında cinayət axtarışı elan ediblər. Onun telefonu bağlı olduğu zamanda isə polis əməliyyatçısı 070-710-00-90 (o adamın özünü sonradan əməliyyatçı Əhməd Əliyev kimi təqdim etdiyi deyilir – red.)nömrəsindən ard-arda təhqiramiz mesajlar yazıb və nə polisə, nə də qadına yaraşmayan ifadələrə yol verib. Telefon danışıqlarında da bu təhqirlərə yol verilib. Həmçinin Bilal adlı təhqiqatçı da idarədə onu təhqir edib və deyib ki, sənə elə sözlər yazmasaydıq, bura gətirdə bilməyəcəkdik.

Validə xanımı aldadan, ona hədə-qorxu gələn və Abşeron RPİ-də tanışları olduğunu deyərək həbs etdirməklə hədələyən Alov və Zeynal adlı şəxslər isə məsuliyyətə cəlb olunmur”, – deyə V.Abdullayevanın yaxınları qeyd edirlər. Biz qeyd olunan nömrə ilə əlaqə saxladıq. "Əhməd müəllimdir?” deyə soruşduğumuzda "Sizə kim lazımdır?” deyə suala sualla cavab verən həmin şəxs bildirib ki, "o, polisdə işləmir və haqqında deyilənlər yalandır”.

Biz bir daha ondan özünü təqdim etməyi xahiş etsək də, "həmsöhbət”imiz dəstəyi asıb və sonradan zənglərimizə cavab verməyib. Yanvarın 11-də Validə Abdullayevanın nömrəsinə göndərilən həmin təhqiramiz mesajların fotoşəkli redaksiyamıza təqdim edilib, lakin etikaya uyğun olmadığına görə, həmin şəkilləri saytda yerləşdirmirik.Lakin lazım gəldiyi halda,onları hüquq-mühafizə orqanlarına təqdim edə bilərik. Hazırda barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilmiş Validə Abdullayeva DİN başçısı Ramil Usubova da müraciət ünvanlayıb. Müraciətin mətnini oxuculara təqdim edirik:

"Hörmətli cənab Nazir! Bildirirəm ki, təxminən 2015-ci il avqust ayının ortalarında Kürdəmir rayonunun Sığırlı kəndində yaşayan qohumum Abdullayeva Nazimə mənə Abşeronda torpaq sahəsi alıb ev tikdirdiyini bildirdi. Lakin həmin ev Abşeron RİH tərəfindən söküldüyü üçün o, Abşeron RİH-dən bir tanış lazım olduğunu bildirdi və məndən kömək istədi. Mən də ona kömək etmək məqsədilə bu işlə maraqlanacağıma söz verdim. Bakıdan bir tanışım olan Zeynalov Zeynal Möhübbət oğlu ilə bu barədə danışdım.

Ondan Abşeron RİH-də tanışı olub-olmadığını soruşdum. O, bu məsələni həll edəcək Alov adlı bir tanışının olduğunu söylədi. Sonra da dedi ki, o, daxili işlər naziri Ramil Usubovun şəxsi cangüdənidir. Sabahı gün o, məni Alovla Masazır kəndindəki "Ucuz Univermaq”ın qarşısında görüşdürdü. Biz Zeynalın maşınında söhbət etdik. Alov məsələni biləndən sonra mənə dedi ki, «heç bir problem yoxdur, Abşeronda nə qədər torpaqlarda evlər tikilibsə, hamısına mən köməklik etmişəm. Problem yoxdur, qoy, mən danışım, məsləhətləşim, sabah cavabını Zeynalla sənə çatdıraram». Sabahı gün Zeynal gəlib mənə dedi ki, 5 min manat pul istəyirlər.

Mən də dedim ki, 5 min manat yoxdur, üç min verə bilərik. Belə ki, mən qohumumdan 3 min manat pul almışdım. Əvvəl o pulu mən bu işi düzəltmək üçün başqa adamlara vermişdim. Onlar da mənə söz verdilər, lakin alınmadı, o pulu o adamlardan alıb, 2 minini Zeynala verdim. Zeynal dedi ki, bu 2 mini şəxsən Alova verəcək. Dedim, işin gedişində 1000 manatı da gətirərəm. Əslində, mən pulu şəxsən Alovun özünə vermək istəyirdim. Zeynal mənə dedi ki, biz ikimiz də bir adamıq, Alovla o qədər iş görmüşəm ki! Zeynal yanımda Alova zəng etdi, telefonu qulağıma tutdu, telefonda Alov dedi ki, get, pulu gətir, Zeynala ver.

Sonra Zeynal telefonu qulağına tutdu, «oldu, oldu» dedi. Daha sonra üzünü mənə tutub dedi ki, Alov Şamaxinkada "Ağsu" kafesində İradə xanımın (Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova) bacısının oğlu ilə pulu gözləyir, get gətir. Çünki Alov da mənə demişdi ki, bu işi İradə xanımın bacısının oğlu ilə həll edəcək. Mən Zeynala pulu sentyabrın 15- də verdim. O, dedi ki, bir həftəyə, uzağı 10 günə bizə cavabı deyəcəklər ki, ayın neçəsində tikinti başlansın. Zeynal iki nəfərin iştirakı ilə (deyilənə görə, Abşeron RİH-nin nümayəndələri olub) həmin əraziyə adam aparıb, yerin şəklini çəkiblər. Guya Alov da onlarla bir yerdə olub. Sonra Zeynal mənə zəng edərək bildirdi ki, «biz orada olduq, çəkiliş etdik, tikintiyə nə vaxt başlamağı mənə deyəcəklər, mən də sizə deyəcəm».

O vaxtdan sonra Zeynaldan bir xəbər çıxmadı. Sonra da mənə dedi ki, guya həmin adamlar onu aldadıblar, ona görə də öz maşınını satıb pulumu verəcək. Vəziyyəti öyrənəndən sonra Alovun evini tapdım. Alov evdə yox idi. Qaynı Babək məsələni öyrənəndən sonra mənə dedi ki, «mən Abşeron rayon Polis İdarəsində işləyirəm. Narahat olmayın, köməklik edib, pulu Zeynaldan alıb sizə verəcəyik».

O, mənə Alovun telefon nömrəsini də verdi. Mən evə gəldim. Bir neçə gündən sonra onlardan bir səs çıxmadığına görə Alova zəng etdim. Alov mənə dedi ki, «pulu mənə verməmisən ki, məndən də istəyirsən. Sənin başına elə oyun açaram ki, əlimdən qurtara bilməzsən».

Bundan sonra zənglərimə nə Alov, nə də Zeynal cavab verdi. Ancaq Zeynalın kiçik qardaşı Elnur mənə zəng edərək dedi ki, «narahat olma, bazar günü maşını bazara çıxarıb satacağıq və sənin pulunu verəcəyik». Lakin bu günə kimi onlar mənim pulumu qaytarmayıb. Hörmətli cənab Nazir! Mənim qohumum Abdullayeva Nazimə ondan aldığım pulla əlaqədar olaraq ərizə yazaraq məni Abşeron rayon polisinə verib. Mən də Alovla Zeynal tərəfindən aldadıldığımı bildirdikdə, mənə dedilər ki, «o, sənin öz problemindir, Alovdan, Zeynaldan özün ərizə yazıb pulunu tələb elə. Amma şikayətçiyə pulu özün ödəməlisən».

Hörmətli redaksiya! Saytınız vasitəsilə müraciətimi daxili işlər naziri cənab Ramil Usubovun diqqətinə çatdırmağınızı xahiş edirəm!

Hörmətli cənab Nazir! Heç bir yerdə işləmirəm. Kirayədə qalıram. Çətinliklə dolanıram. Dələduzluq edərək, verdiyim pulu mənimsəyən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə göstəriş verməyinizi sizdən bir ana kimi xahiş edirəm”.

Sənan Məmmədli

Qafqaznews.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]