Əsas Səhifə / Xəbərlər
Lələtəpədə şəhid olmuş komandir -Doğulacaq körpəsinin üzünü görə bilmədi – FOTOLAR
23-01-2018, 21:06
Vətəni qibləgah edən şəhidlər…
…İnsan öz yarını tapanda, həyatı daha mənalı keçir. Ziya da, Ayişə də o xoşbəxtlərdən idilər. Birlikdə göydəki ulduzları da seyr etmişdilər, qışın soyuğunda qartopu da oynamışdılar… Sevgili günlərinin dadını çıxarmaqdan heç doymamışdılar. İlk dəfə Ayişə Ziyaya “Ata olacaqsan” deyəndə, onu qolları arasına alıb, fırlatmışdı. Onda ulduzlar da fırlanmışdı. Göy üzü elə gözəl görsənmişdi ki… “Ayyy, qorxuram, başım fırlandı…” deyəndən sonra onu qollarından düşürmüşdü. Tez-tez Ayişəyə deyirdi ki, nə yaxşı Tanrı səni mənim yolumaçıxarıb… Nə yaxşı ki, həyatımda sən varsan…
Ayişə də bu məhəbbətdən, bu eşqdən qızılgül kimi açmışdı. Eşqinin ətri hər yana yayılmışdı. Nəyə baxsa, haraya baxsa, özünü hamıdan xoşbəxt hiss edirdi. Bir dəfə də növbəti həkim yoxlamasından keçmək üçün UZİ-yə getdilər. Gənc həkim Ayişəni müayinə edəndə, Ziya da utana-utana qapıdan boylandı. Sonra isə, həkimdən icazə alıb içəri keçdi. Ayişə yenə gülümsəyərək ərinə baxdı. Utandığından yanaqları yenə allanmışdı Ziyanın. Birdən həkimin müayinə monitorunda körpənin hərəkətini gördü. Sonra həkim körpənin ana bətnində əllərini, ayaqlarını, yumruğunu göstərdi. Ziya özünü saxlaya bilməyib:
– Ay Allaaaaaah…. onun barmaqlarına bax e…. Ayişə-Ayişə onun ayaqlarına bax, nə qəşəngdir… ayyyyy… bu nə şirindir….
Müayinədən çıxıb evə gələndə Ayişəyə dedi ki, qızın adını Yağmur qoyacaq.Arzularından, planlarından danışdılar yolboyu…
…Bir gün də Ayişə Ziyanın səsinə oyandı. Saata baxdı, 6-nın yarısı idi. Ziya adətən saat 7-də oyanardı.
-Ayişə…
-Nədir Ziya?
-Bilirsən yuxumda nə gördüm…
-Onu….
-Kimi?
-Uşağı da…
-Doğurdan?Ziya, saçları necə idi?
-Ayişəm, saçları sapsarı, idi, çiyinlərinə tökülmüşdü… Ayağında ağ sandalları, əynində ağ rəngində gözəl yay paltarı var idi… Əlindən tutmaq istədim. Əlini vermədi mənə…. Bax, dodaqlarını belə büzüb, dedi ki, mən səndən küsmüşəm… Gəlmədi yanıma…
Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir…
Martın 31-də Ayişənin 26 yaşı tamam oldu. Birlikdə doğum gününü keçirdilər. Yanlarında kimsə yox idi. Ziya ona hədiyyə də almışdı. Çox böyük hədiyyə olmasa da, ancaq Ayişə üçün həyat yoldaşının, sevgilisinin aldığı bir çiçək də qiymətli idi. Ayişə də, Ziya da bir də bir-birinə ona görə bənzəyirdilər ki, dünya malında gözləri yox idi. Ziyanın aldığı az maaşla dolanırdılar. Son vaxtlar hərbçilərin maaşlarında da geriləmə olmuşdu. Bu Beyləqanda kirayədə yaşayan ailənin büdcəsinə ciddi təsir etsə də, qətiyyən narahat deyildilər. İki nəfər idilər . Hərdən evdən də hər ikisinin valideynləri gənc ailəyə gücləri çatan yardımı edirdilər. Ancaq gözəl arzuları var idi. Çünki Ziya mənəviyyatı çox təmiz və saf olan, çirkin əməllərdə əli olmayan, əsgərinə dəyər verməyi bacaran bir zabit idi. Əvvəlcə Cəmşüd Naxçıvanski adına hərbi liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdi. 2012-ci ildə TTM-də təlimlərdə fərqlənmiş, sonralar isə cəbhəxəttində tağım komandiri, leytenant kimi fəaliyyət göstərmişdi.
2015-ci ildən baş leytenant idi. Yalnız iyul ayında evləndikdən sonra onu ailə vəziyyəti ilə bağlı Beyləqandakı N saylı hərbi hissəyə tağım komandiri təyin etmişdilər. Bərdədə toyu olandan iki həftə sonra, ata-anasının xeyir-duası ilə Ziya Həsənov xanımını də götürüb, Beyləqanda kirayə tutduqları evdə yaşamağa başlamışdılar.
Aprelin 1-i 2016-cı ildir. Ayişə həmişəki kimi Ziyanın günorta yeməyini hazırlayıb, onu gözləyirdi. Bir azdan Ziya gəldi. Hərbi hissə ilə evlərinin arası 15 dəqiqəlik yol idi. Ümumiyyətlə, onların yaşadıqları bu məhəllədə hərbçilərin çoxu ev kirayələmişdi. Ayişə gülə-gülə danışırdı. Arzularından, gələcəklərindən söhbət edirdi. Birdən xəyal qarışıq söhbətlərindən ayrılıb Ziyaya baxdı. Ziya ona elə diqqətlə tamaşa edirdi ki…
…Həmişəki kimi yenə qapıdan Ziyanı yola salıb,adəti üzrə pəncərə önündə dayanıb maşın həyətdən çıxana qədər arxasınca baxdı… Axşamüstü oldu. Ayişə Ziyaya mesaj yazdı ki, nə vaxt gələcəksən? Cavab belə oldu: “Narahat olma, yıxıl yat”.
Ziyanın işi çox olanda gəlməməyi var idi. Çünki o bir hərbçi qadını idi və ərinin zabit adı və mundiri ilə qürur duyurdu.
…Eyvanda dayanıb həyətə baxdı. Hərbçilərin heç birinin maşını meydançada yox idi. Adətən hərbçi qonşuların maşınları həyətdə olardı. Bir azdan qonşu qadınlardan biri eyvandan ona tərəf boylanıb: – Ayişə, xəbərin var, müharibə başlayıb – dedi…
– Xeyr, nə müharibə?
-Vallah mənim yoldaşım dedi ki, cəbhədə, ön xəttdə müharibə başlayıb.
Ayişə tələsik evə keçib Ziyaya zəng vurdu.
-Ziya müharibədir?
-Yox, ay qız. Boş şeydir. Narahat olma…
-Sən də ordasan? Ön cəbhədə?!
-Ön cəbhədə deyiləm arxadayam…
-Niyə bəs?
-Hamı burdadır, mən də burdayam…
…Gecənin bir aləmi küçədən gələn çaqqal ulartısına bənzər səsə oyandı… Eşitdiyi səsdən üşəndi. Sonra daha gözlərimə yuxu getmədi. Havaya baxdı… Nənəsindən eştmişdi ki, qışın əsl üzü martın 15-dən aprelin 15-nə kimi sərt olur. Bu il də yaman sərt idi qış… Havada həm çiskin, həm də sazaq var idi…
Aprelin 2-si səhər tezdən Ziyadan mesaj gəldi telefonuna:
-Gülüm, qorxmursan ki?
-Yox nədədn qorxacam ki…Nə vaxt qayıdırsan?
– İşimizi qurtarıb, qayıdacam…
… Aprelin 3-də isə qaynanası Tərlan xanım zəng vurub, ondan hal-əhval xəbər aldı, sonra da onu Bərdəyə gətirmək istədiyini dedi.
Ayişə arxayın-arxayın: -Narahat olmayın. Oturmuşam evdə, Ziya bir-iki günə gələcək- deyə, cavab verdi .
Günorta Ziya ilə danışanda, ondan isti paltarlarını, şərfini və əlcəklərini istəmişdi. Axşam saat 11-də həyat yoldaşı üçün bağladığı hərbi yol çantasının içərisinə bir xeyli də şirniyyat qoyub, qonşuya verdi. Hərbi hissədə işləyən qonşuları Ziya üçün bu bağlamanı aparacaqdı.
Evdə tək oturmuşdu, ancaq həyəcanı var idi. Ürəyi darıxırdı, sıxılırdı, gah pəncərədən baxırdı, gah eyvana çıxırdı. Gecənin vahiməsi əməlli-başlı basmışdı onu. Gecə ilə saat 11 radələrindəqaynanası Tərlan xanım və qaynatası Niyazi müəllim gəlib onu götürdülər. Taksi ilə hərbi hissəyə gedib, orada Ziyanın avtomobilinə oturdular. Avtomobilə əyləşəndə Ziyanın ətrinin qoxusu vurdu Ayişəni. Tez telefonu açıb, ərinə yazdı:
-Ziya, ata-ana gəlib məni götürdü. Sənin maşınınla gedirik. Maşınından sənin ətrin gəlir… Nə vaxt gələcəksən?
Ziyadan cavab gəldi:
-Gələcəm quzum, özünü də, cübbuşumuzu da qoru… Tezliklə gələcəm..
Bir qədər keçəndən sonra, qaynana və gəlin bir-birinə baxaraq hönkürtü ilə ağlamağa başladılar…
– Özümdə bilmirəm o nə idi. Biz niyə ağlayırdıq, nəyə ağlayırdıq bilmirdim- deyir, Ayişə.
-Qaynatamgildə qar peyk antennasının üstünü tutduğundan televizor yaxşı göstərmirdi. Heç nədən xəbərimiz yox idi. Ancaq baxırdım ki, qaynatam Niyazi dayı çox narahatdır. Aprelin 4-ü səhər tezdən qaynanama dedim ki, “xala, bəlkə evləri töküb təmizləyək?”.
Tərlan xala dedi ki, “ay qızım, inanırsan əlim qalxmır heç…”.
Buna baxmayaraq, Ayişə qaynanasını işə həvəsləndirdi. Doyunca girib-çıxmadığı, yatıb-dincəlmədiyi gəlinlik otağını töküb-töküşdürdü, pərdələri endirdi, yuyub-təmizləməyə başladı. Ayişənin təmizkarlığı Ziyanın da xoşuna gəlirdi.
Onun gəlişinə görə qaynanası ətirli bir plov da dəmlədi. Gecəni belə yola verdilər. Səhər tezdən durub qaynanasını işə yola saldı. Baldızının məktəbli qızı da burada idi. Baldızı iki gün idi ki, kiçik qızını Rusiyanın Sankt-Peterbur şəhərinə xəstəxanaya aparmışdı. Xavəri isə burada anasının yanında qoymuşdu. Ayişə Xavərin saçlarını darayıb, hörüklərini hördü, paltarını səliqəyə salıb, bir ana mehri ilə onu dərsə yola saldı, fikirləşdi ki, uşağa indi çox diqqət ayırmalıdır.
-Səhər ev işlərini bitirəndən sonra, yenə Ziyanı yığdım, -deyərək xatirələrini vərəqləyir Ayişə xanım.
– Zəng çatmayanda qaynanamın telefonunun nömrəsini yığdım. Ətrafında səs-küy var idi. Mənə dedi ki, evə gəlir. Heç nə anlamadım…
Bir az keçmiş baxdım ki, qaynanamı həkim yoldaşları təcili yardım maşınında gətirirlər. Onun sifəti qıpqırmızı idi. Elə bildim ki, təzyiqi qalxıb…
Nə baş verdiyini soruşdum. Mənə iş yoldaşını göstərib dedi ki, ondan soruş, iş yoldaşına tərəf dönəndə, o üzünü məndən yana çevirdi. Baxdım ki, həyət adamla dolmağa başlayır. Elə bu vaxt yoldaşımın əmisi oğlu dedi ki, Ziyanın hərbi paltarda şəkli varmı? Yenə anlamadım. Kimsə dedi ki, yaralanıb. Fikirləşdim ki, yəqin hərbi formada şəkli ilə tanımaq istəyirlər yaralını…
Vaxtın necə keçməyindən xəbərim olmadı… 3-4 saat 3-4 dəqiqə kimi keçdi… Bir də gördüm ki, Ziyanı tabutda həyətə gətirdilər… O da yadımdadır ki, özümdə güc tapıb tabutun qabağına keçdim… Hiss edirdim ki, sinəmin altındakı uşaq çox narahatdır. Gah bədənimin bir tərəfinə qısılırdı, gah da narahat olurdu… Mənim bütün həyəcanlarımı hiss edirdi o körpə… sanki məndən yapışmışdı ki, bətnimdə qalsın… Onun qorxduğunu hiss edirdim…
Haşiyə: Uşaqların ana bətnində hissiyyatları ilk refleksləri, hamiləliyin 14-cü günündə başlayır. Və bu hisiyyat həfgtədən-həftəyə çoxalır. Ananın hamiləliyinin 3-cü həftəsində uşaq ananın həyəcanlarını hiss edir. Hətta ata-anasının səsini də tanıyır. Ona görə də bəzən anaların hamiləlik dövründə çox oxuduğu mahnıları yeni doğulan körpələr tanıyırlar. Ana sevinəndə körpənin də qanında endofrin hormonu yüksəlir, onun da əhval ruhiyyəsi dəyişir. Yox, əgər ana stress keçirirsə, ağlayırsa, o zaman uşağın qanında kartizon və adrenalin hormonu çoxalır. Bu zaman uşaq ana bətnində narahat olur, qorxu hiss keçirir və ana bətninin bir küncünə sıxılaraq, orada özünə sığınacaq axtarır…
Şəhid xanımı Ayişə Həsənova:
-Dayandım tabutun qarşısında, bədənimdə bir təlatüm var idi ki, gəl görəsən, məni üşüdən havanın soyuğu deyildi, içərimdəki təlütüm idi. Utanırıdım, həya edirdim ki, birdən bu qədər kişilərin, adamların içərisində yıxılaram, uşağı tələf edərəm, biabır olaram. Nə olursa olsun, Allahdan mənə güc verməsini istədim…Adamın bəzən kritik vaxtlarında beyni iti işləyir. İndi isə zaman qaçırdı… Ziyanı aparıb Şəhidlər Xiyabanında dəfn etdilər.
Aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qadınlarını bir araya yığaraq, onlara başsağlığı verdi. Belə ağır gündə birinci xanımın təsəllisini eşitmək bizim üçün çox böyük güvənc idi. Qaynanamgil belə məsləhət gördülər ki, həmin görüşə mən gedim. Mehriban xanım bütün şəhid anaları və xanımları kimi mənimlə də eyni məhəbbətlə, ağrı ilə görüşdü. Hər birimizlə ayrıca söhbət etdi. Mənim hamilə olduğumu biləndə dedi ki, qız uşağı anaya çox yaxındır. Möhkəm olmağı, dərdə sinə gərməyi tövsiyə etdi. Və yas məclisinə yığılanları göstərib dedi ki, Sizin arxasında bu qədər xalq dayanıb.Dövlət dayanıb…
…Görüşdən sonra yenə də Bərdəyə qayıtdım… Elə bilirdim ki, yuxudayam, bilmirdim canımı haraya qoyum, nə edim, özümü nə ilə ovudum… Ziyanın atasıgillə mənim ailəm belə məsləhət gördülər ki, uşaq doğulana qədər bu evdən uzaqlaşım… Və valideynlərim məni götürüb evimizə gətirdi…
26 yaşlı gənc bir insanı Allah belə sınağa çəkərdimi? Öz otağıma keçdim. Bu otaqda mənə nişan gəlmişdi. Bu evdə Ziya ilə ilk dəfə tanış olmuşduq. Bu evdən gəlin getmişdim… İndi sığmırdım bu evə… Qapını bağlayıb, yerə oturdum.Başımı dizlərimin arasına alıb, başaldım ağlamağa, fəryad etməyə. Yaşamaq istəmirdim… Mənim daha xoşbəxt günlərim olmayacaqdı?! Mən daha Ziyanı görməyəcəkdim?! İnanmaq istəmirdim. Sonra həkim gətirdilər. Dərman verib məni sakitləşdirdilər. Yuxuya getdim. Əslində bilmirəm oyaq idim, ya yuxulu. Bir də gördüm ki, Ziya mənə deyir:
-Eşidirsən məni, ağlama, sən çox narahat olursan, yatanda ayaqlarını uzat yat, bunu unutma ha…
Səksəkə ilə yuxudan ayılıb ətrafıma baxdım. Ziya yox idi. Ancaq mən onu həyatdakı kimi hiss edirdim axı.Və beləcə ağrılı günlərim davam etməyə başladı.
May ayının 5-i idi. Yenə yuxuma gəldi. Baxdım ki, üzbəüz oturmuşuq. Onu sorğu-suala tuturam. Yenə həmişəki kimi utancaq görkəmi ilə başını aşağı salıb yemək yeyir.Deyirəm ki, bilirdinsə ki, bu işlərin axırı belə olacaq, niyə gedirdin?!
Cavab verir ki: – Biz bilmirdik hara gedirik. Bimirdik ki, belə olacaq…
-Bəs niyə belə oldu Ziya? Mərmi yanına düşəndəyaraların səni çox incitdi?
Baxıram ki, elə gülür. Gülə-gülə dedi:
-Yoooxxxx quzum, elə bil ki, bir anlıq göyün yeddinci qatına qalxdım… heç yerim ağrımadı…
-Ziya, deyirlər ki, o dünyada bütün sevənlər bir-birinə qovuşur, məni öz yanına apara bilərsən?!
Bu sualıma cavab vermədi, həmişəki təbəsümü ilə üzmə gülməyə başladı…. səssiz-səmirsiz…
Yenə yuxdan ayılanda elə bildim ki, Ziya yanımdadır. Yenə baxdım ki, yoxdur. Bəlkə də elə bilərsiniz ki, özümdən uydururam, vallah, doğru sözümdür. Sonra Qurani-Kərimi oxuyanda bir sətirə rast gəldim. Orda yazılmışdı ki, şəhidlər göyün 7-ci qatında Allahın yanında olurlar. Və bundan sonra bir daha inandım ki, Ziya yaralananda,şəhid olanda ağrı çəkməyib, heç nəyi hiss etməyib.
Bax beləcə keçirirəm günlərimi, başımı indi Yağmurun qayğıları ilə qatıram.
“Yağmur” dedim, bir yuxumu da xatırladım. Onu da danışacağam sizə.
– Buyurun.
– Uşağın dünyaya gəlməyinə 2 həftə qalmışdı. Bacımla gedib uşaq üçün araba aldıq. Onu maşına qoyub gətirəndə ağlaya-ağlaya dedim ki, “niyə mən belə olmalıydım axı, niyə Ziya məni tək qoydu? İndi mən onsuz bu uşağı tək-tənha necə böyüdəcəm?”.
Həmin gecə yenə yuxuma gəldi. Yuxumda görürəm ki, telefonuma bir mesaj gəlir. Açıram ki, Ziya mənə bir oğlan şəkli göndərib. Deyirəm ki, bu sən deyilsən axı. Deyir ki, Elvindir (sonra bildim ki, bu Qazaxdan olan şəhid Elvindir).Sonra bir neçə şəkil də göndərir. Şəkillərin birində baxıram ki, yanıında çoxlu əsgərlər bir gözəl meşədə oturublar, gitara ilə çalıb-oxuyurlar… sonra isə mənə yazır: “Ömrüm-günüm necəsən? Cubbuşumuz necədir? Ona yaxşı baxarsan…”.
Yenə ayılanda bildim ki, yuxudur, telefonu götürüb mesaj axtarmağa başladım, orada Ziyadan heç nə gəlməmişdi.
2016-cı il iyun ayının 4-də göz yaşı içərisində qızımı dünyaya gətirdim. Adını atasının arzu etdiyi kimi Yağmur qoyduq. Xəstəxanadan çıxandan sonra isə Heydər Əliyev Fondundan nümayəndələr gəlib Mehriban Əliyevanın hədiyyələrini bizə verdilər. Həmin gün bir daha dövlətimizin bizim yanımızda olduğunu hiss etdim.
Ali Baş Komandanın zabit və gizir ailələrinə verdiyi evdən mənə də pay düşdü. İndi yaşamağa məcburam. Ziyanın valideynləri, öz valideynlərim yanımdadırlar. Çalışacağam ki, Yağmuru atasının adına layiq böyüdüm, bəlkə elə Yağmur da atası kimi hərbçi olacaq… Bunu zaman göstərər. Ancaq indidən xarakterindəki sərtliklərini, inadkarlığını göstərir mənə.
Qucağında birsevdanın bal dadı,
Sevgin idi, şəhid oldu atası.
Qulağında toy gününün sədası,
Ağlama ceyran balası ağlama…
Ömür yolu gah eniş,gah yoxuşdur,
Neyləyəsən,bu da belə naxışdır,
Elə bil ki,qəfil yağan yağışdır,
Ağlama ceyran balası aglama.
(Nüsrət Kəsəmənli)
Ziyanın atası Niyazi Həsənovu isə danışdırmaq çox çətin oldu. Hər dəfə oğul deyəndə kövrəldi, səsi titrədi:
-Ziya 1989-cu il oktyabrın 11-də Ağdamın Boyəhmədli kəndində doğulmuşdu. Biz o kəndi tərk edəndə, 1993-cü ildə Ziyanın 4 yaşı var idi. Lakin oradakı həyətimizi, yolları, çığırları, toyuq-cücəni, mal-heyvanı da unutmamışdı. Hələ uşaq vaxtında eşitdiyi güllə səsləri onun qulağında qalmışdı. Zaman-zaman xatırlayardı.Riyaziyyatı gözəl bilirdi. 2004-2007-cil illərdə C.Naxçıvanski adina Hərbi liseydə təhsil aldı. Bu təhsil ocağı yeniyetmələr üçün də əsl sınaq məktəbi idi.
2007-ci ildə təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etirib, 2011-ci ildəoranı da bitirdi.Bilirsiniz Vətən nədir? Biz orada Vətənimizi qoyub gəlmişik. Vətən əvvəlcə yaşadığın ev, sonra kənd, sonra mahal, sonra el, sonra yaşadığın ərazidir. İnsan böyüdükcə Vətən anlayışı da, onun hüdudları da böyüyür. Bizim ailədə hamı üçün Vətən anlayışı əziz bir məfhumdur. Mən valideyn kimi onu deyə bilərəm ki, Ziyadan hər zaman xoş xəbərlər eşitdim. Həmişə üzümü ağ elədi. Aprelin 1-dən 2-nə keçən gecə, baxdım ki, yenə atışma, top-mərmi, partlayış səsləri gəlir. Səhərə qədər pəncərənin qabağında dayandım. Özünüz bilirsiniz ki, Bərdə də cəbhəyə yaxın yerləşir. Səhəri diri gözlü açdım. Sonra gün ərzində oğluma nə qədər zəng vurduq, əlaqə saxladıqsa, dedi ki, hər şey normaldır, narahat olmayın. Dostları ilə danışanda isə deyirmiş ki, irəliyə getmişik, Lələtəpəni almışıq. Bir azdan Cəbrayılı da alacağıq…
Sonra getdik gəlini Beyləqandan gətirdik ki, orada tək qalmasın. Ziya da yenə bizə dedi ki, narahat olmayın…
Aprelin 5-də günortaya yaxın mənə İcra Hakimiyyətindən zəng gəldi. Getdim ora. Vəziyyətdən xəbər tutdum. Soruşdum ki, yaralıdır. Dedilər, xeyr, yaralı deyil, oğlunuz Lələtəpə istiqamətində şəhid olub. Yığışdıdm ki, gedəm, qoymadılar. Dedilər ki, Füzuli rayonundan gətirirlər… Onu bildim ki, oğlum azad olunmuş Lələtəpə istiqamətində bərkitmə işlərinə komandirlik edirmiş.
Ziya özü ali təhsilli motoatıcı, tağım komandiri idi. Əraziyə baxış keçirərkən, düşmən tərəfin atdığı mərmi yanında partalayıb… Səhər saat 9-10 radələrində şəhid olub.
Oğlum həlak olandan sonra atəşkəs razılaşması olub… Bu qədər… acı bir tale… Oğlumun gözəl arzuları var idi. Ayişə gəlinimlə birlikdə gələcəkdə Bakıda yaşamaq arzuları var idi.
Onun şəhidliyindən 2 ay sonra, iyun ayının 4-də qızımız Yağmur gəldi dünyaya. Uşağı doğum evindən atası çıxarar, gəlinə gülü həyat yoldaşı alar… çaşıb qalmışdıq, bilmirdik ki, neyləyək, gəlini necə ovudaq… İndi Yağmurla ovuduruq dərdimizi, ağrımızı, anası Tərlan xanım isə kimsəylə heç nə danışmır, dərdi içərisində çəkir…
Ziyanın dünyalarcan sevdiyi bir qardaşı var – Nicat. Ziya ona qarşı hər zaman müdriklik, böyüklük edirdi. Hətta Nicatın ərköyünlüyünə də adi baxırdı. Bilirdi ki, bütün azərbaycanlı ailələrində evin kiçiyi ərköyün olur. İndi qardaşı haqqında danışanda özünə, əsəblərinə hakim ola bilmir Nicat. Bizimlə danışanda da hönkürtüylə ağlayırdı. Bəli, adamın böyük qardaşı ola, sevdiyi, güvəndiyi ola, o da səni bir gün atıb gedə, sən də biləsən ki, heç zaman qayıtmayacaq… Neyləyərsən? Nicat da buna görə qardaşı həlak olandan sonra, onun yoxluğu ilə barışmır:
-Mən qardaşımdan 3 yaş balacayam. 1993-cü ildə doğulmuşam. Ona çox bağlı idim. İndi qardaşım çiynimə elə bir yük qoyub gedib ki… O, çox yaxşı qardaş idi. Mənim kiçikliyim, onun böyüklüyü var idi. İndi məni başqalaşdırdı, indi həyata baxışım dəyişib, düşüncəm dəyişib. Ancaq indi anlayıram ki, sən demə mənim idealım elə Ziya imiş. O əsl zabit idi. Kimsəni qarşısında əyilməyə qoymazdı, özü də kimsənin qabağında əyilməzdi. Mənimlə əsgərlərinin arasında fərq qoymurdu. Deyirdi ki, onlar da bir evin kişisidir.
Mənim arxam-köməyim idi. Təsəvvür edirsinizmi, o, ön cəbhədə xidmət edəndə, mən də ön cəbhədə əsgəri xidmət keçirdim, bir dəfə nə o mənə, nə də mən ona, arxa cəbhəyə keçməyim haqqında eyham belə vurmadıq. Əsgəri xidmətimi odun-alovun içərisində bitirib, geri döndüm. Çünki bilirəm ki, Ziyaya belə söz demək olmazdı. Yoxsa onun gözündən düşərdim. Ziya döyüş meydanında da kimsədən geri qalmayıb. O bilirdi ki, arxada özündən sonra dünyaya gəlməyinə az qalmış körpəsini qoyub, lakin buna baxmayaraq, könüllülük prinsipi ilə gedib ön cəbhəyə. Döyüş zamanı düşmən onları minaatanlardan atəşə tutub. Döyüş yoldaşları deyirdilər ki, Ziya onları qorunmaq üçün xəbərdarlıq edib və döyüş yoldaşlarını qorumaq üçün itələyərək səngərə salıb.
Özü isə səngərə girməyə imkan tapmayıb. Mərmi onun lap yaxınlığında partlamışdı.
Biz bu yaşa çatana qədər asan böyümədik, atam-anam bizi zəhmətlə, zillətlə böyütdülər. İndi də Yağmuru atasız gömək bizi çox incidir. Ancaq ki,indi məni bir fikir düşündürür: Yağmur üçün nümunəvi əmi olum, onun böyüməsi üçün əlimdən gələni edim.
Ziyanın bacısı Nuranə isə Sank- Peterburqa çatandan, iki günsonra aldığı faciəli xəbərə kor-peşiman geri dönüb. Aprelin 6-da Bərdəyə gəlib çatanda Ziyanı artıq 1 gün idi ki, dəfn etmişdilər. Bir bacı üçün qərib yerdəölüm xəbəri almaq qədər ağır bir stress ola bilməz. Şəxsən mən özüm belə bir xəbəri yaşamışam. Atam rəhmətə gedəndə uzaqda, çox uzaqda idim. Bir Allah bilir ki, təyyarə məni yerə endirənə, evə çatana qədər nələr çəkdim. Və gəlib evdə atamı görmədim. Hamı bizdə idi, atam Məmmədşahdan başqa…
Və mənimlə qardaşı haqqında söhbət etməyə çətinlik çəkən bacını da dinləyəndə, həmin o ağır anlarım, saatlarım göz önümə gəldi. Qardaşının bəy otağına girdi, xonçaları bağlı idi. Gəlinin üzünə baxa bilmirdi. Onun qardaşlı dünyasına, qardaşının işıqlı gəlin otağına, bəy otağına qaranlıq çökmüşdü… Bir bacı üçün bundan ağır nə ola bilərdi ki…
Ziya Nuranə üçün ən əziz qardaş, arxa idi, dayaq idi. Bütün bayramlarda, doğum günlərində Ziyanın unutmadığı bir böyük bacısı var idi. İndi Nuranə tabutunu belə görmədiyi qardaşının həyatda olmaması ilə barışa bilmir, gözləyir, yollara baxır, fikirləşir ki, bəlkə qayıdıb gələcək…
…Müharibə dəhşətdir. Anaları, bacıları, uşaqları, ataları, qardaşları gözüyaşlı, bəzən də tənha qoyur.