Analitika

Qarabağda son oyunun adı nədir? - At izi it izinə qarışdı

21-01-2018, 19:15
Qarabağda son oyunun adı nədir? - At izi it izinə qarışdıATƏT-in Minsk Qrupu həmsədrlərinin yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində görüşünün yekunlarna dair bəyanatını oxudum.

Bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsinin ofisindəki heyətin artırılması qərarına razılaşıblar. Bu bilirsiz nə deməkdir? ATƏT sədrinin şəxsi nümayəndəsi, yəni Andjey Kasprçik artan işçiləriylə birgə cəbhə bölgəsindəki atəşkəsi daha ciddi monitorinq altına alacaq. Ermənistan hakimiyyəti illərdir buna çalışırdı. Təsadüfi deyil ki, görüşün yekunu olaraq Ermənistan XİN də bəyanatla çıxış edərək ATƏT sədrinin ofisinin artırılması qərarını alqışlayıb. Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılmadan atəşkəsin monitorinqinin artırılması bizim nəyimizə lazımdır? Görəsən xarici işlər naziri Elmar Məmmədyarovun “həmsədrlərdən kreativ təkliflər eşitdik” dediyi bu idi? Axı işğalın uzadılmasına şərait yaradan atəşkəsin qorunması maraqlarımıza cavab vermir. Məgər işğalçı daima hərbi təzyiqimiz altında olmamalı, snayperlərimiz düşmənin itkilərini artırmamalıdırlar?

Ötən ilin dekabrın 28-də XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında demişdi ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır. Ancaq belə bir əlavəsi də var idi: “Ancaq şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir”. Paralel gedirmi? Əsas məsələ də elə budur.

Politoloq Elxan Şahinoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]