Xəbərlər / Texnologiya

DİN-dən əməliyyat – Kibercinayətkarlar saxlanıldı

1-08-2017, 19:51
Respublikanın daxili işlər orqanları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində
keçirilən xüsusi əməliyyat tədbiri uğurla nəticələnib.

Xeberman.com məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə bildirilib. Məlumatda bildirilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub.

İlkin araşdırmalarla müəyyən edilib ki, qrup üzvləri qanunsuz əldə etdikləri xarici ölkə vətəndaşlarına aid bank kartlarından respublika ərazisində onlayn ödənişlər edib, müxtəlif hesablara külli miqdarda pul vəsaiti köçürüb və vətəndaşların bank hesablarından oğurluq etməyə cəhd göstəriblər.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-1, 177.3.2 və 272.2.2-ci (elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə Sumqayıt şəhər sakinləri Ruzigar Bəylərov, Həmid Əzimzadə, Səbuhi Quliyev, Bakı şəhər sakini Elnur Ağayev, Laçın rayonunda anadan olmuş Elxan Abdulkərimov və qrupun digər üzvləri müvafiq maddələrlə təqsirli bilinərək həbs ediliblər.

Hazırda onların analoji cinayət əməllərinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]