Xəbərlər

Yeddi yaşlı Aylin Zəhranın məzarı önündə: “Uşaqlar öldürülməsin”

11-07-2017, 13:45

Şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbin 1-ci sinif şagirdi Aylin Rüstəmlinin ötən həftə Füzuli rayonunun Alxanlı kəndində ermənilərin öldürdüyü Zəhranın qəbrini ziyarət etmək arzusunu valideynləri dərhal reallaşdırıb.

Nənəsi, babası və dayısı ilə döyüş bölgəsinə yola düşən Aylin Rüstəmli Füzulinin Alxanlı kəndində 2 yaşlı Zəhranın və nənəsinin ermənilərin hücumu zamanı qətlə yetirildiyi yerə baş çəkib, 2 yaşlı qızcığazın dəfn olunduğu məzarı ziyarət edib.

Xeberman.com xəbər verir ki, bu barədə İstiPress-in şimal müxbirinə məktəbin direktoru Arif Xəlilov məlumat verib.

Direktor bildirib ki, 7 yaşlı Aylin bütün sinif yoldaşları adından Zəhranın valideynlərinə başsağlığı verib və qətiyyətlə bildirib ki, bizim ordumuz Zəhranın qanını mütləq alacaq.

7 yaşlı Aylin Rüstəmli Zəhranın qəbri önündə çox kövrəlib, “müharibələrə son qoyulsun, uşaqlar öldürülməsin, yetər, bəsdir, bu qədər də uşaq ölərmi?” - deyə üsyan edib.

Arif Xəlilovun sözlərinə görə, 7 yaşlı Aylin Rüstəmli bütün Azərbaycan uşaqlarının adından bu bəyanatı verib və Zəhranın qəbrinə tər güllər düzüb. “Müharibəyə nifrət” - deyən Aylin Rüstəmli Qusara qayıdandan sonra bildirib ki, Ermənistan prezidenti S.Sarkisyana uşaqlar adından məktub yazacaq.

Arif Xəlilov onu da qeyd etdi ki, Aylin yeni dərs ilində məktəbdə Zəhraya aid xüsusi guşə düzəltmək üçün indi xüsusi şəkillər toplayır.

Direktordan 7 yaşlı məktəbli qızın bu qədər vətənpərvər olmağının haradan qaynaqlandığını da öyrəndik. Öyrəndik ki, Aylinin atası Səbuhi Rüstəmov əslən Şuşadandır. Hazırda Qusar polis şöbəsinin Şahdağ bölməsinin rəisi olan Səbuhi Rüstəmov ailəsi ilə birgə ürəklərində sağalmaz Şuşa dərdi yaşayır. Şuşa alınanadək bu dərdlə yaşamalı olacaq Rüstəmovlar ailəsinin 7 yaşlı Aylininin bu qədər vətənpərvər olması, qorxmadan döyüş bölgəsinə getmək istəməsi təbiidir və belə yerdə deyiblər: “Ot kökü üstə bitər”.









Administratorla əlaqə

077 611-55-22

[email protected]