Əsas Səhifə / Analitika
Qətlə yetirilən Alxanlı sakinlərinin fotoları ATƏT PA-da - Video
5-07-2017, 16:02
Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması məsələsi ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən 26-cı illik sessiyasında qaldırılıb.
APA-nın məlumatına görə, Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, MM sədrinin müavini Bahar Muradova iclasda çıxış edərək Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı hücumlarının sistemli xarakter daşıdığını bildirib.
B. Muradova qeyd edib ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
“Burada qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə etdiyimiz bir vaxtda ölkəmizdə, torpaqlarımızda qan töküldüyünü düşünməkdən dəhşətə gəlirik. Mən Füzuli rayonundan məcbur köçkünəm. Qoşunların təmas xəttində yaşayan seçicilərim daim təhlükə altındadır. Orada dinc sakinlər yaşayır, qarşı tərəfdə isə erməni silahlı birləşmələri yerləşir”.
Həlak olanları şəxsən tanıdığını qeyd edən B. Muradova iclas iştirakçılarını, eləcə də bütün dünya ictimaiyyətini bu cinayəti qətiyyətlə pisləməyə çağırıb: "Deputatlar dialoqun yollar tapmalı, qan tökülməsinin qarşısının alınmasına öz töhfələrini verməlidirlər".
ATƏT-in PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev də sessiyada çıxış edərək, Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4
də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb.
A. Quliyev bildirib ki, erməni silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib: “Bu, Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.
A. Quliyev bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.
Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XİN-in bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.